Səhiyyə Nazirliyi dərmanlarda istifadə təlimatının Azərbaycan dilində olması haqqında aidiyyəti müəssisələrə xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Analitik Ekspertiza Mərkəzi əhalinin keyfiyyətli, effektiv və səmərəli dərman vasitələri ilə təminatına nail olmaq məqsədi ilə bütün səylərini səfərbər edir, əhalinin dərman vasitələrindən düzgün istifadəsini əşkil etmək üçün bir sıra addımlar atır.
Bu mühüm addımlar sırasında respublikamızın ərazisinə idxal olunan dərman vasitələrinin istifadə təlimatının (içlik vərəqəsi) Azərbaycan dilində olması tələbi də var.
Analitik Ekspertiza Mərkəzi dərman vasitələri ilə davranışın hüquqi və təşkilati əsaslarının müəyyən edilməsi və bu sahədə münasibətlərin tənzimlənməsində Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” 22 dekabr 2006-cı il tarixli, 208-IIIQ nömrəli Qanuna əsaslanır. Həmin qanunda istifadə təlimatının (içlik) Azərbaycan dilində olması zəruriliyi öz əksini tapır.
İstifadə təlimatı istehlakçının dərman vasitəsindən düzgün istifadə etməsi üçün zəruri məlumatları özündə əks etdirən mühüm vasitədir. Həmçinin, istifadə təlimatı dərman vasitələrinin əlavə təsirlərinin izlənilməsi, farmakonəzarətin həyata keçirilməsində əhəmiyyətli rola malikdir.
Bununla yanaşı içlik vərəqəsində dərman vasitəsinin istifadə qaydası, əlavə təsirləri, doza həddinin aşılması zamanı yaranan simptomlar və onların müalicəsi, dərman vasitəsinin saxlanması (temperatur rejimi və dərman vasitəsinin saxlanması üçün tələb olunan şərtlər) qaydaları, yararlılıq müddəti, aptekdən buraxılma şərti (resept əsasında və ya reseptsiz) kimi dərman vasitəsilə düzgün davranış qaydalarını müəyyən edən məlumatlar bildirilir.
Həmçinin Konstitusiyaya görə, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir, vətəndaşların isə Azərbaycan dilində istifadə təlimatları ilə təmin olunmaları onların konstitusion hüquqlarından irəli gəlir. Bu səbəbdən istifadə təlimatlarının əhali üçün anlaşılan və sadə dildə olması zəruridir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Analitik Ekspertiza Mərkəzinin rəhbərliyi və məsul şəxsləri dəfələrlə əlaqədar dövlət qurumlarını, əczaçılıq topdan və pərakəndə satış müəssisələrini, dərman vasitələri istehsalçılarının nümayəndəliklərini, həmçinin əhalini sözügedən sahədə baş verən yeniliklər barədə məlumatlandırıb, onlarla fikir mübadiləsi aparıb, lazımı xəbərdarlıqlar edib. Xəbərdarlıq yalnız təşkil edilmiş iclaslarda şifahi şəkildə deyil, eləcə də Mərkəzin rəsmi saytı və "facebook" səhifəsində də yerləşdirilib. Daha sonra ayrı-ayrılıqda bir çox topdansatış əczaçılıq müəssisəsi və dərman vasitələri istehsalçılarının rəsmi nümayəndəliklərinə göndərilib.
Mərkəzin fəaliyyəti Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Tarif Şurası və digər aidiyyəti dövlət qurumları və özəl təşkilatlarla sıx əlaqəli şəkildə qurulur.
İlhamə ƏBÜLFƏT