“Mixail Saakaşvilinin xanımı Sandra Rulofsun deputat mandatından imtina etməsi onun fərdi qərarıdır. Müəyyən məsələlər var ki, bu Sakaaşvili ailəsinə aiddir. Ancaq Milli Hərəkat Partiyasının parlamentdə 27 nümayəndəsi var. Milli Hərəkat Partiyasının deputatları mandatdan imtina etməyib və parlamentin ilk toplantısında iştirak edib”.
Bunu Teleqraf.com-a Gürcüstanın müxalif Milli Hərəkat Partiyasından deputat seçilən Azər Süleymanov deyib.
Süleymanov bildirib ki, artıq parlamentdə kimin hansı komitədə təmsil olunacağı müəyyən edilib, partiyalar fraksiyalarını qurublar: “Bundan sonra parlamentdə iştirak edəcəyik. Əlbəttə, çoxları istərdi ki, biz parlamentdən imtina edək. Ancaq iş ondadır ki, parlament tribunası Vahid Milli Hərəkat Partiyası üçün çox önəmlidir. Biz parlamentdən imtina etmək haqqında düşünmürük. Son parlament seçkilərində Milli Hərəkat Partiyasına və onun namizədlərinə 500 min seçiçic səs verib. Bizim seçicilərimiz parlamentdə iştirak etməyimizi, onların fikir və problemlərini ali qanunverici orqandan səsləndirməyimizi istəyirlər. Bu partiyamız üçün də vacibdir”.
Deputat bildirib ki, son parlament seçkilərində sonra Gürcüstanda sakitlik hökm sürür: “Seçkilər yenicə qurtarıb, hər kəs öz işi ilə məşğuldur, siyasi baxımdan fəallıq yoxdur. Artıq soyuq aylar başlayır və hazırda Gürcüstanda qar yağır”.
NEMƏT