17 Fevral 2017 12:32
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhər saatlarında paytaxtın avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində müşahidə edilən sıxlıq aradan qaldırılıb.

Bu barədə Teleqraf.com-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, müvafiq qurumların həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində artıq əsas küçə və prospektlərdə nəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarnın fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib. Səhər saatlarında müxtəlif marşrut xətləri üzrə sərnişin avtobuslarının intervallarında gecikmələr müşahidə edilib ki, bu da metereoloji amillər səbəbindən yollarda hərəkətin təhlükəli olması ilə bağlı olub. Hazırda isə qeyd edildiyi kimi, yollardakı mövcud çətinliklər aradan qaldırılıb.

Bu gün Bakı şəhərində sərnişinlərə xidmət göstərilməsi üçün marşrut xətləri üzrə 1888 avtobus reysə buraxılıb.

***

Hava şəraiti ilə əlaqədar "Azəriqaz" İB aparılacaq təmir işlərini təxirə salıb.

Teleqraf.com xəbər verir ki, bunu "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.

İbrahim Kərbəlayev qeyd edib ki, əhalinin təbii qaza olan tələbatını təmin etmək məqsədilə sərfiyyatda 1 mln. 446 min kubmetr artım var: "Tələbat artdıqca təbii qazın verilişində də artım olacaq. Hava şəraiti qazın verilişində heç bir problemə səbəb olmayıb".

Qarlı hava şəraiti "Azəravtoyol" ASC-nin balansında olan Bakının əsas magistral yollarında, o cümlədən paytaxtın giriş-çıxış yollarında heç bir problem yaratmayıb. Bunu "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.

Anar Nəcəflinin sözlərinə görə, Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospekti, Heydər Əliyev prospekti, Bakı Dairəvi - 1 yolu, Bakıətrafı digər yollarda hər hansı problem müşahidə olunmur.

Bununla yanaşı, Anar Nəcəfli qeyd edir ki, bəzi ərazilərə dövlət şirkətinin texnikası gedə bilmir: "Söhbət bəzi tunellərdən, enişli-yoxuşlu yollardan gedir. Bəzi sürücülər hazırlıqlı olmadığından olduqca aşağı sürətlə hərəkət etdiyindən və ya yolda qaldığından tıxac yaranır, texnikamız həmin ərazilərə çata bilmir. Məcburiyyətdən oradakı işlər canlı qüvvəmiz tərəfindən aparılır. Əsas məqsəd odur ki, "nəqliyyat arteriyası" sayılan yollarda normal hərəkəti təmin edib, sonra digər yollara keçək. Hal-hazırda əsas yolların heç birində problem yoxdur".

Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar paytaxtın əksər küçə və prospektində o cümlədən Heydər Əliyev, Ziya Bünyadov və Tbilisi prospektlərində, Həsən Əliyev, A. Bakıxanov, A.M. Şərifzadə, A. Salamzadə, H. Seyidzadə küçələrində, 20 Yanvar və Qələbə dairələrində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, küçə və prospektlərdə yolun hərəkət hissəsi qar və buzla örtüldüyündən səhər saatlarında sərnişin avtobuslarının hərəkətində də çətinliklər yaranıb.

BNA mövcud vəziyyətin aradan qaldırılması və yollarda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə müvafiq qurumlarla birgə iş aparır:

"Bir daha sürücülərə sükan arxasında ehtiyatlı olmalarını və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik".

Ölkə ərazisində müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar “Azərsu” ASC-nin mərkəzləşdirilmiş və paylayıcı şəbəkələrində heç bir donma halı qeydə alınmayıb.

Bunu “Azərsu”nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib:
“ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bakı, Abşeron və həmçinin regionlarda vəziyyət stabildir. Əhalinin su ilə təmin edilməsi davam etdirilir. Su təchizatında heç bir problem yoxdur”.

Respublikanın bütün avtomobil yolları nəqliyyatın hərəkəti üçün açıqdır.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib. O qeyd edib ki, Şəmkr-Gədəbəy və Gəncə-Qazax magistralında nisbətən buzlaşma müşahidə olunur. Buna baxmayaraq, respublikanın bütün istiqamətlərində yollar nəqliyyatın hərəkəti üçün açıqdır.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər