13 Yanvar 2017 17:21
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə 2016-cı ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, müşavirədə hesabat məruzəsi ilə çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov bildirib ki, dövlət müstəqilliyinin bərpasının 25-ci ilini qeyd etdiyimiz ötən il respublikamız üçün yeni sosial-iqtisadi islahatların həyata keçirilməsi, ordumuzun şanlı zəfərləri, Bakının Avropa və dünya miqyaslı siyasi, iqtisadi və humanitar tədbirlərə ev sahibliyi etməsi, idmançılarımızın Rio Yay Olimpiya Oyunlarında möhtəşəm qələbələr qazanması ilə yadda qalıb, eyni zamanda Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı keçirilmiş mühüm ictimai-siyasi tədbir, ümumxalq səsverməsi – referendumla əlamətdar olub.

Bildirilib ki, hesabat dövründə şəhərin prokurorluq orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində paytaxtın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək bir çox nailiyyətlər əldə edilib.

Görülmüş müsbət işlərin nəticəsidir ki, il ərzində prokurorluqda 578, daxili işlər orqanlarında isə 4903 cinayət işinin istintaqı tamamlanıb.
Paytaxtın prokurorluq və daxili işlər orqanlarının birgə hayata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş bir çox cinayətlərin, o cümlədən, qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd cinayətlərinin, quldurluq, bağlı qalmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilib.

Həmçinin həmin kateqoriyadan olan cinayətlərin, ağır və xüsusilə ağır cinayətlərin sayında azalma müşahidə olunub ki, bütün bunlar respublikamızda ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində görülmüş işlərin müsbət nəticəsi kimi qiymətləndirilib.

Belə ki, Nərimanov rayonunda Janna və oğlu Aleksandr Məhərrəmovların, Nəsimi rayonunda Məryəm Named-zadənin, Yasamal rayonunda Kamran Mahmudovun qeyri-aşkar şəraitdə qəsdən öldürülmələri, o cümlədən ötən illərdən itkin düşmüş Elnur Hümbətovun Xəzər rayonunda qəsdən öldürülməsi cinayətlərinin açılması təmin edilərək təqsirkar şəxslər məsuliyyətə cəlb olunublar.
Son illərin kriminogen durumunda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətlərinin narahatçılıq doğuran problemlərdən biri olması şəhər prokuroru tərəfindən xüsusilə vurğulanaraq bildirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 26 dekabr 2012-ci il tarixdə imzaladığı “Yol nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” sərəncamından irəli gələn vəzifələrin layiqincə icrası daim nəzarətdə saxlanılıb. İl ərzində xüsusən ölümlə nəticələnən yol nəqliyyat hadisələri şəhər prokurorluğunun diqqət mərkəzində olub.

Bu sahədə həyata keçirilmiş qabaqlayıcı-profilaktik tədbirlərin nəticəsidir ki, ildən-ilə paytaxtda baş vermiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri, həmin hadisələr nəticəsində ölənlərin sayı, eyni zamanda bağlı qalmış cinayətlərin sayı azalıb.

Müşavirədə həmçinin, bu sahədə mövcud olan çatışmazlıqların və yol verilmiş qanun pozuntularının vaxtında aşkar edilib aradan qaldırılması üçün bütün zəruri tədbirlərin görülməsi hər bir əməkdaşdan tələb edilib.

Prezident İlham Əliyevin dövlət orqanlarının fəaliyyətinin yaxşılaşdırılması, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə tövsiyə və tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq onlara əməl edilməsi hər bir əməkdaşdan ciddi tələb edilib.

Bildirilib ki, hesabat dövründə şəhərin prokurorluq orqanlarına 15542 müraciət daxil olub, həmin müraciətlərdən 3161-nə baxılaraq həll edilib, о cümlədən 1482 müraciət təmin edilib, şəhər prokurorluğunda isə ümumilikdə 2576 vətəndaş qəbul edilib.

Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı, nöqsanlar da diqqətə çatdırılaraq ötən il ərzində qəsdən adam öldürmə, quldurluq cinayətlərinin və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının azalmasına baxmayaraq, 2 qəsdən adam öldürmə, 9 quldurluq cinayəti, 3 ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılmaması narahatçılıq hissi ilə qeyd edilməklə həmin işlərin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının zəruriliyi vurğulanıb.


İstintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları və süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilib.

Əməliyyat müşavirəsində şəhərin prokurorluq orqanları əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilməklə bildirilib ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluq orqanlarının 17 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 5 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 1 nəfər isə vəzifədən azad olunub.

Əməliyyat müşavirəsində Bakı şəhər prokurorunun müavini Azər Əsgərov hesabat dövründə prokurorluq orqanlarında cinayətkarlığa qarşı mübarizə, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, şəhər prokurorluğunun Müraciətlərə baxılması şöbəsinin rəisi Ceyhun Qurbanov müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkili, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Elçin Sultanov şəhər polis orqanlarında cinayətkarlığa qarşı mübarizə, istintaq və təhqiqat işinin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında çıxış edərək ətraflı məlumat veriblər.

Yekunda şəhər prokuroru Əziz Seyidov hər bir prokurorluq əməkdaşının prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən böyük etimadı doğruldacağına, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində öz qulluq və vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər