Bu yaxınlarda Səhiyyə Nazirliyinin baş psixiatrı, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli müəyyən insanların psixologiyaya qazanc mənbəyi kimi baxdığını söyləmiş, bir növ həyəcan təbili çalmışdı: “Psixologiya son illər dünyada dəbdə olan istiqamətdədir. Müəyyən insanlar onu kommersiya, pul qazanmaq üçün istifadə edirlər. Əgər insana hansısa səhv dərman verilərsə, onu sonradan müəyyən etmək olur. Ancaq psixoloqun səhvini tutmaq mümkün deyil.
İnsanlar elə bilirlər ki, kiminləsə danışmaq, həyatı barədə sual vermək psixoloji problemin həll edilməsi deməkdir. Xeyr, elə deyil. Psixoloqun təhsili olmalıdır, hansısa digər ixtisası qurtarmaq, 3 aylıq kurs keçəndən sonra psixoloq olmaq, ofis açmaq, 3-5 dəfə televiziyada çıxış edərək özünü reklam etmək psixoloji yardım deyil. Ona görə də psixoloji yardım da dövlət nəzarətində olmalıdır”.
Teleqraf.com məsələnin kommersiya tərəfini araşdırıb.
Psixoloq Dəyanət Rzayev deyir ki, pasiyentlə bir seans 50 dəqiqə və ya 1 saat davam edir: “Hər seansa görə psixoloji narahatlığı olan insanlar 40-50 manat arası pul ödəyirlər. Bir kurs 12 seansdır, həftədə 1 dəfə keçirilir. Mənə daha çox ailə problemləri ilə bağlı müraciət edirlər”.
Psixoloq Vəfa Əkbər deyir ki, pasiyentlərin psixoloq yanına gəlməsinin müddəti yaşadıqları psixoloji problemdən asılıdır: “Bunu pasiyentlə biz təyin edirik”.
Psixoloq psixoloji problemi olan insanlara göstərdiyi xidmətin qiymətini açıqlamadı: “Qiymət məsələsini imicimiz üçün ancaq pasiyentlərə deyirik və məsələni ictimailəşdirmək istəmirik”.
Psixologiya və Konsultasiya Mərkəzindən bildirilər ki, psixoloq Elnur Rüstəmovun xidmətinin bir seansı 40 manatdır: “Psixoloji narahatlığı olan insanın Elnur bəyin qəbuluna neçə dəfə gəlməsi isə ilk seansdan sonra qərar verilir”.
Uşağınızı “Narinc” Psixoloji Mərkəzə aparsanız ilk gün 50 manat pul ödəməlisiz: “İlk dəfə uşağı gətirdikdə loqopeddə müayinədən keçir və həkim baxır. Bunun üçün 25 manat qəbul, 25 da müayinə üçün ödəyirsiz. Əgər uşağınız üçün 55 dəqiqəlik seansdan istifadə etsəniz 25, yarım saat üçün 15 manat ödəyəcəksiniz”.
Mərkəzdən bildirildi ki, bunlardan əlavə uşaqlar üçün endirimli paketlər də olur: “25 manatlıqda 5 seans olur. Paket halda götürsəniz 125 manat yox, 100 manat ödəyirsiniz”.
Psixoloq Orxan Oruc da deyir ki, seansın müddəti müraciət edənin problemindən və psixoloqun istifadə etdiyi metoddan asılı olaraq dəyişir: “ Əsasən ünsiyyət çətinlikləri və bundan yaranan digər problemlərlə bağlı müraciət edirlər. Müraciətçilərin orta yaş həddi 17-35 arasında dəyişir”.
Orxan Oruc da qiymət məsələsini ictimailəşdirmək istəmədi: “Rəsmi olaraq dövlət orqanında çalışıram, kənar mərkəzdə də fəaliyyət göstərirəm, amma bu, qeyri-rəsmi olduğu ictimailəşməsini doğru hesab etmirəm”.
Psixoloq Vəfa Rəşidovanın qəbulu 30 manatdır: “30 manat ödəyib Vəfa xanımın qəbuluna yazılırsız. Konsultasiyadan sonra neçə seans təyin olunduğu barədə məlumat verilir. Endirimli paketlərimiz də olur. Endirimlə 125 manat ödəyib 5 seansa gələ bilərsiniz. Əslində hər seans 30 manatdır”.
İlhamə ƏBÜLFƏT