Yanvarın 10-da Soçidə “KiViN-2017” Şən və Hazırcavablar Klubunun 28-ci beynəlxalq festivalı başlayıb.
Festivalda müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan “Bakı yığması” iştirak edir. Teleqraf.com xəbər verir ki, festivalda eyni zamanda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separat rejimi təmsil edən “Duz çörəklə” adlı komanda da iştirak edir. Dünən bizim komandamız Soçiyə layiqli çıxış etmək üçün yola düşüb. Lakin ŞHK Beynəlxalq İttifaqın prezidenti Aleksandr Maslyakovun festivalda çıxış etmək üçün Qarabağdan olan komandanı dəvət etməsi ölkəmiz üçün gözlənilməz dönüş olub. İnformasiyanın təsdiqi üçün “AMİK” televiziya birliyinə müraciət edilib, lakin burda bu informasiyanı şərh edə bilməyiblər. Lakin qeyd ediblər ki, əgər Qarabağdan olan komandanın adı iştirakçıların siyahısında varsa, o zaman bu komanda dəqiq iştirak edir. ŞHK rəsmi internet portalında qeyd edilən siyahıda komandanın adı qeyd edilib.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, əgər bu informasiyalar doğrudursa təcili olaraq ölkəmizin rəsmi qurumları səviyyəsində Rusiya tərəfinə etiraz ünvanlanmalıdır: “Mədəniyyət və Turizm Nazirliyi bu təxribatın qarşısını almaq və Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarındakı separatçı rejimi təmsil edən komandanın təcili olaraq festivaldan uzaqlaşdırılması üçün addımlar atmalı, əks halda Azərbaycan komandasının etiraz bəyanatı ilə festivaldan çıxacağını bəyan etməlidir. Əgər separatşı rejimi təmsil edən komanda festivaldan uzaqlaşdırılmasa Azərbaycan komandası etiraz bəyanatı verərək yarışmanı tərk etməlidir. Bu hadisə birbaşa təxibatdır, Azərbaycan ərazi bütövlüyünə qarşı sayğısızlıqdır və buna ciddi etiraz edir, baş verən təxribatı kəskin pisləyir, qınayırıq”.
Q.Paşayeva Rusiyada yaşayan diaspor təşkilatlarımıza müraciət edərək onları bu təxribatın qarşısının alınmasında fəal olmağa çağırıb: “Rusiyada yaşayan bütün diaspor təşkilatlarımızın, insanlarımızın bu təxribata ciddi etiraz edərək festivalın təşkilatçılarına və Rusiyanın müvafiq qurumlarına müraciətlər göndərməsi vacibdir. Çünki bu cür təxribatlar Azərbaycan-Rudiya münasibətlərinə mənfi təsir göstərməklə yanaşı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiyanın bu münaqişənin tənzimlənməsində obyektiv rol oynaya biləcəyini bir daha şübhə altına almış olur, rəsmi Moskvanın vasitəçilik missiyasına da ziddir. Azərbaycanın ərazi bütövlüyü Rusiya da daxil olmaqla bütün dünya ölkələri, beynəlxalq təşkilatlar tərəfindən tanınıb və separatçı rejimi təmsil edən komandanın belə bir festivala dəvət edilməsi Azərbaycanın ərazi bütovlüyünə sayğısızlıqdır və bu yolverilməzdir. Hər kəs AMİK şirkətinə etirazını bildirsin”.
Səxavət HƏMİD