2016-cı ilin 11 ayı ərzində Azərbaycanda 464 nəfərdə İİV-ə yeni yoluxma faktı təsdiqlənib. Onlardan 450-si (97,0%) Azərbaycan vətəndaşı, 14 nəfəri (3,0%) isə əcnəbidir.
Teleqraf.com xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov 1 dekabr Ümümdünya QİÇS-lə mübarizə günü ilə bağlı keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, qeydiyyata alınmış 450 Azərbaycan vətəndaşından 287-si (63,8%) kişi, 163-ü (36,2%) qadındır. Ümumilikdə 2016-ci ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5107 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır.
Onlardan 72,4%-i (3695) kişi, 27,6%-i (1412) qadındır. QİÇS mərhələsində olanlar 1373 nəfər təşkil edir. İİV-infeksiyasından dünyasını dəyişmiş insanların sayı 794 nəfər olub. İİV-lə yaşayan insanlardan 46,3%-da İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 42,7%-da heteroseksual, 1,9%-da isə homoseksual kontakt nəticəsində, 1,8%-da anadan uşağa keçməklə baş verib.
7,3%-də yoluxma yolu müəyyən edilməyib.
2016-cı ilin iyun ayının sonuna dünyada İİV-lə yaşayan insanların sayı 36,7 milyon nəfər təşkil edib ki, onlardan da 2,1 mln. nəfəri son 1 ildə yoluxanlardır. İİV-lə yaşayan insanların 34,9 milyonu yaşlı, 1,8 milyonu 15 yaşından kiçik olan şəxslərdir.
Natiq Zülfüqarovun sözlərinə görə, İİV/QİÇS problemi Azərbaycandanda da aktual problem olaraq Səhiyyə Nazirliyinin diqqət və nəzarətindədir: "Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV-ə yoluxma halları əsasən yüksək riskli əhali qrupuna aid olan inyeksion-narkotik istifadəçiləri arasında baş verir. Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir.
Ailə məcəlləsinə dəyişikliklərlə əlaqədar nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində 114315 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 90 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib".
İlhamə ƏBÜLFƏT