“Süni mayalanma ilə doğulan uşaqların sağlamlıq problemləri və onlarla olan risk faktorları digər uşaqlara baxdıqda daha yüksək olur”.
Teleqraf.com xəbər verir ki, bunu respublikanın baş pediatrı Nəsib Quliyev K.Fərəcova adına Elmi-tədqiqat Pediatriya İnstitutunda "Uşaqların icbari dispanzerizasiyadan keçirilməsinə dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş tədbirdə deyib.
Baş pediatrın sözlərinə görə, süni mayalanma gerçəkləşdirən bəzi mütəxəssislər özünü sığortalamaq üçün bir neçə mayalanmış yumurtanı uşaqlığın selikli qişasına implantasiya edir: “Mütəxəssis hamiləliyin baştutma reallığının yüksək olması və aldığı pulu sonradan geri qaytarmaq məcburiyyətində olmasın deyə bunu edir. Ancaq süni mayalanma ilə uşaqlar doğularkən mayalanmanı həyata keçirən mütəxəssis mütləq şəkildə nəzərə almalıdır ki, uşaqların sayı bir və ya iki (əkiz) olmalıdır. Bundan çox olmaz”.
Nəsib Quliyev son illər Azərbaycanda süni mayalanma hallarının sayında artım olduğunu qeyd edib: “Bəzən elə hallar olur ki, bir qadına qoyulmuş bütün yumurtalar inkişaf etməyə başlayır və çoxdöllü hamiləlik yaşanır. Bəzən isə yumurta bətn daxilində olarkən mütəxəssislər müəyyən metodlar vasitəsilə mayalanmış yumurtanın bir qismini reduksiya edə bilir. Lakin bunu da etmirlər”.
Çoxdöllü hamiləliyin həm ana, həm də uşaq üçün böyük risk faktoru olduğunu vurğulayan baş pediatr bildirib ki, əslində çoxdöllü hamiləlik ən yuxarı (üçüncü) səviyyəli doğuşayardım müəssisəsində həll olunmalıdır: “ Çünki bu çox risklidir. Uşaq həkimləri olaraq süni mayalanma zamanı hamiləliyin ya tək, ya da əkiz olmasının tərəfdarıyıq.
Əgər ana süni mayalanma zamanı beşəm dünyaya gətirəcəksə, burada ilk gündən risk faktoru meydana çıxır. Və hamiləliyin ilk həftəsində döllənmiş embrionların hamısı inkişaf etməyə başlayan andan mütləq tədbir görülməlidir. Bunu etmədikdə nəticə ürəkaçan olmur”.
İlhamə ƏBÜLFƏT