“Noyabrın 15-dən “Azəristiliktəchizat”ın bütün qazanxanaları və məntəqələri normal rejimdə işləyir”.
Bu sözləri “Azəristiliktəchizat” ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev Teleqraf.com-a açıqlama deyib.
Rafiq Əliyev bildirib ki, istilik təchizatında problemi olan mənzil sahibləri quruma müraciət edə bilərlər: “Kimin problemi varsa, müraciət etsin, araşdıraq. Qəsəbənin, rayonun, binanın adını çəksinlər, ünvan göstərsinlər ki, orda istilik yoxdur. Ola bilər, mənzilin iki otağından birinə istilik gəlir, birinə gəlmir. Yaxud binanın blokunun bir tərəfində istilik olur, digərində yox. Bunlar lokal problemdir. Bu məsələni yerində araşdırmaq lazımdır”.
Rafiq Əliyev bildirib ki, “Azəristiliktəchizat” ASC çoxmənzilli yaşayış binalarını, məktəbləri, uşaq bağçalarını, səhiyyə müəssisələrini, digər sosial obyektləri, eyni zamanda binaların birinci mərtəbəsində olan obyektləri istiliklə təmin edir. Hazırda 3700 yaşayış binası istiliklə təmin olunur.
“Azəristiliktəchizat” ASC rəsmisi istilik sistemində ödənişlərin qaldırılması ehtimalından da danışıb.
Rafiq Əliyevin sözlərinə görə, isti suyun dövlət tərəfindən tənzimlənən xidmətlər siyahısından çıxarılması qiymətinin yenidən formalaşdırmasına imkan verəcək: “Əslində istilik enerjisinin yox, isti suyun tarifləri tənzimləmələrdən çıxarılıb. Bu o demək deyil ki, tənzimləmədən çıxan kimi qiymət qalxacaq və ya aşağı düşəcək. Yanvar ayının 1-dən tariflər tənzimləmədən çıxacaq”.
Rafiq Əliyev deyir ki, isti suyun qiyməti ilə bağlı hər hansı dəyişiklik olsa, əhaliyə məlumat veriləcək.
İlhamə ƏBÜLFƏT