Rusiya prezidenti Vladimir Putin Rusiya və Ermənistanın birgə qoşun qüvvələrinin yaradılması ilə bağlı Ermənistanla əldə edilən sazişin təsdiqlənməsinə dair sərəncam imzalayıb. Teleqraf.com-un məlumatına görə, sənəd bu gün rəsmi hüquq-informasiya internet portalında dərc olunub. Bununla bağlı Rusiya Müdafiə Nazirliyinə və Xarici İşlər Nazirliyinə erməni həmkarları ilə danışıqlar aparmaq tapşırılıb. Müqavilə ilkin mərhələdə 5 il müddətinə imzalanır və tərəflərin razılığı ilə uzadıla bilər.
Sazişə əsasən, Rusiya və Ermənistan Qafqaz regionunda kollektiv təhlükəsizlik üçün birgə qoşun qüvvələri yaradır. Müqavilə Rusiya və Ermənistanın quru sərhədlərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birgə vasitələri və qüvvələri ilə qorunmasını nəzərdə tutur.
Vahid ordu bölmələrinin rəhbəri Ermənistan və Rusiya prezidentləri tərəfindən təyin ediləcək. Dinc şəraitdə bu bölmələr Ermənistan Baş Qərargahına tabe olacaq. Müharibə vəziyyəti yaranacağı halda, qruplaşmalar avtomatik Rusiya Müdafiə Nazirliyi Cənub Hərbi Dairəsinin tabeliyinə keçəcək.
Rusiya prezidentinin imzaladığı sərəncamı Teleqraf.com-a şərh edən hərbi ekspert Azad İsazadə bildirib ki, Rusiyanın hərb tarixinə baxsaq, cənub cinahının əsas istiqamətlərdən biri olduğunu görə bilərik. Onun sözlərinə görə, bu, istər çar Rusiyası, istərsə də sovet dövründə belə olub: “Sovet dövründə ümumiyyətlə hərbi dairələrdən əlavə, ayrıca cənub cinahı var idi. Sözsüz ki, bu istiqamət müasir Rusiya üçün də vacibdir. Burda NATO ölkəsi ilə sərhədi olan Ermənistanı hər ehtimala qarşı gücləndirmək və digər məqsədlər güdülür. Düzdür, bu gün Rusiya Türkiyə münasibətləri istiləşib, amma bir il öncə həddən artıq gərgin idi. Sabah necə olacağını demək olmur. Region ölkələrindən İran da bəzən Rusiya ilə müttəfiqdir, bəzən isə rəqibdir. Əsas odur ki, bu gün Rusiya üçün Cənubi Qafqazda yeganə dayaq nöqtəsi Ermənistandır. Rusiya Cənubi Qafqazı nəzarətdən, maraqları çərçivəsindən buraxmamaq üçün sözsüz ki, Ermənistanı gücləndirməyə çalışacaq. Şübhəsiz ki, bu birləşmənin istifadə olunacağı ölkə kimi Azərbaycan da nəzərdə tutulub. Bu birləşmənin yaradılması abrədə xəbər ilk növbədə Azərbaycan və Gürcüstan üçün təhlükəli bir məlumatdır. Rəsmi birləşmə o deməkdir ki, hansısa döyüşlər və ya hansısa hərbi əməliyatlar vahid mərkəzdən idarə olunacaq. Vahid hazırlıq, vahid texniki təchizatın təmin olunması və sair işlər görüləcək”.
Hərbi birləşmənin Dağlıq Qarabağ məsələsinin həllinə necə təsir göstərəcəyinə gəldikdə A.İsazadə qeyd edib ki, Azərbaycan ordusu günlərin birində hansısa əməliyyat keçirməyə başlasa, bu hərbi birləşmə böyük ehtimalla istifadə olunmayacaq: “Amma qeyri-rəsmi olaraq ermənilər Azərbaycana təzyiq göstərmək üçün bu birləşmədən bir mərkəz, bir baza kimi hər zaman istifadə etməyə çalışacaqlar”.
Bəs, Rusiyanın Ermənistanın Gümrü şəhərində 102 saylı hərbi bazası varkən, yeni hərbi birləşmənin yaradılması nə ilə izah oluna bilər? Bu sualımızı da cavablandıran hərbi ekspertin fikrincə çox güman ki, elə bu bazanın üzərində yeni hərbi birləşmə yaradılacaq: “Yaddan çıxarmayaq ki, 102 saylı bazadan əlavə İrəvanda yerləşən hərbi aerodromda Rusiya təyyarələrinin bazaya oxşar hərbi obyekti var. Hərbi birləşmə yəqin ki, bir neçə hərbi obyekti özündə ehtiva edəcək. O cümlədən bura hərbi hava qüvvələrinin, quru qoşunların bazası daxil olacaq. Yaddan çıxarmayaq ki, Ermənistan sərhədlərini Rusiya hərbçiləri qoruyur. Demək, onlar da bu birləşməyə qoşula bilər. Ermənistan ordusunun nə qədər hərbi hissəsinin bu birləşməyə daxil olacağını isə bilmirik. Faktiki olaraq indiki qruplaşma Gümrüdəki hərbi bazadan bəlkə iki dəfə, bəlkə daha böyük hərbi birləşmə olacaq”.
Bu birləşmənin yaradılması “aprel döyüşləri” ilə bağlı ola bilərmi sualına “yəqin ki, hə” cavabını verən A.İsazadə bildirib ki, “aprel döyüşləri” olmasaydı da, indi biz həmin birləşmənin yaradılmasını müzakirə edəcəkdir: “Bu birləşmənin yaradılmasının “aprel döyüşləri” ilə birbaşa bağlılığı olmasa da, hansısa təsiri var. Nəyə görə birbaşa bağlılığı yoxdur? Çünki “aprel döyüşləri” Rusiyanın maraqlarına qətiyyən zidd əməliyyat deyildi. Həmin vaxt Azərbaycan öz ərazisi daxilində hansısa ərazini təmizləyirdi. Amma ümumiyyətlə, gələcəkdə Azərbaycan daha genişmiqyaslı və Ermənistan sərhədinə daha yaxın ərazidə hərbri əməliyyat keçirə bilər. İstisna etmirəm ki, bunu nəzərə alıb bu birləşmənin yaradılmasını bəlkə bir qədər də tezləşdirsinlər”.
Səxavət HƏMİD