8 İyul 2014 13:34
2 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada keçirilən DÇ-2014-də yarımfinalçıların adı artıq məlumdur. Dünya çempionatının yarımfinalçıları – Hollandiya, Argentina, Braziliya, Almaniya komandalarıdır.

İlk qarşılaşma iyulun 9-da gecə saat 01.00-da başlayacaq. Həmin vaxt Braziliya Almaniyanı sınağa çəkəcək. İyul 10-da gecə saat 01.00-da isə Hollandiya Cənubi Amerikanın digər təmsilçisi Lionel Messinin komandası olan Argentinanı qəbul edəcək.

Bəs, Azərbaycan siyasətçiləri DÇ-nin üçlüyündə hansı komandaları görür? Onlar DÇ-2014-ün daha çox qapıçıların oyunu olduğu fikri ilə razılaşırlarmı?

“Çempion Braziliyadır”

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Braziliyanın çempion olacağını proqnozlaşdırır. Onun fikrincə, ikinci və üçüncü yerləri Argentina ilə Almaniya bölüşdürəcək.

YAP funksioneri Braziliyada iğtişaşların genişlənməməsinə görə, hakimlərin bu komandanı çempion “edəcəyi” barədə dolaşan xəbərləri belə şərh edib: “Bu, futboldur, hakim 3-5 faiz kömək edə bilər, amma xüsusi nəzarət var, hakimlər şurası baxıb qiymət verir. İndi kompüterləşmiş sistemdir, qapıda və stadionun ayrı-ayrı yerlərində fərdi kameralar var. İndi keçmişdəki kimi deyil ki. Hər bir situasiyaya diqqətlə baxılır və daha sonra təhlil olunur. Heç bir hakim öz reputasiyasını aşağı salınmasını, belə mötəbər oyunlardan kənarlaşdırıla biləcəyini nəzərə alıb belə addım ata bilməz”.


“Pelenin dövründə legioner yox idi”

O, Braziliya komandasının fanatı olsa da, komanda S.Novruzovu qane etmir: “Braziliya əvvəlki oyunlarını o dərəcədə göstərə bilmir. Amma bütün hallarda komanda oyununu təşkil edir”
DÇ ilə sübut olundu ki, bir çox komandalar məhz legionerlər hesabına özlərinin reytinqini qoruyub saxlayırdı. Avropa komandalarının əksəriyyəti İspaniya, Portuqaliya legioner hesabına dünyada favoritlik edirdi. Məsələn, Almaniyada legionerlər nisbətən azdır. Keçmişlə indiki dövrü müqayisə edəndə keçmişdə legioner söhbəti yox idi. Pelenin dövründə heç bir legioner mövcud deyildi. Ona görə də Braziliya üç dəfə dünya çempionu oldu. Yaxud Argentinada da həminki vəziyyətdir. İndi Avropa komandalarının 11 oyunçusunun hər biri ayrı-ayrı komandalarda oynayır. İldə bir dəfə yığışıb bir yerdə komanda şəklində oynamaqla komanda oyunu alınmaz”.

YAP-çı deputatın favorit oyunçusu braziliyalı Neymardır: “Onu da zədələdilər. Neymarın yarımfinalda oynayıb-oynamayacağını da bilmək olmaz”.

“DÇ-2014 daha sönükdür”

REAL Hərəkatının keçmiş Məclis başqanı Erkin Qədirli uşaqlıq illərindən Argentinanın azarkeşidir: “Argentinanın qalib gəlməsini istəyirəm. Mövqeyim bu baxımdan qərəzlidir. Amma onu deyə bilərəm ki, yarımfinala təsadüfi komandalar düşməyib. Braziliya, Almaniya, Argentina, Hollandiya çempionat başlamazdan əvvəl favorit komandalar sayılırdı. İtaliya, İspaniya, İngiltərə, İngiltərə, Portuqaliyanın nəticələri gözlənilməz idi. Bu komandaların qrupdan çıxa bilməməsini heç kəs yəqin təsəvvürünə belə gətirməmişdi”.

E.Qədirli düşünür ki, hətta tərəfkeşi olduğu Argentina belə bacardığı qədər oynamır: “Amma bunu kənardan baxıb demək asandır. Komandalar hər oyunda konkret rəqibə qarşı oynamağa hazırlaşdığından, heyətdə olan zədəli oyunçuların yerini doldurmağa çalışarkən bəzi funksiyaların önəmini dəyişə bilərlər. Ona görə də kimsə müdafiədə, kimsə hücumda oynayır. Amma nəticə vacibdir, uduzan çıxır. Qollar daha az vurulur, oyun çox baxımlı olmadığına görə bəzi insanlar hesab edir ki, sanki zəif komandalardır”.

REAL funksionerinin fikrincə, əvvəlki çempionatlara nisbətən DÇ-2014 daha sönük keçir: “Bəlkə uşaqlıq xatirələrimdir deyə belə düşünürəm. Amma sanki oyunlar 80-ci illərin çempionatlarının yerini vermir. Oyunlar o dərəcədə zövqlü deyil. Amma bu, oyundur, burada nəticə önəmlidir, qələbə gözəl oyuna görə yox, vurulan qollara görə verilir”.


“Argentinanın Almaniyadan hayıf çıxmasını istərdim”

E.Qədirli finalda Argentina ilə Almaniyanın qarşılaşmasını istəyir: “Çünki 90-cı ildə bu iki komandanın final oyunu olmuşdu. O zaman Almaniya 1:0 hesabı ilə qalib gəlmişdi. Oyunun sonlarına yaxın 11 metrlik cərimə zərbəsi verilmişdi. Bu, hakimin çox haqsız qərarı idi. Bu qərar sonradan çox dartışıldı. Yeganə qol da elə həmin cərimə zərbəsinin hesabına oldu, nəticədə Almaniya çempion oldu. Ona görə də istərdim ki, yenidən Argentina ilə Almaniya finalda oynasın və Argentina həmin oyunun hayıfını çıxsın”.

“Messi cığal oyunçu deyil”

O, Messinin Argentinadakı rolundan da danışıb: “Onda alicənablıq da var. Başqasına zədə vurub yıxan, hakimlə mübahisə edən, cığal oyunçu deyil. Əsl kapitan kimi nüfuz sahibidir. Argentinanın bir oyunçunun komandası təəssüratı Messinin çox güclü olması ilə əlaqədardır. Eyni şeyi Maradonanın dönəmində deyirdilər. Çünki o da zamanında danılmaz bir futbolçu idi. Yanında heç kəs dura bilmirdi. Bu gün Argentinada hücum xətti daha güclüdür. 1986-cı ildə, 1990-cı ildə Maradona özü hücum yaradıb özü qol vurmalı olurdusa, bu gün Argentinada İquain var. Düzdür Aquero vardı, ilk qrup yarışlarında zədə aldı və həmişəlik bu çempionatı tərk elədi. Di Mariyanun da əzələsi dartılıb, onun yarımfinalda oynayıb-oynamayacağı da sual altındadır. Di Mariya Messi ilə daha çox topla olur. Messinin rolu yığmada başqadır. Bizim Messi haqqında təəssüratımız onun Barselonadakı oyununa görə formalaşıb. Orada Xavi, İniesta var. Messi orada təmiz hücumçu kimi oynaya bilir. Çünki Xavi ilə İniesta paslaşaraq Messiyə topu verir və o da qolu vurur. Çox zaman Argentina tərəfdarları irad bildirir ki, Messi Barselonadakı oyununu burda göstərə bilmir, az qol vurur. Amma nəzərə almaq lazımdı ki, yığmada Messinin rolu başqadır. Argentinada ona pas verən futbolçu yoxdur. Ona görə də Messinin rolu daha arxada oynamaqdır, topu mərkəzdən götürüb başqasına pas verməkdir, qol vurmaq deyil. Bununla belə Messi 4 qol vurub. Messi ilə yanaşı Almaniyada Müller çox qol vurub. Bombardir olmağa daha çox iddialı bu iki futbolçudur”.

“Ən güclü qapıçı Almaniyanın qapıçısı Noyerdir”

O, bu çempionatın daha çox qapıçıların çempionatı olması fikrinə də münasibət bildirdi: “Oyununa görə ən güclü qapıçı Almaniyanın qapıçısı Noyerdir. O, yaranmış vəziyyətlərdə reaksiyasına, çox çətin topları götürdüyünə, güclü zərbələri dəf etdiyinə, təkbətək çıxışlarda panikaya düşmədiyinə və digər meyarlara görə, hələlik uduzub çıxmamış komandaların arasında ən güclü qapıçıdır. Qapıçının gücü topları tez tutub qaytarması ilə bilinir. Amma paradoks da bundadır ki, qapıçı qarşı tərəfin topunu tez-tez qaytarmalı olursa, bu, müdafiə xəttinin zəifliyindən xəbər verir. Almaniyanın müdafiə xətti əvvəlki Almaniya komandaları ilə müqayisədə o qədər də güclü deyil. Argentinanın qapıçısı elə də güclü deyil. Böyük mövqe səhvləri olur, bəxtləri gətirir, bu komandaya qol vurulmur. Argentinanın müdafiəsi də buna imkan yaratmır. Xüsusən də rəqiblərdə bu komandanın orta xəttinin keçmək problemi var”.


“Finalda Braziliya və Hollandiya qarşılaşacaq”

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı hesab edir ki, üçlükdə Braziliya, Hollandiya və Argentina komandaları olacaq: “Çempionatın əvvəlindən Braziliya və Hollandiya komandalarının finala çıxacağı barədə proqnoz vermişdim. Bu baxımdan hələlik hər şey yaxşı gedir. Düşünürəm ki, hər iki komanda finala çıxmaq şanslarını saxlayır”.


A.Hacılı 2014-cü il çempionatını sönük çempionat olduğu fikri ilə razılaşmır: “Çünki kifayət qədər çox qol vurulub və həqiqətən qapıçılar çox məharətli oyun nümayiş elətdirirlər”.

Onun fikrincə, Kosta-Rika və Hollandiya yığmasının qapıçıları xüsusi fərqlənir: “Bu çempionatın əsas fərqli cəhətlərindən biri ondan ibarətdir ki, burada outsider yoxdur. Bütün komandalar bir-birinə yaxın, güclü oyun nümayiş etdirirlər. Təsadüfi deyil ki, bu çempionatda ən böyük hesab hazırda dünya çempionu olan İspaniya komandasına qarşı oyunda qeydə alınıb”.

A.Hacılı İspaniya və İtaliyanın çempionatı tez tərk etməsini bu çempionatda outsider komandaların olmaması, zamanında dünya çempionu olmuş komandaların rəqiblərinin gücünün kifayət qədər qiymətləndirməməsi ilə əlaqələndirdi.

Müsavat funksioneri üçün favorit oyunçular Messi, Robben, Neymardır.

Nərgiz Ehlamqızı


Müəllif: