7 İyul 2014 15:15
1 370

Zahid Qaralov: “Şevardnadze ilə həmin tədbirdə tanış olmuşdum”

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov 80 illik yubileyi ərəfəsində partiyanın saytına müsahibə verib. Teleqraf.com kiçik ixtisarla müsahibəni təqdim edir.

- Zahid müəllim, 80 yaşınız tamam olur. Bu münasibətlə Sizi təbrik edirik. 80 illik yubileyinizi hansı əhval-ruhiyyədə qarşılayırsınız?
- Səksən il hər gün, hər saat fəaliyyətdə olub bu yaşa çatmaq insan üçün böyük şərəfdir. Mənim həyatım son dərəcə sadə olub. 1934-cü il iyulun 10-da Gürcüstanın Başkeçid rayonunun (indiki Dmanisi) Ormeşən kəndində çoxuşaqlı ailədə dünyaya gəlmişəm. 1937-də atamı həbs etdilər, o, Türkiyədə ruhani təhsili almışdı. Evimizdə Nizaminin və digər ədəbiyyat adamlarının ərəb əlifbasında olan əsərləri var idi. O zamankı hökumət isə bunları “Quran” hesab edib evimizdən aparmışdı. Atamla yanaşı, kəndimizdə 9 nəfər sayılıb-seçilən azərbaycanlını da həbs etdilər. Yəni bununla demək istəyirəm ki, bizim ailə ağır şəraitdə yaşayıb. Mən də bu şəraitdə yaşayıb böyümüşəm, işləmişəm.

Daha sonra İkinci Dünya müharibəsinə görə kəndimizdə məktəb bağlandı, biz hər gün 7 kilometr uzaqda yerləşən Qızılkənd məktəbinə gedib-gəlirdik. Həm də o kəndin yolu meşənin içi ilə, eniş-yoxuşlu idi. Dərslərimiz ikinci növbə olanda isə hətta elə olurdu ki, qaranlıqda məktəbə gedib-gəlirdik. Belə bir şəraitdə orta məktəbi bitirmişəm. Sinifdən sinifə keçirildiyim üçün 16 yaşında məktəbi bitirdim. Bunun özü də bir zəhmətdi. Orta məktəbi oxuya-oxuya kotanla əkin əkirdik. Amma buna baxmayaraq, oxumağa çox meyilli olmuşam. Orta məktəbi bitirdikdən sonra 1952-ci ildə Bakıya gəldim və Dövlət Pedaqoji İnstitutuna qəbul olundum. 1956-cı ildə institutu bitirdikdən sonra təyinatımı Gürcüstana, bitirdiyim məktəbə verdilər. Hələ dərslər başlamamış tanışlıq üçün məktəbə gəldim, direktorla görüşdüm. Sonra məni rayon partiya komitəsinə çağırdılar. O vaxt Başkeçid rayonunun birinci katibi Sosialist Əməyi Qəhrəmanı Mahmud Quliyev idi. O, çox güclü şəxsiyyət idi. Mahmud Quliyevlə Gürcüstanın birinci katibi Vasili Javanadze yaxın dost idilər. Javanadze də SSRİ-nin rəhbəri Nikita Xruşşovla bacanaq idi. Beləliklə, M.Quliyevin N.Xruşşova birbaşa çıxışı var idi. Görüşümüz zamanı M.Quliyev partiyanın Siyasi Bürosunun qərarını mənə çatdırdı. Həmin qərara əsasən, iki illik təhsili olanlar məktəb direktoru ola bilməzdi, məktəb direktorları yalnız ali təhsillilər olmalı idi. Birinci katib dedi ki, səni məktəb direktoru göndərəcəyik. Məsləhət oldu ki, elə öz məktəbimizdə direktor işləyim. Beləliklə, gedib həmin məktəbdə işləməyə başladım, yay mövsümlərində isə müəllimlərdən briqada təşkil edib kənddə, sonra da Şindi dağına ot biçməyə gedirdik. Çünki kolxoz-sovxoz dövrü idi. Biz bu sahədə də özümüzü göstərməli idik. Fəaliyyətim rəhbərlik tərəfindən də müsbət qiymətləndirildi və 1957-ci ildə mən Gürcüstan müəllimlərinin 1-ci qurultayına nümayəndə seçildim. Həmin qurultayda ilk medalla –“Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olundum. Eduard Şevardnadze ilə də həmin tədbirdə tanış olmuşdum. 1959-cu ildə isə Başkeçid rayonunda komsomolun birinci katibi seçildim. Bu vəzifəni daşımaqla yanaşı, rayon partiya komitəsinin büro üzvü və şəhər sovetinin deputatı, eləcə də, bir neçə komissiyanın rəhbəri vəzifəsini daşıyırdım. Eyni zamanda tez-tez kolxozlara təhkim olunurduq. Bütün bunlar isə məni yormağa başladı.

Mən elmi fəaliyyətlə məşğul olmaq arzusunda idim, ona görə də, Bakıya gəldim və aspiranturaya daxil oldum. Aspiranturanı bitirdikdən sonra təyinatımı Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna verdilər və uzun müddət bu institutun direktoru vəzifəsində çalışdım. Ta Milli Məclisə deputat seçilənədək burada, eyni zamanda, müəyyən müddət maarif nazirinin müavini işlədim. 1995-ci ildən 2005-ci ilədək parlamentin üzvü olmuşam, Milli Məclisin daimi komissiyasının sədri vəzifəsində çalışmışam. Bu işlərlə paralel partiya işindən də kənarda qalmamışam. Bu gün də partiya işindəyəm, həm də elmi fəaliyyətlə məşğul oluram. Ümumiyyətlə, mən sadə həyat sürmüşəm. 3 övladım, 7 nəvəm var. Övladlarımdan razıyam, müxtəlif işlərdə çalışırlar. Bütövlükdə həyatımdan razıyam. Zəhmət içərisində yaşamışam, ona görə də, şöhrətpərəst olmamışam. Belə həyat tərzi yaşamışam və bu yaşayışım da məni qane edir. Ömrüm boyu heç kimə nə xəyanət, nə də pislik etmişəm”.

- 80 illik həyatınızda elmi-pedaqoji fəaliyyət nə kimi yer tutur?
- Əlbəttə ki, bu sahə həyatımda mühüm yer tutur. Dediyim kimi, 1956-cı ildə ali məktəbi bitirmişəm. Məktəb direktoru işləyə-işləyə aspiranturaya hazırlaşırdım. Komsomolun birinci katibi olduğum üçün qiyabini seçmişdim. Amma sonradan əyani şöbəyə keçib oxudum. Aspiranturada oxumaq üçün Bakıya gizli gəldim. Çünki rayonumuzun rəhbəri Mahmud Quliyev məni buraxmayacaqdı. Xəbər tutanda da məni danladı ki, səni öz yerimə hazırlayırdım. Sonra məni rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə çağırsalar da, getmədim. 1956-cı ildə elmi işlə məşğul olmağa başladım, rayon qəzetində çoxlu elmi yazılarım dərc olundu. 1961-1964-cü illərdə aspirantura təhsili aldım. Elmi rəhbərim isə Abbasqulu Abbaszadə idi. Məndə əsasən təbiət-riyaziyyat elmləridir, fizika-riyaziyyat müəllimiyəm və bu sahə üzrə də elmlər doktoruyam. Bununla belə, pedaqoji-psixoloji ədəbiyyata çox yaxın adamam. Həmişə də tədqiqat aparmışam. Adətən, institut direktorları elmi-tədqiqat işindən azad olunurdular. Amma mən 20 ildən çox institut direktoru oldum, hər il özümə iş götürürdüm. Mənim elmi fəaliyyətimin ana xəttini pedaqoji-psixoloji elmlər üzrə ən müasir, aktual mövzuların tədqiqi təşkil edib. Xeyli sayda elmi kitablarım, o cümlədən dərsliklərim nəşr olunub.

Mən çox tədqiqatlarımı fənlərin qarşılıqlı əlaqəli öyrədilməsinə yönəltmişəm. Mənim bir ideya-planım vardı və o, indi də qüvvəsindədir. Bu da ondan ibarətdir ki, orta məktəblərdə maksimum 14-15 fənn saxlamaq lazımdır. Çoxfənlilikdən azfənliliyə keçmək lazımdır. Bu da inteqrasiya yolu ilə olmalıdır. Ümumi biliyə, dünyagörüşünə zərər yetirmədən biliklərin inteqrasiyası əsasında onu 8-ci sinifə qədər gətirmişəm. Əgər bununla maraqlansalar, hesab edirəm ki, bu, yaxşı nəticələr verə bilər.

