19 Yanvar 2017 15:58
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

FHN-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbir iştirakçıları, əvvəlcə faciə qurbanları və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Akademiyanın rəisi general-mayor Pənah Süleymanov tədbiri açaraq bildirib ki, müstəqilliyimiz uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsi ürəklərdə yaşayır və hər zaman yaşayacaq. O, qeyd edib ki, bu qanlı faciəyə hüquqi-siyasi qiyməti məhz xalqımızın ümummilli lideri Heydər Əliyev verib.

Tədbirdə çıxış edən Milli Məclisinin deputatı, professor Fəzail İbrahimli qanlı faciədən danışaraq qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun hərbi hissələri və zirehli texnikası Bakı şəhərinə, Azərbaycanın bir neçə şəhər və rayonlarına yeridilib, dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb. Həmin dövrdə Moskvada yaşayan ulu öndər Heydər Əliyev respublikamızın Daimi Nümayəndəliyinə gələrək öz xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, faciəni törədənləri ittiham edib, qoşunların Bakıdan çıxarılmasını sovet hökumətinin rəhbərlərindən qətiyyətlə tələb edib.

FHN Akademiyasının baş zabiti Kəmalə Rzazadə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr etdiyi şeri söyləyib. Sonda Qanlı Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər