"2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına respublikanın şəhər və rayonlarından daxil olmuş müraciətlərin 68,8 faizi ərizə, 30,9 faizi şikayət, 0,3 faizi təklif olub".
Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Azərtac”da yer alan məqaləsində deyilir.
Məqalədə bildirilir ki, ötən il Bakı, Lənkəran, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Neftçala, Saatlı, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayı çoxdur. Naxçıvan, Naftalan, Babək, Culfa, Daşkəsən, Xızı, Xocavənd, Kəngərli, Qax, Qobustan, Ordubad, Samux, Sədərək, Şahbuz, Şərur, digər şəhər və rayonlardan daxil olan müraciətlərin sayı isə az olub:
"Bir qayda olaraq, müraciətlərin haradan daha çox olması əhalinin sayı ilə müqayisədə daha aydın nəzərə çarpır. Bu baxımdan Prezident Administrasiyasına 2016-cı ildə hər 1000 nəfərə görə Bakı, Mingəçevir, Naftalan, Şəki, Ağcabədi, Ağdam, Beyləqan, Biləsuvar, Daşkəsən, Füzuli, Göygöl, İmişli, Kəlbəcər, Laçın, Siyəzən, Şabran, Yardımlı, Zəngilan, digər şəhər və rayonlardan daxil olmuş müraciətlərin sayı daha çox, Naxçıvan, Gəncə, Sumqayıt, Yevlax, Ağdaş, Ağsu, Babək, Bərdə, Cəbrayıl, Cəlilabad, Culfa, Hacıqabul, Xaçmaz, Xocavənd, İsmayıllı, Kəngərli, Kürdəmir, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Qusar, Masallı, Neftçala, Oğuz, Ordubad, Saatlı, Sabirabad, Salyan, Samux, Sədərək, Şahbuz, Şamaxı, Şəmkir, Şərur, Şuşa, Tərtər, Tovuz, Ucar, Zaqatala, digər şəhər və rayonlardan daha az olub.
Şəhər, rayon icra hakimiyyətlərinin Prezident Administrasiyasına təqdim etdikləri illik rəsmi hesabat və arayışlardan görünür ki, bəzi şəhər və rayonların sakinləri yuxarı dövlət orqanlarına daha çox müraciət edirlər. Məsələn, Mingəçevir, Ağdam, Ağsu, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Qəbələ, Masallı, Neftçala, Samux, Şəmkir, Tovuz, Yardımlı, Zərdab, digər şəhər və rayonların icra hakimiyyətlərinə bilavasitə daxil olan müraciətlərin sayı həmin rayonlardan yuxarı orqanlara göndərilən müraciətlərə nisbətən daha az olub.
Ötən il vətəndaşlardan Prezident Administrasiyasına daxil olmuş müraciətlərin mövzular üzrə təhlili göstərir ki, vətəndaşlar daha çox hüquq mühafizə orqanlarının, məhkəmələrin fəaliyyəti, maliyyə və bank, əfv məsələləri, rayon icra hakimiyyəti və bələdiyyələrin fəaliyyəti, müraciətlərə baxılma, torpaq, Qarabağ münaqişəsi, sosial müdafiə, mənzil, şəhərsalma və tikinti, sənaye, sahibkarlığın inkişafı, qaçqınlar və məcburi köçkünlər, kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər məsələləri və sair mövzularda müraciət ediblər".
Daha sonra məqaləd bildirilir ki, 2016-cı ildə daxil olmuş şikayətlərin bir qismində vətəndaşlar inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının müvafiq norma və qaydalara uyğun tikilməməsindən, müqavilə şərtlərinin kobud surətdə pozulmasından, bəzi şirkətlərin mənzilin pulunu aldıqdan sonra yoxa çıxmasından, mənzillərin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsindən, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsindən, yol verilən süründürməçilikdən, qazın və suyun vaxtında verilməməsindən, bunun üçün sakinlərdən dəfələrlə əlavə pul yığılmasından şikayətlənirlər:
“Təəssüf ki, 100-dən çox mənzil-tikinti kooperativi və şirkət barəsində daxil olan şikayətlər vətəndaşların haqlı olduğunu bir daha təsdiq edir.
Bunlardan “Kristal Abşeron”, “Kristal-L”, “Fortis-Bayıl”, “İlin dörd fəsli”, “Belıy lebed”, “Şərur”, “Deluxe”, “Orbita”, “Badu-Kubə”, “Birlik”, “Xəmsə”, “Hasil”, “ARAZ-2011A”, “İnkişaf-S”, “Rahatlığın Məkanı-Gold”, “Ulduz-S”, “Murad M.S.”, “FVS İnşaat”, “BAKİNKOM”, “Yusifoğlu”, “AAAF İnşaat”, “Evrostroy Group”, “Akkord”, “Rahat”, “Orbit”, “Nur”, “Yüksəliş C”, “Olimp”, “İ.N.V.”, “Neftçi”, “Pərvin İnşaat”, “Azərros İK”, “Xəzər İnşaat-XXI əsr”, “Mur Ay”, “RT-LTD”, “Ələsgəroğlu-K”, “Svit Haus” və başqalarını qeyd etməliyik.
Son illər vətəndaşlar üçün ciddi problemlər yaradan belə MTK, MMC və şirkətlərin bir çoxu barəsində cinayət işi açılıb, vətəndaşlara dəymiş ziyan tam və ya qismən ödənilmişdir. Məsələn, 2016-cı ildə “MTK Real”ın rəhbəri İlham Qasımov 15 il, “198 Saylı”, “200 Saylı” MTK-ların rəhbəri Etibar Fərziyev 14 il həbs cəzasına məhkum edilmiş, digər MTK-ların - “Əli bəy”, “Əzizbəy-KM”, “AENT-E”, “Fateh-N”, “Badu-Kubə”, “Şahbulaq”, “Term”, “İDEAL-İ İnşaat”, “Mehriban Qonşular”, “Xətai-2”, “Ulduz-S”, “Azərtikinti ATF”, “Dərəçiçək”, “Fuad LTD”, “Birlik İnşaat” MTK, MMC və şirkətlərin rəhbərləri və digər məsul şəxsləri barədə cinayət işləri açılıb, bu cinayət işlərinin bəzisi artıq yekunlaşıb, təqsirli şəxslər cəzalandırılıblar”.