- Amma Sizin siyasi yönümdə olan kitablarınız da az deyil. Bu sahədəki fəaliyyətiniz haqqında nə deyə bilərsiniz?
- Siyasi məqalələrimi, kitablarımı ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ərəfəsində genişləndirməyə başladım. Məsələn, “Səs” qəzetində “Heydər dağına kölgə salmaq olmaz” adlı böyük yazım dərc olundu. 1994-cü ildə isə “Hər dövrün bir kitabı var” kitabım nəşr edildi. Ulu öndər Heydər Əliyev bu kitabı oxumuşdu və onun xoşuna gəlmişdi. İnstituta zəng edərək kitab haqqında fikirlərini bildirdi və kitabın üz qabığında verilən özünün fotoşəklini haradan əldə etdiyimi soruşdu. Dedi ki, həmin şəkil heç məndə yoxdur. Mən də bu məsələni ulu öndərimizə danışdım. Məsələ belə olmuşdu ki, 1986-cı ildə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun direktoru işlədiyim zaman maarif naziri məni yanına çağırıb dedi ki, institutun binasında Siyasi Büronun üzvlərinin portretlərinin arasından Heydər Əliyevin portretini götürüm. Soruşdum, niyə? Dedi ki, Mərkəzi Komitədən belə göstəriş veriblər. Belə olan təqdirdə, mən Siyasi Büronun üzvlərinin və namizədlərin hamısının portretlərini divardan götürüb kitabxanaya qoydum. Heydər Əliyevin portretini kabinetimdə saxladım. Həmin kitabı yazarkən də bu portretdən istifadə etdim. Yəni o zaman indiki kimi texnologiya inkişaf etməmişdi, hər şeyi asan əldə etmək olmurdu. Bu hadisəni Heydər Əliyevə danışdım.

Mən deputat seçiləndən sonra isə ulu öndərlə münasibətlərimiz daha geniş oldu. Bir sıra kitablarımı ona həsr etdim. “Hər dövrün bir kitabı var” kitabım isə ulu öndərin istəyi ilə ikinci dəfə nəşr olundu. Xatırladım ki, ötən ilin aprel ayında mənim “Heydər Əliyevin elmi irsi: Nəzəriyyə və təcrübə” ikicildlik kitabımın təqdimat mərasimi keçirildi. Hal-hazırda da ümummilli liderimiz haqqında bir kitab üzərində işləyirəm. Artıq kitabın 9 fəslini bitirmişəm, 10-cu fəsil də yekunlaşmaq üzrədir. Onu da deyim ki, mən Heydər Əliyev haqqında kitablarımda şərh yazmıram, onun dediklərini sitat kimi verirəm. Sonra da müəyyən müqayisələr aparıram. Heydər Əliyev haqqında həqiqi tədqiqat aparanların həmişə hörmətini saxlamışam.

- Zahid müəllim, milli lider Heydər Əliyevlə ilk görüşünüz, tanışlığınız nə zaman olub? Bu tanışlığın həyatınızda yeri nədən ibarətdir?
- Mənim ulu öndər Heydər Əliyevlə ilk görüşüm 1973-cü ildə olub. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi seçiləndən sonra təhsillə bağlı çıxışlarında respublikada təhsilin səviyyəsinin qaldırılması istiqamətində işlərin həyata keçirilməsinin vacibliyini irəli sürürdü. Digər tərəfdən, Heydər Əliyev bacarıqlı tələbələrin dövlətimiz üçün savadlı kadrlar kimi yetişdirilməsi məsələsini bir vəzifə kimi qarşıya qoyurdu. Məhz bu iki məsələ ilə bağlı Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun elmi işlər üzrə direktor müavini kimi məni Mərkəzi Komitəyə dəvət etdilər. Əvvəlcə, MK-nın Elm və təhsil şöbəsinin müdiri Fikrət Əhmədov məni təlimatlandıraraq dedi ki, I katib səni qəbul edəcək. Sonra Heydər Əliyev məni qəbul etdi və təhsilin vəziyyəti ilə bağlı xeyli suallar verdi. Sonda isə bu suallar əsasında vəziyyətlə bağlı hesabat hazırlamağı tapşırdı. Alimlərimizlə birlikdə 10 gün ərzində arayışı hazırlayaraq Mərkəzi Komitəyə təqdim etdim. Bir aydan sonra Mərkəzi Komitədən bildirdilər ki, Heydər Əliyev səni yenidən qəbul edəcək. O, məni qəbul etdi və hazırladığımız arayış ulu öndərimizin stolunun üstündə idi. Heydər Əliyev arayışla tanış olduğunu bildirdi və dedi ki, özünün də təklifləri var. Onu da qeyd edim ki, ulu öndər məsələlərin vacibliyindən asılı olaraq həmin kağız üzərində müxtəlif rəngli karandaşlarla qeydlər etmişdi.

Ulu öndər Heydər Əliyevlə ən geniş söhbətimiz isə 1976-cı ildə məni Mərkəzi Komitəyə işlədiyim institutun direktoru təyin etməyə çağırarkən oldu. Heydər Əliyev məni Akif Əlizadə ilə birlikdə qəbul etmişdi. İçəri girərkən gördüm ki, ikimizin də şəxsi işləri ulu öndərin stolunun üzərindədir. Heydər Əliyev ilk görüşümüzü xatırladaraq “sənin işlədiyin sahə üzrə elmi və təcrübi savadın kifayət edər ki, instituta rəhbərlik edəsən”, - dedi.

Aparılan uzun söhbət zamanı Heydər Əliyev təhsilin keyfiyyətinin artırılması üçün hansı işlərin görülməsi ilə bağlı suallar verdi. Həmin suallara cavab olaraq bir neçə məsələni qeyd etdim. Sonra Heydər Əliyev bizim ikimizin də təyinatını verdi və uğurlar arzuladı.

Heydər Əliyevin hadisələri, məsələləri incələməsini, işlərin görülməsi istiqamətində düzgün qərar verməsini onun çıxışları, fikirləri əsasında ictimaiyyətə çatdırırdıq. Biz pedaqoqlar buna tərbiyə prosesi deyirdik. Yəni Heydər Əliyev gördüyü işlərlə, etdiyi çıxışlarla insanları tərbiyə edirdi.
Mən belə bir insanla birgə çalışdığım üçün qürur duyuram və bu, həyatımın ən mənalı hissəsini təşkil edir. Hesab edirəm ki, Heydər Əliyev nadir tarixi şəxsiyyətlərdəndir. Heydər Əliyev şəxsiyyəti mərdliyin, qətiyyətin və müdrikliyin parlaq nümunəsidir. O, fəaliyyəti və ideyaları, Azərbaycan qarşısında xidmətləri ilə tariximizdə silinməz iz qoyub.

- Sizin Azərbaycanda siyasi proseslərə qoşulmağınız da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Elm xadiminin siyasətə qoşulması sizin nöqteyi-nəzərinizdən hansı nəticələr verir? Və Siz bu fəaliyyətinizdən razısınızmı?
- Təbii ki, siyasi proseslərə qoşulmağımdan qürur duyuram və heç zaman da bundan peşman deyiləm. 1990-cı illərin əvvəlində hakimiyyət Azərbaycanı çətin vəziyyətə salmışdı və yaxşılığa doğru heç bir ümid yox idi. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə isə respublikada vəziyyət daha da ağırlaşdı. Belə bir zamanda müəyyən ziyalılar ölkənin gələcəyindən narahatlıq keçirirdilər və bu durumdan yalnız Heydər Əliyevin köməkliyi ilə çıxmağın mümkünlüyünü anlayırdılar. Amma ulu öndər Heydər Əliyevin əleyhinə işləyənlər çox idi. Mən fəxr edirəm ki, o vaxt çoxları susanda danışdım və yazdım, Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın xilaskarı olduğunu vurğuladım. O dövr elə idi ki, çoxları susmuşdu, bəziləri isə dəstə-dəstə televiziya və qəzetlərdə çıxış edərək Heydər Əliyevə “dərs keçmək” istəyirdilər. Amma mən xeyli uzağı görməyimlə bu gün qürur duyuram.

- Bildiyimizə görə, ulu öndər Heydər Əliyevi müdafiə edən insanların bir qrupu sizin rəhbərlik etdiyiniz Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda toplaşırmışlar...
- Bəli, bir qrup ziyalı Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna yığışıb vəziyyətdən çıxış yolunu müzakirə edirdik. Həmin insanlara isə o vaxtkı hakimiyyət təzyiq etmək üçün dəstələr göndərirdi. Belə bir şəraitdə mübarizəmizi davam etdirirdik. Mövqeyimiz belə idi ki, Azərbaycanı üzləşdiyi ağır problemlərdən yalnız Heydər Əliyev kimi şəxsiyyət xilas edə bilər. Yeri gəlmişkən, onu da xatırladım ki, həmin instituta yığışıb Heydər Əliyevi müdafiə etməyimizə bəzi elm adamları arasında da etiraz edənlər var idi. Adını çəkməyəcəm, həmin adamlardan biri indi 85 yaşındadır və prezident təqaüdü alır. Mən Heydər Əliyevə qarşı çıxan həmin adamın bu gün prezident təqaüdü almasına təəssüflənmirəm, əksinə, bəyənirəm ki, o da Heydər Əliyev siyasətindən bəhrələnir. Və bizim Heydər Əliyev uğrunda mübarizəmizin doğru olduğunun şahididir.

Amma 1990-93-cü illərdə Heydər Əliyevin müdafiəsinə qalxan insanlar əsl fədakarlar idilər. O zaman baş verən hadisələrdən belə qənaətə gəlirdik ki, Heydər Əliyev rəhbər gəlməsə, Azərbaycan dağılacaq. Ulu öndərin hakimiyyətə gəlməsi üçün də güclü, ölkəyə siyasi mədəniyyət gətirə bilən bir siyasi partiya yaratmaq lazım idi. Ona görə də, 91 nəfər ziyalı Heydər Əliyevə müraciət etdi. Ulu öndərimiz “91”ləri partiyamızın “Qızıl Fondu” adlandırırdı. Biz bütün təqiblərə, çətinliklərə baxmayaraq Yeni Azərbaycan Partiyasını yaratdıq. Partiyamız şərəfli yol keçdi və cəmisi bir neçə ay sonra hakimiyyətə gəldi.

- Yeni Azərbaycan Partiyasının qurulmasında yaxından iştirak etmiş şəxs və bir veteran kimi partiyanın bugünkü inkişaf səviyyəsi haqqında fikirlərinizi bilmək də bizim üçün maraqlı olardı...
- İlk olaraq onu deyim ki, partiyamızın yarandığı 21 noyabr 1992-ci il tarixi son dərəcə çətin və mürəkkəb dövr idi. Blokada vəziyyətində olan Naxçıvan Muxtar Respublikasının qarlı-boranlı bir vaxtında ölkəmizin müxtəlif bölgələrindən partiyanın təsis konfransına gedənlər, Heydər Əliyevə pənah gətirənlər, həqiqətən cəsur insanlar idilər. Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan cəmiyyətində böyük sevinclə, maraqla qarşılandı. Buna görə də, qısa bir zaman kəsiyində Azərbaycanın bütün şəhər və kəndlərində Yeni Azərbaycan Partiyasının özək təşkilatları yaradıldı və minlərlə insan partiya sıralarında birləşərək həm də ümummilli liderimizə dərin sevgisini göstərdi. Azərbaycan xalqı öz taleyini ümummilli liderimiz Heydər Əliyevə və onun sədri olduğu Yeni Azərbaycan Partiyasına etibar etdi. Ulu öndərimiz də 10 ildə gecə-gündüz, istirahətsiz çalışaraq, Azərbaycanı böyük faciələrdən xilas etdi, onu inkişaf yoluna çıxardı. Təbii ki, bu uğurların əldə olunmasında da Yeni Azərbaycan Partiyasının xidmətləri müstəsna olub və ümummilli liderimiz də bunu həmişə yüksək qiymətləndirib.

Bu gün partiyamız cənab İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsini yaşayır. Hörmətli sədrimizin dediyi kimi, Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Mənim partiya vəsiqəmin nömrəsi “4”dür. Amma bu gün partiyamızın üzvlərinin sayı 600 min nəfərdən çoxdur. Təkcə rəhbərlik etdiyim YAP Səbail rayon təşkilatının üzvlərinin sayı 24 min nəfərdir. Bir partiya veteranı kimi bu, məni çox sevindirir. Eyni zamanda, partiyamızın, onun yerli strukturlarının maddi-texniki bazası xeyli güclənib, kəmiyyətlə yanaşı keyfiyyət də əhəmiyyətli dərəcədə artıb.

Səxavət


Müəllif:
Загрузка...