14 Noyabr 2016 11:06
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz Gömrük İdarəsinin Rusiya ilə sərhəddə yerləşən “Samur” gömrük postunda avtonəqliyyat vasitələrinin sıxlığı tam aradan qaldırılıb.

Bu barədə Teleqraf.com-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Komitə rəhbərliyinin Rusiya Gömrük Xidmətinin rəhbərliyinə rəsmi müraciəti və intensiv danışıqlardan sonra son 3 gündə 475 avtonəqliyyat vasitəsinin sərhədi keçməsi təmin edilib.

Xatırladaq ki, Rusiya istiqamətində yerləşən sərhəd-keçid məntəqəsinin nəqliyyat vasitələrinin buraxılışını təmin etmək potensialının aşağı olması ilə əlaqədar Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda avtonəqliyyat vasitələrinin sıxlığı yaranıb. Problemin operativ şəkildə həll edilməsi məqsədi ilə noyabrın 11-də Dövlət Gömrük Komitəsi rəhbərliyi Rusiya Gömrük Xidmətinin rəhbərliyinə rəsmi müraciət edib, eyni zamanda həmin gün sərhəddə hər iki ölkənin gömrük və sərhəd xidmətlərinin nümayəndələri arasında görüş keçirilib.

Noyabrın 12-də isə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev şəxsən “Samur” gömrük postuna gedərək vəziyyətlə tanış olub. Noyabrın 13-də isə yenidən Azərbaycan-Rusiya sərhədində Xaçmaz Gömrük İdarəsinin rəhbərliyi ilə Rusiya Gömrük Xidmətinin Dağıstan Gömrük İdarəsinin rəhbərliyi arasinda görüş keçirilib.

Görüşdə son günlərdə sərhəddə avtonəqliyyat vasitələrinin sıxlığının yaranmasının səbəbləri və çıxış yolları müzakirə edilib, tərəflər arasında bənzər problemlərə operativ müdaxilə edilməsinə dair protokol imzalanıb.

Onu da qeyd edək ki, bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Rusiya Gömrük Xidməti rəhbərinin müavini Ruslan Davıdov arasında telefon danışığı olub. Tərəflər son günlər Azərbaycan-Rusiya sərhədində mövcud vəziyyəti müzakirə edib və Komitə sədri iki ölkə sərhədində yaranan avtonəqliyyat vasitələrinin sıxlığı ilə bağlı problemin operativ şəkildə həllinə görə Rusiya tərəfinə təşəkkürünü bildirib.

İlhamə ƏBÜLFƏT


Müəllif: