22 Noyabr 2016 18:01
6 711
12 Punto 14 Punto 16 Punto 18 Punto


Bəlkə də 10 il öncə Azərbaycanda müəllim-tələbə ünsiyyətinin sərbəst olduğu, geniş və işıqlı auditoriyaları ilə diqqət çəkən ali təhsil ocağının fəaliyyət göstərəcəyini kimsə təsəvvürünə gətirməzdi. Lakin ölkəmizdə belə bir universitet açıldı və qısa müddətə adından dünyada söz etdirməyi bacardı.

Müasir dövrdə təhsil çox əhəmiyyətlidir, yaxşı təhsil almaq isə böyük xoşbəxtlikdir.

Şərait və təhsil səviyyəsinə görə dünyaca məşhur universitetlərdən heç də geri qalmayan “ADA” Universiteti çox maraqlı layihə reallaşdırır – “ADA-da BİR GÜN”. Kim bu cür müasir təhsil kompleksinin imkanlarından bir gün də olsa istifadə etmək istəməz ki? Başqa universitetlərdə oxuyan tələbə və ya sabahın tələbəsi olacaq şagirdlərdən kim bir günlük ADA-nın tələbə həyatına atılmaq şansından yararlanmaz? Maraqlı mühazirə dinləmək, zəngin kitabxanadan istifadə etmək, dadlı və ucuz tələbə bufetində qəlyanaltı etmək, yaşıl kampusda gəzmək istəyənlər diqqətli olsun: belə şansı əldən buraxmaq olmaz!

Öz qapılarını qonaqlarının üzünə açıq elan edən “ADA-da BİR GÜN” layihəsi çərçivəsində biz də bu qabaqcıl ali məktəbə üz tutduq. 2006-cı ildə yaradılan və 2014-cü ildə universitet statusu alan ADA-da 4 fakültə var. Universitetdə diplomatiya və beynəlxalq münasibətlər, ictimai siyasət, biznesin idaredilməsi, iqtisadi elmlər, informasiya texnologiyaları və mühəndislik üzrə mütəxəssislər hazırlayırlar.

Bu universiteti ingilis dilində və müasir təhsil kompleksində ali təhsil almaq istəyənlər, uşaqlıqdan Avropa və Amerika ali məktəbləri arzuları ilə yaşayanlar seçir. “ADA”-nı seçənlər arasında Azərbaycan Prezidentinin oğlu Heydər İlham oğlu Əliyev də var. O, hazırda universitetin 3-cü kurs tələbəsidir.

“İstəyirik ki, hamı “ADA”-nın tələbə həyatının fərqini görsün”

Əvvəlcə, “ADA-da bir gün” layihəsi haqqında.

Universitetin tələbə qəbulu şöbəsinin əməkdaşı Tuncay Musazadə dedi ki, layihənin əsas məqsədi ictimaiyyəti, əsasən də, perspektiv tələbələri “ADA” Universiteti ilə yaxından tanış etmək - buradakı qaynayan tələbə həyatının, dərs prosesinin fərqini və müəllimlərin tədrisə fərqli yanaşmasını göstərməkdir: “Layihəmiz noyabrın sonuna qədər davam edir. Universitetə gələnlər bizimlə xoş təəssüratlarını bölüşürlər. Gələcəkdə onları “ADA” tələbəsi adını qazananlar arasında görəcəyimizə ümid edirik. Hədəfimiz ölkənin bütün bölgələrindən ən savadlı gəncləri buraya cəlb etməkdir”.

Tuncay Musazadə bildirdi ki, “ADA”nı bitirən məzunların işlə təmin olunması üçün Universitetin Karyera Mərkəzi hələ onlar aşağı kurslarda olarkən səy göstərir: “Tələbəlik illərində keçdikləri staj təcrübəsi, bir çox şirkətlərlə yaratdıqları əlaqələr məzun olana qədər onlara karyera seçimində qərar verməyə kömək edir - mövcud vakansiyalar barədə məlumatlı olur, iş yerlərinə necə müraciət etməyi, özlərini ən yaxşı tərəfdən necə təmsil edəcəklərini bilirlər. Təəcüblü deyil ki, universitetin məzunları arasında məşğulluq göstəricisi 87 faizdir”.

“ADA”-da bir gün keçirənlər arasında Bakı Dövlət Universitetinin tələbəsi Eltun Abuzərov və Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Leyli Yusifli də var. Onlara gün ərzində “ADA” tələbələrindən biri - sonuncu kurs bakalavr Sadiq Əhmədov bələdçilik etdi.

Jainabah Kah tələbələrilə ictimai idarəetmə mövzusunu müzakirə edir

Biz universitetə gələnədək qonaqlar artıq “ADA”-nın kampusu, kitabxanası, bufeti ilə tanış olmuş, bir neçə dərsdə iştirak etmişdilər, bizimlə birlikdə Jainabah Kahin “İctimai münasibətlərə giriş” dərsinə də qatıldılar.

“ADA”-da semestr ərzində tələbə dərslərdə aktiv iştirak etməklə özünə bal toplayır, qrup və fərdi tapşırıqlarda seçilir, sonda topladığı balla imtahana qatılır. Bu səbəbdən tələbələr xanım Jainabahın dərsində aktiv müzakirəyə qoşulur, müəllimlə birlikdə suallara cavab tapmağa, demokratik institutların fəaliyyəti barədə hər biri öz fikirlərini bölüşməyə çalışırdı. Ənənəvi universitetlərdən fərqli olaraq “ADA”-da müəllim mühazirəni dəftərə yazdırmır, tələbə müəllimlə bilavasitə ünsiyyətə can atır.

Müəllim dialoq formatına üstünlük verir, mövzu barədə tələbələri düşündürür, təfəkkür qabiliyyətini yoxlayır, tələbənin düzgün nəticəyə gəlməsinə şərait yaradır, cavabı birbaşa demir, onu dinləyir və fərqli yanaşmaları müqayisə edir. Aktiv dərs metodundan istifadə edən müəllim tələbənin diqqətinin yayınmasına imkan vermir, tələbəyə öz mövqeyini əsaslandırmağa şərait yaratmaqla düşünən gənc nəslin formalaşmasına çalışır.

Müəllimlər jurnal yoxlamır, qaib qorxusu yoxdur

Bəlkə də adət etdiyimiz dərslərdən fərqli görünə bilər, amma burada müəllimlər sinfə daxil olan kimi jurnalı yoxlamır, tələbə zəruri hesab edəndə auditoriyadan çıxa və daxil ola bilər.

“ADA”-da tələbələr dərsə qaib qorxusuna görə qatılmırlar. Onlar mühazirənin sonunu gözləmədən müəllimə sual ünvanlaya bilərlər. Müəllimlər mühazirələrinin darıxdırıcı olmadığına əmindirlər. Bu universitetdə hesab edirlər ki, tələbə hansısa müəllimin mühazirəsini özü üçün faydasız sayırsa, auditoriyada iştirakı da mənasızdır. Dərsdə iştirakın gələcək karyerası üçün zəruri olduğunu o özü anlayır. Dərslərdə iştirak azadlığına rəğmən, biz daxil olduğumuz auditoriyaların tam dolduğunun şahidi olduq. Burada tələbələri dəhlizlərə səsləyən zənglər də çalınmır.

“Ümid edirəm ki, bura bir günlük yox, magistrant kimi qayıdacağam”

Sinif otağını tərk edib “ADA” qonaqlarından ilk təəssüratlarını öyrəndik.

Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi Elton Abuzərov əvvəlcə layihə haqda sosial şəbəkədən xəbər tutduğunu söylədi: “ADA” Universitetini yaxından tanımaq mənim üçün maraqlı idi. Magistr təhsilimi bu ali məktəbdə almaq istəyirəm. Digər universitetlərlə müqayisədə çox fərqlidir, ən azı şəraiti yaxşıdır. Auditoriyalar geniş, işıqlı və rahatdır, müəllimlərlə tələbələr arasındakı münasibət və ünsiyyət məni cəlb etdi. Ümid edirəm ki, bura bir günlük deyil, magistr tələbəsi kimi qayıdacağam”.

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Leyli Yusifli saat 10:00-dan “ADA”-ya gəldiyini və bu ali məktəbi çox bəyəndiyini dedi: “Saat 10:30-da fransız dili dərsində iştirak elədim, müəllim fransız idi, dərsdəki aktivlik, sərbəstlik adamı cəlb edir. Magistratura təhsilimi “ADA”-da oxumaq barədə fikirləşirəm, təhsil haqqının məbləğinə görə tam qərar verməmişəm. Tələbələr dil seçimini, karyera üçün vacib olan fənləri özləri seçir, semestr ərzində istədiyi qədər fənn götürə bilərlər. Mən təhsil aldığım universitetdə isə dərslər qruplar üzrədir, fənlər universitet rəhbərliyi tərəfindən seçilir. Universitetin hər yerini gəzdim, kitabxana daha çox diqqətimi çəkdi, çox genişdir”.

Qız Qalasına bənzəyən 4 mərtəbəli möhtəşəm kitabxana

Leyli ilə birlikdə daha yaxından tanış olmaq üçün Qız Qalasına bənzəyən kitabxanaya getdik. Kitabxananın direktoru Elçin Məmmədov bildirdi ki, hazırda universitetin 2500 nəfərlik tələbə və müəllim icması onları daim məşğul saxlayır: “Son 20 ildə informasiya texnologiyalarının tətbiqi aktuallaşıb. Biz də maksimum dərəcədə qlobal təcrübəni, müasir kitabxana texnologiyaları standartlarını tətbiq etməyə çalışırıq. Kitabxana istifadəçiləri kitabxanaya gəlmədən də istənilən məkandan resurslarımıza daxil ola bilər”.

Onun sözlərinə görə, kitabxanada 45 minə yaxın fiziki nəşr, yarım milyona yaxın isə elektron kitab var. Dərsliklərin 95 faizi ingilis dilindədir: “Kitabxana baxımından bir çox standartları ilk olaraq “ADA” tətbiq edib. Kitabxana resurslarının istifadəsinin rahatlığı üçün müasir təsnifat və predmetləşdirmə sistemi istifadə olunur.

“ADA” kitabxanası Azərbaycan kitabxana işində yeni konsepsiyadır, sovet dövründən sonra sanki bir inqilabdır. Hərdən deyirlər ki, texnika yaranandan bəri kitab dövrü gedib. Əslində isə kitab sadəcə fiziki formadan elektron formaya keçib. “ADA” kitabxanası tək öz tələbə və müəllimləri deyil, digər universitetlərin magistr və doktorantları, tədqiqatçılarına da açıqdır. Rektorumuz Hafiz Paşayev çıxışlarından birində qeyd edib ki, kitabxana hər bir universitetin ürəyidir və onun qapıları elmlə maraqlanan hər adama açıq olmalıdır”.

“ADA”-nın tədris mərkəzinin demək olar ki, hər küncündə əllərində çay və qəhvə divanda əyləşib kitab oxuyan tələbələr diqqətimizi çəkdi. “ADA” hesab edir ki, universitet maksimal şəkildə rahat olmalıdır - tələbə onun divarları arasında sıxılmasın, özünə aid bir məkandakı kimi boş vaxtını da elə universitetdə keçirsin.

“ADA”-da tələbə həyatını bir günlük olsa da, hiss etmək və yaşamaq istəyirsinizə, gec olmadan 30 noyabradək [email protected] ünvanına sorğu göndərin.

Nərgiz Ehlamqızı
Foto: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər