Bakıda Türkiyə Cümhuriyyətinin elan olunmasının 93-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.
Teleqraf.com-un məlumatına görə, Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyənin himnləri səsləndirilib. Himni əməkdar artist Sevda Ələkbərzadə ifa edib.
Daha sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edib. Diplomat bildirib ki, Bakıda rəsmi qəbulda çıxış etmək onun üçün böyük şərəfdir: “Belə möhtəşəm milli bayramımızın azərbaycanlı qardaşlarımızla birlikdə qeyd etmək mənim üçün şərəfdir. Sizlərlə birlikdə olduğum üçün çox xoşbəxtəm”.
Səfir Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın təbrik məktubunu oxuyub. Prezident bildirib ki, 93 ildən sonra Türkiyə regionun ən güclü dövlətlərdən birinə çevrilib. R.T.Ərdoğan mesajında iyulun 15-də baş verən uğursuz dövlət çevrilişi cəhdinə də toxunub: “Bütün vətəndaşlarımız və dostlarımız əmin olsun ki, bu gün Türkiyə iyulun 15-nin səhərindən daha güclü və qərarlı ölkədir. Tükiyənin dövlətçiliyinə, demokratiyasına edilən istənilən cəhd uğursuz olacaq. Hədəflərimizin qarşısına nə terror təşkilatları, nə də onları himayə edən güclər keçə bilər”. İsmarıcda həmçinin Türkiyəyə dəstək verən bütün dostlara təşəkkür çatdırılıb.
Yeni Azərbaycan Partiyasının (YAP) icra-katibi, Baş nazirin müavini Əli Əhmədov Azərbaycan hökuməti və xalqı adından Türkiyə dövlətini və xalqını əlamətdar gün münasibətilə təbrik edib: “Şərəf və qürur hissi ilə Azərbaycan prezidenti, xalqımız və şəxsən öz adımdan Türkiyə xalqını böyük bayram münasibətilə təbrik edirəm. 93 il bundan əvvəl bəşəriyyətin tarixində çox möhtəşəm siyasi möcüzə baş verdi. Parçalanmış, tikə-tikə olmuş bir ölkənin hissələri bir yerə yığılaraq yenidən əzəmətli bir dövlət yaradıldı”.
O, Türkiyə Cümhuriyyatinin yaranmasının türk xalqının qəhrəmanlığının və Mustafa Kamal Atatürkün müdrikliyinin sintezi olduğunu vurğulayı: “Türk xalqı öz tarixinə, keçmişinə sevgisini ifadə edib, böyük gələcək qurmaq üçün hər bir fədakarlığa hazır olduğunu ortaya qoyub. Türkiyə dünya tarixinin möhtəşəm dövlətidir. Bəşəriyyətin tarixini türk dövlətçiliyinin tarixindən kənarda təsəvvür etmək mümkün deyilsə, eynilə bugünki dünyanı əzəmətli Türkiyədən kənarda təsəvvür etmək mümkün deyil”.
Ə.Əhmədov iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişi cəhdinə cəhdinə toxunaraq deyib ki, Türkiyə bu hadisələrdən daha da güclü çıxıb: “Türkiyə zaman-zaman böyük sınaqlarla üz-üzə gəlib, həmişə bu sınaqlardan üzüağ çıxıb. Belə sınaqlardan birini bu yaxınlarda Türkiyə xalqı yaşamalı oldu. Yenə də sevinirik ki, xalq bu sınaqdan da üzüağ çıxdı. İyulun 15-dən 16-na keçən gecə baş verən çevriliş cəhdindən sonra Türkiyə daha güclü və möhkəm, qətiyyətli oldu. İnanıram ki, bu proses davam edəcək, Türkiyə daha qüdrətli dövlət kimi özünü yenidən təsdiq edəcək. Türkiyənin böyük keçmişi, möhtəşəm bu günü var və firavan gələcəyi olacaq”.
Baş nazirin müavini iki ölkə arasındakı əlaqələrdən də danışıb: “Bu əlaqələri ümumilli lider Heydər Əliyevin müəyyən etdiyi “bir bir millət, iki dövlətik” düsturu ilə xarakterizə etmək olar. Harada Azərbaycan varsa, orada Türkiyə var, harada Türkiyə var, orada Azərbaycan var. Harada Türkiyə rəhbərliyi yüksək səviyyəli görüşlərdə iştirak edirsə, orada Türkiyə ilə yanaşı Azərbaycanın mənafeyi ifadə olunur, Qarabağ problemi müzakirə edilir. Harada Azərbaycan rəhbərliyi yüksək səviyyəli görüşlərdə iştirak edirsə, orada Azərbaycanın maraqları ilə yanaşı Türkiyə maraqları qorunur. Bir müddət əvvəl Türkiyə rəhbərliyinin iştirak etmədiyi yüksək səviyyəli görüşdə Türkiyə ilə əlaqədar bir dövlət başçısının dediyi xoşagəlməyən sözlərə cavab olaraq cənab İlham Əliyevin “Türkiyə rəhbərliyi burada yoxdur, unutmayın ki, mən buradayam” deməsi Azəraycan-Türkiyə qardaşlığının ən bariz ifadəsidir. Azərbaycanla Türkiyə xəyalda, ürəkdə, düşüncədə bir olub, bu gün dövlət olaraq bir yerdədirlər. Bu, iki ölkənin gücünün nəticəsidir. Hər birimiz bu qardaşlığı ölkələrimizin gələcəyinin təminatı kimi başa düşürük və ifadə edirik”.
Nərgiz Ehlamqızı
Foto: Elçin Murad