8 İyul 2014 10:46
1 913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Öz qara tarixini yaşayan Azərbaycan səhiyyəsinin bir səhifəsi estetik cərrahiyyənin payına düşür.


Maraqlıdır ki, estetik cərrahiyyənin vüsət aldığı bir ölkədə bu sahədə diplomlu cərrah tapmaq çətindir. Düzdür, özünü estetik cərrah kimi reklam edib məşhurlaşdıranlar yetərincədir. Amma onların bu peşəyə yiyələndiyi sübut edən diplomları olmalıdır ki, çoxunda o da yoxdur. Səbəb sadədir, ölkəmizdə həkim yetişdirən yeganə təhsil ocağı Azərbaycan Tibb Universitetində belə bir fakültə yoxdur. Bu ancaq universiteti bitirdikdən sonra rezidenturada mümkündür. Yəni bizdə estetik cərrah hazırlayan sistem yoxdur.

Azərbaycanda fəaliyyət göstərən estetik cərrahlarla bağlı kiçik bir araşdırma aparılıb. Ən məşhur estetik klinikalardakı cərrahlar ya Türkiyədən gələnlərdi, ya da bu ixtisas üzrə Türkiyədə, Almaniyada, ABŞ-da, Rusiyada xüsusi kurslar və təcrübə keçmiş azərbaycanlılardı. Türkiyədə 3-5 illik uzmanlıq kursları var ki, Bakıda 4-5 həkim bu kursları bitirib.

Estetik-rekonstruktiv cərrah, professor Adil Qeybulla Azərbaycanda özündən başqa diplomlu estetik cərrah tanımadığını deyir: “Şəxsən mən Sankt-Peterburqda diplomdan sonrakı Tibb Akademiyasında estetik cərrahlıq üzrə təhsil almış bir mütəxəssisəm. Rusiya Federasiyasının istənilən yerində həmin diplomla işləmək hüququm var. Azərbaycanda özümdən başqa diplomlu estetik cərrahın olmasından məlumatsızam.

Azərbaycanda estetik cərrahlıqla məşğul olanlar əsasən bu sənətə Türkiyədə rezidentura keçmiş həkimlərdir. Onların bu işlə məşğul olmağa hüquqları çatır. Amma söhbət diplomdan getdikdən heç kim ortaya diplom çıxarmır. Mənim var, o biri estetik cərrahlar da öz diplomlarını təqdim etsinlər. Özlərini reklam edəndə diplomlarını da çap etdirsələr çox yaxşı olardı”.

A.Qeybulla bizə dəhşətli faktın üstünü açdı. Cərrahın Bakıda anatomiyadan anlayışı olmayanlar cərrahların estetik cərrah həyata keçirdiklərini açıqladı: “Estetik cərrahlığın prinsipləri var ki, bunlardan çox adamın xəbəri yoxdur. Məsələn, bu gün məşhur Azərbaycan Beynəlxalq Universitetini bitirən, anatomiyadan-fiziologiyadan xəbəri olmayan insanlar var ki, kifayət qədər özlərini reklam edə biliblər, məşhurdurlar. Bizim əsas bəlamız bax budur.”

Azərbaycanda estetik cərrahlığın tarixi XX əsrin ortalarına gedib çıxır. II Dünya Müharibəsi dövründə SSRİ-də estetik cərrahlıqla məşğul olan şəxslərin ən tanınmışı Gülü Qurbanov olub. O, su xərçəngi deyilən, üzdə ağır çapıqlar qoyan bir xəstəliyin estetik-plastik əməliyyatı üzrə peşəkar cərrah olub. Bundan başqa kişi cinsi orqanlarının transplantasiyası üzrə keçmiş sovetlər birliyində ən aparıcı mütəxəssislərdən idi. Hətta o zaman SSRİ-nin baş cərrahı olan Boris Petrovski öz əsərlərində bu alimdən sitatlar gətirib.

Hələ 30 il bundan əvvəl Bakının 8-ci kilometr qəsəbəsində Gözəllik İnstitutu fəaliyyət göstərirdi. İndi də estetik klinikaların sayı yetərincədir. Gözəlləşmək , dəyişmək istəyənlər olduqca estetik cərrahlara həmişə etiyac olacaq. Estetik cərrahlara tələbat olduğu halda Azərbaycanda bu ixtisaslı kadrların öz ölkəmizdə hazırlanmaması sual olaraq qalır.

/ans press/


Müəllif: