.
Son günlər bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə "Sınıq Körpü" gömrük postunda çəkilən video yayımlanıb və kadrlarda baş verənlər gömrük əməkdaşının qadına qarşı kobud rəftarı kimi qələmə verilib.
Dövlət Gömrük Komitəsi bildirir ki, video oktyabrın 21-də Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda lentə alınıb və kadrlarda kobud rəftara məruz qaldığı iddia olunan qadın Qazax rayon sakini, 57 yaşlı İsmayılova Sona Qayvalı qızıdır. Sona İsmayılova həmin gün "Sınıq Körpü" gömrük postunun idxal
nəzarəti zonasında gömrük- keçid məntəqəsinin keçid qaydalarını, keçid məntəqəsinin iş rejimini kobud şəkildə pozaraq gömrük nəzarəti zonasından kənar ərazidən keçməyə cəhd göstərib və bununla da bir müddət piyadaların keçidini təmin etmək mümkün olmayıb. Gün ərzində dəfələrlə Gürcüstana səyahət edən, ölkə ərazisinə qanunsuz yolla siqaret və uşaq bezləri gətirməklə məşğul olan Sona İsmayılova həmin gündə öz ənənəsinə sadiq qalaraq qanunvericiliklə müəyyən edilən miqdardan artıq siqaret və uşaq bezlərini də gömrük sərhədindən keçirməyə çalışıb. Gömrükçülər tərəfindən ona qanunvericiliyin tələbləri dəfələrlə izah edilərək qanuna əməl etməsi tələb olunsa da S. İsmayılova gömrük əməkdaşlarının qanuni tələblərinə və göstərişlərinə məhəl qoymayıb, xidmətdə olan gömrük əməkdaşını ağır ifadələrlə təhqir edib, ona qarşı fiziki güc tətbiq etmək yolu ilə öz istəyini reallaşdırmağa çalışıb. Buna baxmayaraq gömrük əməkdaşları soyuqqanlılığını itirməyərək vətəndaşı ərazidən uzaqlaşdırıb, qanunvericiliyin tələblərinin yerinə yetirilməsini təmin edib və bu barədə yerli polis orqanlarına da müraciət olunub.
Təəssüf doğuran hal odur ki, yayımlanan videoda qadının gömrük əməkdaşı tərəfindən qadağan olunan zonadan uzaqlaşdırılması anı öz əksini tapsa da, onun gömrük əməkdaşlarını təhqir edərək onlara qarşı fiziki güc tətbiq etmək cəhdinin əks olunduğu hissələr qeyd olunmayıb. Bu da videonun qərəzli şəkildə çəkildiyini və eyni məqsədlə yayımlandığını sübut edir.
Qeyd edək ki, S. İsmayılova dəfələrlə gömrük-keçid məntəqəsində bu tipli qanunsuzluqlara yol verib və hüquq mühafizə orqanları tərəfindən bir neçə dəfə inzibati qaydada tənbeh olunub.
Onu da xatırladaq ki, Gömrük Məcəlləsinin 78-ci maddəsinə uyğun olaraq gömrük orqanlarının vəzifəli şəxsləri gömrük hüquqpozmalarının qarşısını almaq, onları törətmiş şəxsləri tutub saxlamaq, müqaviməti dəf etmək, qanuni sərəncamlara və ya tələblərə tabe olmamaq hallarını aradan qaldırmaq, həmçinin gömrük nəzarəti altında olan binaya, əraziyə daxil olmaqla, mallara və nəqliyyat vasitələrinə yaxın düşməyə mane olmaq, eləcə də həmin vəzifəli şəxsə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə mane olan digər hərəkətlərin qarşısını almaq məqsədi ilə bu vəzifələrin yerinə yetirilməsini başqa üsullarla təmin etmək mümkün olmadıqda, fiziki qüvvə tətbiq etmək hüququna malikdirlər.
Eyni zamanda, Gömrük Məcəlləsinin 55.5 maddəsində qeyd olunur ki, gömrük orqanlarının vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən hədə-qorxu gəlinməsi, onlara müqavimət göstərilməsi, bununla əlaqədar həyatına, sağlamlığına və əmlakına zorakılıq və ya qəsd edilməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
Dövlət Gömrük Komitəsi media nümayəndələrinə və vətəndaşlara anoloji halların şahidi olduqda bu barədə ilk növbədə aidiyyati qurumlara məlumat verməyi və bu məlumatları qarşı tərəfin rəyi olmadan ictimailəşdirməməyi tövsiyə edir.
Təqdim etdiyimiz videolarda mütəmadi olaraq Gürcüstan Respublikasına gedib- gələn və əksəriyyətini qadınların təşkil etdiyi şəxslərin “Sınıq Körpü" gömrük keçid-məntəqəsində törətdiyi qanunazidd hərəkətləri aydın müşahidə etmək mümkündür.
.