Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi çimərlik mövsümünə start verildiyini nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti ilə birgə Bakı şəhəri və Abşeron yarımadasında yerləşən çimərliklərdə reydlərə başlayıb.
Nazirliyin mətbuat xidmətindən verilən əmlumata görə, yoxlamalar zamanı əsasən əhalinin sağlamlığı üçün ciddi təhlükələr törədən, əhali arasında yoluxucu xəstəliklərin yayılması, ətraf mühitə qanunsuz istehsalat və məişət tullantılarının atılması hallarının aşkar edilməsi barədə araşdırmalar aparılıb. Eləcə də belə halların necə qarşısının alınması ilə bağlı çimərliklərdə müşahidələr edilib. Reydlər zamanı çimərliklərdə istirahət edən şəxslərin təhlükəsizliyinin təmin edilməsi, onların həyat və sağlamlıqlarının qorunması üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.
Xəzər rayonu ərazisindəki çimərliklərdə aparılan yoxlamalar nəticəsində müəyyən olunub ki, sənaye və məişət tullantılarının daşınması qaydaları pozulub, tullantılar yandırılarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməyib. Aşkar edilən faktlarla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokollar tərtib edilərək aidiyyəti şəxslər cərimə olunublar.
Bundan əlavə Binəqədi rayonu ərazisində fəaliyyət göstərən çimərliklərdə çirkab suların axıdılması, daşınması ilə bağlı aktlar, protokollar tərtib edilərək müvafiq tədbirlər görülüb. Reydlər zamanı Qaradağ rayonu ərazisindəki çimərliklərdə də bu kimi neqativ hallar və qanun pozuntuları aşkarlanıb.
Məişət tullantılarının əraziyə atılması və antisanitariya şəraitinin yaradılması halları müəyyən edilərək obyekt sahibləri, həmçinin aidiyyəti şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada ölçü götürülüb.
Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin Ekologiya Nazirliyi ilə birgə təşkil etdiyi reydlər və müvafiq tədbirlər davam etdirilir.
/ans press/