Hazırkı tarif mexanizmi aztəminatlı ailələr və əhalinin əksəriyyəti üçün əvvəlki tarifin dəyişməzliyini təmin edir.
Teleqraf.com-un məlumatına görə, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının təbii qazla bağlı yeni tarif tənzimlənməsi barədə qərarını şərh edərkən deyib.
O bildirib ki, son illər aparılan qazlaşdırma işləri nəticəsində Azərbaycanda təbii qaz abonentlərinin sayı üç dəfəyə yaxın artaraq təqribən 2 milyon nəfərə çatıb. Cari ilə qədər qüvvədə olan tariflərə əsasən, ölkə daxilində təbii qazdan əldə edilən mənfəət ən aşağı səviyyədə müəyyən edilib:
“2016-ci il ərzində “Azəriqaz” İB ciddi itkilərə məruz qalıb, istehsalat və paylayıcı şəbəkə üzrə xərclərin artması nəticəsində maliyyə çatışmazlıqları ilə üzləşib. Bu vəziyyətin əsas səbəblərindən biri də budur ki, ölkədə satılan təbii qazın müəyyən hissəsi hasilatın pay bölgüsü sazişlərinə əsasən əməliyyat şirkətlərindən ABŞ dolları ilə satın alınır və sabit tarif əsasında Azərbaycan manatı ifadəsi ilə istehlakçılara satılırdı.
Bu itkilər abonentlərə daha keyfiyyətli xidmətlərin təklif olunması üçün planlaşdırılan yenidənqurma, təmir-bərpa və sair kimi işlərin davamlılığını və bütövlüklə “Azəriqaz” İB-nin davamlı fəaliyyətini mümkünsüz edirdi. Bu səbəbdən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının təbii qaz tariflərinə yenidən baxılmasına zərurət yaranmışdı”.
İbrahim Kərbalayev vurğulayıb ki, Tarif (qiymət) Şurasının qərarı ilə bu dəfə diferensial (şaxələndirilmiş) tarif mexanizminin tətbiq edilməsi və bunun nəticəsində məhz əhali üçün daha münasib tarifin tətbiq edilməsini özü-özlüyündə təqdirəlayiqdir.
Hazırkı tarif mexanizmi aztəminatlı ailələr və əhalinin əksəriyyəti üçün əvvəlki tarifin dəyişməzliyini təmin edir: “Ümid edirik ki, diferensial mexanizm bununla yanaşı daha qənaətli istehlak rejiminə sövq etməklə, istehlak mədəniyyətində səmərəlilik və təhlükəsizliyin artmasına, habelə ətraf mühitin qorunmasına töhfə verəcək” ("Azərtac").
“Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev “APA-Economics”ə daha bir açıqlama verib.
Onun sözlərinə görə, Azərbaycanda il ərzində əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılara mavi yanacağın bir kubmetri əvvəl olduğu kimi 10 qəpikdən hesablanacaq.
2017-ci ilin yanvarın 1-dən etibarən il ərzində təbii qaza görə, illik istehlak həcmi 1500 kubmetrdən çox olan abonentlər üçün müəyyən olunmuş limitdən sonrakı sərfiyyat 20 qəpikdən hesablanacaq: “Ümumiyyətlə, burada hər hansı bir problem yoxdur. Gələn ildən 1500 kubmetrdən artıq istifadə edən abonent üçün 1500 kubmetr əvvəlki tariflə hesablanacaq. 1500 kubmetrdən artıq olan qazın hər bir kubmetri 20 qəpikdən hesablanacaq. Smart kart tipli sayğaclarda hesablanma eyni qaydada olacaq. 1500 kubmetrədək qazın dəyəri 10 qəpikdən hesablanacaq. 1500 kubmetrdən artıq hissə isə 20 qəpikdən hesablanacaq ”.
Sadə dildə desək, əhali üzrə hər bir abonent üçün illik 1500 kubmetr sərfiyyat müəyyənləşdirilib. Əgər abonent 1 il ərzində 1500 kubmetr qaz istehlak edəcəksə, o bu halda qazın hər kubmetrini əvvəlki qaydada 10 qəpiklə ödəyəcək. Başqa sözlə, il ərzində 1500 kubmetr qaz istehlakına görə abonent 150 manat ödəniş edəcək. Amma illik qaz sərfiyyatı 1500 kubmetrdən çox olan abonent bu göstəricidən artıq istehlak etdiyi hər kubmetr qaza görə 20 qəpik ödəməli olacaq. Məsələn, illik qaz istehlakı 2000 kubmetr olan abonent 1500 kubmetri 10 qəpiklə ödəyəcək. Yerdə qalan 500 kubmetrə görə ödəniş hər kubmetrə görə 20 qəpikdən hesablanacaq. Yəni, ümumilikdə, limitdən əlavə istifadə olunmuş 500 kubmetr qaz üçün 100 manat ödəməli olacaq. Beləliklə, il ərzində 2000 kubmetr qaz istehlak edən abonent 250 manatından keçməli olacaq.
İbrahim Kərbəlayev əlavə edib ki, qaz sistemi yeni tariflərə uyğunlaşdırılacaq: “Bizdə hər bir abonentin bazası var. Onların istehlak etdiyi və ödənişləri ilə bağlı məlumat mövcuddur. Abonentlər istər “Azəriqaz” İB istərsə də, abonentin yaşadığı ərazi üzrə xidmət sahəsindən, satış şöbəsindən bu məlumatları əldə edə bilər. Burada heç bir problem yoxdur. Mexaniki sayğacların üzərində göstəricilər var. Abonent mexaniki göstərici vasitəsi ilə ödəyəcəyi məbləği hesablaya biləcək. Smart kart tipli sayğaclarda isə elektron tablo vasitəsi ilə abonent qaz sərfiyyatı barədə göstəriciləri izləyə biləcək”.