7 İyul 2014 19:19
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Donetskdə yaraqlılar əsasən şəhərin mərkəzindədirlər.

Onların bir qismi də şəhərdəki hərbi hissənin ərazisində cəmləşiblər. Onlar Donetsk milli texniki universitetinin hərbi kafedrasını da zəbt edib, burada hərbi təlimlər keçirlər. Gecə şəhərin 2 rayonunda atışma olub".

Bunu Azadlıq Radiosuna telefonla Donetskdən, “Novosti Donbassa” dərgisinin jurnalisti Mixail Baqan bildirib.

Onun sözlərinə görə, separatçıların özləri iddia edir ki, hər şey hələ indi başlayır və hansısa, görünür çox irimiqyaslı əməliyyatlara hazırlaşırlar.

"Hər halda bu haqda bəyanat verirlər. Ukrayna ordusu isə söz verir ki, Donetski bombalamayacaqlar, burada ağır texnikadan istifadə etməyəcəklər. Onların əsas diqqəti Slavyansk və Kramatorskun tamamilə təmizlənməsinə yönəlib. Burada çoxlu minalar, partlayıcı tələlər quraşdırılıb. Həmin şəhərlərdə hələ də Ukrayna güc strukturları işləyir. Ümumiyyətlə vilayət üzrə, ötən gecə antiterror qüvvələrinin postlarına 3 hücum haqda xəbər verilir. Yaraqlılar tərəfdən ölən olmayıb, 1 nəfər yaralanıb. Dinc əhalinin şəhərdən çıxarılması üzrə hansısa rəsmi bəyanat olmayıb. Deyirlər ki, guya humanitar dəhliz yaradılacaq, ancaq hələ də də belə dəhliz yoxdur, həftənin 2-ci gününədək yaradılacağına söz verilib. Şəhərdə dinc sakinlər çalışır ki, şəhərin mərkəzinə getməsinlər, evdə qalmağa üstünlük verirlər, onlar qorxurlar, şəhərin mərkəzindəki yaraqlılardan çəkinirlər, çünki indiyə qədər şəhərdə bu qədər texnika olmayıb. İnsanlar ölüm xofu içindədirlər", - deyə “Novosti Donbassa” dərgisinin jurnalisti bildirib.


Müəllif: