7 İyul 2014 19:25
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiflisdə İpək Yolu layihəsinin İşçi Qrupunun IV iclası keçirilir.

Tədbirə İpək Yolu layihəsinə üzv 31 ölkənin nümayəndəsi qatılıb. Tədbir BMT-nin Ümumdünya Turizm Təşkilatının və Gürcüstanın Turizm Administrasiyasının təşkilatçılığı ilə baş tutub. Tədbirdə giriş sözü ilə Ümumdünya Turizm Təşkilatının İpək Yolu Proqramı üzrə direktor əvəzi və koordinatoru Zoltana Şomoqi, Gürcüstanın Turizm üzrə Milli Administrasiyasının rəhbəri Georgi Siqua, BMT-nin Ümumdünya Turizm Təşkilatının İpək Yolu üzrə Proqram direktoru Alla Peresolova çıxış edərək İpək Yolunun həyata keçirilməsinin üzv ölkələr üçün böyük töhfə olduğunu bildiriblər.

İşçi Qrupu üzvlərinin görüşündə qeyd olunub ki, Tiflisdə düzənlənən İpək Yolu çərçivəsində təşkil edilən görüş tarixi əhəmiyyət kəsb edir. Tədbirdə 2014-2015-ci illərdə İpək Yolu Qrupunun fəaliyyət planı və görülən işlər müzakirə edilib və qeyd olunub ki, İpək Yolu layihəsinin iştirakçılarının 30%-i səyahətlərə üstünlük verir.

Tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi təmsil edib.

Görüşdə aparılan müzakirələrdə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun məsləhətçisi Cavid Abdullayevin çıxışı və fikirləri maraqla qarşılanıb. O, son illər Azərbaycanda turizmin inkişafından danışaraq qeyd edib ki, keçən il Azərbaycana 2 milyon 500 mindən çox turist gəlib və ölkədə mövcud turizm infrastrukturu da gündən-günə inkişaf edir, hazırda Azərbaycanda yüksək səviyyəli və bütün standartlara cavab verən 530-dan çox mehmanxana fəaliyyət göstərir.

Tədbir sabah davam edəcək.

/apa/


Müəllif: