3 İyul 2014 18:10

Moskva ətrafındakı Vorobyov dağlarında, “Korston” otelinin birinci mərtəbəsində “Ju-ju” restoran-barı açılıb.

Restoranın baş aşpazı Azərbaycan prezidenti İlham Əliyevə, İspaniya kralına, Ukrayna və Argentina prezidentlərinə də dadlı yeməklər bişirmiş Martin Ropettodur. O, dünya mətbəxinin klassik yeməklərinin əsl ustası hesab olunur.

Bar-restoran sutka boyu işləyir. Restoranla bağlı Rusiya KİV-lərinə yayılan reklam mətnlərində “Ju-ju”nun baş aşpazının digər dövlət və hökumət başçıları ilə yanaşı Azərbaycan prezidenti üçün də yemək bişirdiyi xüsusi vurğulanır.

Qeyd edək ki, Martin Ropetto Argentinanın paytaxtı Buones-Ayresdə anadan olub, anası İspaniya, atası İtaliya vətəndaşıdır.

Buones-Ayres İaşə (Qonaqpərvərlik) Universitetində otel biznesi üzrə təhsil alıb, habelə Nyu-York Universitetində yapon mətbəxi üzrə magistr dərəcəsi əldə edib.

Martin Ropetto karyerası boyu həmişə 5 ulduzlu lüks otellərdə işləyib. Bura Argentinadakı “Hilton”, “İntercontinental” kimi lüks otellər də daxildir. Sonra Braziliya, İspaniya, Kosta-Rika, Ukrayna, Kipr və Azərbaycanda işləyib. Son iş yeri isə Rusiyadır.

Martin Ropetto İspaniya kralı Xuan Karlosun aşpazı olub. Ukraynada Rinat Axmetova məxsus 5 ulduzlu oteldə işləyib.

Martin Ropetto Azərbaycan prezidentinin şef-aşpazlarından biri işləmək nailiyyəti qazanıb. O, həmçinin Kuba inqilabının lideri Fidel Kastro, Argentina prezidenti, ABŞ prezidenti Corc Buş, Ukrayna prezidenti Viktor Yanukoviç və bir çox nazirləri, habelə baş nazirlər üçün bir neçə il ərzində yeməklər hazırlayıb. Martin Ropetto, həmçinin məşhur aktyorlar, müğənnilər, futbolçular üçün də sifarişlə yeməklər bişirib. Bura müğənnilər Madonna, Cenifer Lopes, Fill Kollinz, məşhur futbol adamları Dieqo Maradona, Lionel Messi, Ronaldinyo, Şevçenko, Joze Mourinyo, Pepe, Qvardiola və bir çox başqaları da daxildir.

Martin Ropetto Ukraynada işlədiyi müddətdə milyarder Rinat Axmetovun şəxsi aşpazı olub. Habelə o, Axmetova məxsus “Şaxtyor” (Donetsk) futbol klubunun oyunçuları üçün Çempionlar Liqası oyunlarında yemək bişirib. Hazırda o, “Korston Hotels & Malls” şəbəkəsinə daxil olan otelin baş aşpazıdır.

/virtualaz.org/


Müəllif:
Загрузка...