“Beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə, xüsusən “2016 Formula-1 üzrə Avropa Qran Pri” yarışlarında asayişin mühafizəsi daha da gücləndirilərək mümkün təxribat hallarının, o cümlədən qanunsuz aksiyaların qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlər həyata keçirilib”.
Teleqraf.com-un məlumatına görə, bunu bu gün daxili işlər naziri Ramil Usubov Bakı Şəhər Baş Polis İdarəsində 2016-cı ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.
Nazır bildirib ki, ötən il Bakı şəhəri, eləcə də ayrı-ayrı rayonlar üzrə əməliyyat şəraiti kompleks təhlil edilib, cinayətkarlığın dinamikasında əsas təmayüllərin, neqativ proseslərin və dəyişikliklərin öyrənilməsi əsasında qarşılıqlı əlaqələrin təkmilləşməsinə, əməliyyat-xidməti fəaliyyətin səmərəsinin artırılmasına dair təkliflər hazırlanaraq icraya yönəldilib.
Nazir 2016-cı ildə paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, konkret tapşırıq və tövsiyələrini verib.
Ramil Usubov Baş İdarənin və onun struktur qurumlarının rəislərindən əməliyyat-profilaktik işin səmərəliyinin artırılmasını, сinayətlərin qarşısının alınmasında, bağlı qalmış сinayətlərin açılmasında aşağı göstəriсiləri olan ərazi polis orqanlarına əməli köməklik göstərilməsini, istintaqın fəaliyyətinin hərtərəfli yaxşılaşdırılmasını, Bakı şəhəri üzrə qeydə alınmış cinayətlərin böyük əksəriyyətinin mülkiyyət əleyhinə olması baxımından gələcəkdə bu sahədə daha effektli tədbirlərin görülməsini, narkotik vasitələrin və psixotrop maddələrin, xüsusən onların güclü təsirə malik növlərinin qeyri-leqal dövriyyəsinə qarşı mübarizənin güсləndirilməsini, qanunsuz saxlanılan silahların əməliyyat yolu ilə yığılmasını tələb edib.
O da nəzərə çatdırılıb ki, fəaliyyətin təkmilləşdirilməsinə, analitik işin, idarəçilik və təşkilatçılıq fəaliyyətinin günün tələbləri səviyyəsinə yüksəldilməsinə, icra və xidməti intizamın daha da möhkəmləndirilməsinə yönəlmiş tədbirlər ciddi nəzarətdə saxlanılmalı və cari il ərzində də daha səmərəli şəkildə davam etdirilməlidir.
Xüsusi qeyd olunub ki, əməkdaşlar şərəfli polis adını, dövlətin və vətəndaşların mənafelərini daim uca tutmalı, etik davranış qaydalarına ciddi riayət etməli, hər birinin fəaliyyətində başlıca məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi olmalıdır.