Ermənistan parlamentinin iclasında deputat Nikol Paşinyan əhalini küçələrə çıxaraq hökumət əleyhinə etiraz aksiyası keçirməyə çağırıb. N.Poşinyana həmkarı Xosrov Arutyunyan da qoşulub. Deputatlar Aleksandr Lapşinin Bakıya ekstradisiyasını Azərbaycan diplomatiyasının növbəti uğuru kimi qiymətləndiriblər. N.Paşinyanın sözlərinə görə, Ramil Səfərovun Azərbaycana ekstradisiyası da siyasi iradə sayəsində reallaşmışdı.
Aysor.am xəbər portalına müsahibəsində erməni politoloq Sergey Minasyan deyib ki, Lapşin məsələsi erməni diasporu ilə hakimiyyət arasında ciddi konflikt yaradıb. Erməni diasporu indiyədək kimlərisə hansısa şəkildə aldadaraq onların Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfərini təşkil edirdi. Ermənilərin narahatlığı ondan irəli gəlir ki, bundan sonra xarici vətəndaşlar həmin ərazilərə getməkdən boyun qaçıracaqlar.
Bu məğlubiyyətlə barışa bilməyən qüvvələr isə rejimə qarşı ayağa qalxmağa çağırıblar. Onlar bəyan ediblər ki, artıq bu çürümüş rejimlə qurtarmağın vaxtı çatıb. Ölkəni siyasi uçurumdan, iqtisadi böhrandan çıxarmağın yeganə yolu Ermənistanı tamamilə iflasa uğradan hökuməti devirməkdir.