21 Oktyabr 2016 22:25
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan BMT-nin İnsan Hüquqları Komitəsinin 118-ci sessiyası çərçivəsində Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktın icrası üzrə 4-cü dövri hesabatını təqdim etdi. Prosesin çətin olacağı, komitə üzvlərinin sərt suallar verəcəyi gözlənilən idi. Xeyli beynəlxalq QHT, Azərbaycan QHT-ləri (o cümlədən biz), erməni QHT-si alternativ hesabatlar təqdim etmişdi. Təəssüf ki, alternativ hesabatlarda dezinformasiya həddən artıq çox idi. Komitə üzvləri elə suallar verirdilər ki, onların fantaziyasına heyrət etmək olardı”.

Teleqraf.com-un məlumatına görə, bunu QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib.

Ancaq S.Məmmədov bildirib ki, onlar da bu məlumatları alternativ hesabatlardan götürmüşdülər: “Məsələn, məhkumlar üzərində tibbi ekspermentlərin aparılması (bunu faşist Almaniyası ölüm düşərgələrində edirdi) ilə bağlı komitə üzvlərinin həyəcanlı sualı və ya qaçqın və məcburi köçkünlərin seçmək və seçilmək hüququnun olmaması. Total işgəncələr və bunu sistem xarakterli olması. Milli azlıqların təqib olunması, erməni azlığının sıxışdırılması. Bakıda qeydiyyatı olmayanların əməyə çıxışının olmaması və sair. Amma ən təəccüblüsü sessiyaya sədrlik edənin sonda nümayəndə heyətinin rəhbərinə (rəsmi nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edib-S.Həmid) müraciət edərək komitə adından xahiş etməsi oldu. Xahiş belə idi; komitə üzvlərində məlumat var ki, alternativ hesabat təqdim edənlər Azərbaycana döndükdən sonra repressiyalara məruz qalacaq. O xahiş elədi ki, alternativ hesabat verənlər təqib olunmasın”.

S.Məmmədov qeyd edib ki, nümayəndə heyətinin rəhbəri bu xahişə dərhal reaksiya verib və təəccübünü bildirib: “Amma belə bir vəziyyət onu göstərir ki, anti-Azərbaycan qüvvələri həddən artıq təşkilatlanıb və ölkədaxili şəbəkələrinin çərçivələri genişlənib. Bu yaxınlarda mən KİV-də Azərbaycanla bağlı 3 kampaniyanın başlaması barədə xəbərdarlıq etmişdim. Bu, elə belə məlumat deyildi. Bununla bağlı Varşavada keçirilən gizli toplantıda qərar verilmişdi. Buyurun, məlum şəbəkə artıq Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü Beynəlxalq Katibliyinə müraciət göndərdi. Bundan əvvəl isə bizdəki koalisiyanı ələ keçirən məlum siyasi təşkilatın himayəsində olan şəxslər belə müraciət göndərmişdi. Ombudsmanın BMT-dəki “A” statusunun ləğvi və onun “B” statusuna keçirliməsi ilə bağlı da mən kampaniya başlanmasının anonsunu vermişdim. Belə müraciəti də BMT İnsan Hüquqları Şurasına bir qrup şəxs imza ataraq göndərib. Adları da bəllidir. Qalır “Açıq hökumət” təşəbbüsü. Bununla bağlı da işlər gedir”.

Qeyd edək ki, sözügedən tədbir oktyabrın 20-21-də Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarın ofisində keçirilib. Sessiyada ölkəmiz Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Nümayəndə heyətində digər bir sıra nazirliklər və Baş Prokurorluq müavin və ya idarə rəisləri səviyyəsində təmsil olunublar.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər