17 Fevral 2017 23:39
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ölkəmizin Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində fevralın 20-də keçirilməsi planlaşdırılan “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum”a dair bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, bəyanatda deyilir: “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyan edir ki, bu “referendum” Azərbaycan Respublikasının Konstitusiyasını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və Dağlıq Qarabağda tarixən yaşamış azərbaycanlıların seçki hüquqlarını nəzərə almır.

Bütün Azərbaycan xalqının, o cümlədən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin kəskin etirazına səbəb olmuş bu hadisə “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin iclasında müzakirə olunub və qətiyyətlə pislənilib. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından sonra Azərbaycan qanunları əsasında keçirilə bilər.

Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, Minsk qrupunun göstərdiyi səylər Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr verməyib.

Ermənistan Respublikası beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatların qərarlarına əhəmiyyət verməyərək artıq neçənci dəfədir ki, Azərbaycan Respublikasının işğal altındakı ərazilərində belə təxribatçı “seçkilər” təşkil edir. Ermənistan Respublikası digər qanunsuz hərəkətləri ilə də münaqişənin nizamlanması yolunda ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarına, beynəlxalq birliyin regionda sülh və əməkdaşlıq yaratmaq təşəbbüslərinə ciddi zərbə vurur.

Bütün dünyaya məlumdur ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz rejim azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında Ermənistan tərəfindən təşkil olunmuş cinayətkar qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar və dünya ölkələri də Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədilə Dağlıq Qarabağda əvvəllər keçirdiyi bu cür qondarma “seçkilər”i heç vaxt tanımayıb. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ümidvar olduğunu bildirir ki, Ermənistanın qeyri-konstruktiv hərəkətləri beynəlxalq birlik tərəfindən bir daha kəskin şəkildə qınanılacaq, bu ölkənin işğalçı siyasətinə son qoyulması üçün ən təsirli tədbirlər görüləcək.

Münaqişənin tezliklə həlli üçün, ilk növbədə, işğala son qoyulmalı, işğal edilmiş ərazilərdən Ermənistan qoşunları çıxarılmalı, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır. Bu xüsusda, işğal olunmuş Dağlıq Qarabağdan və ətraf bölgələrdən məcburi köçkün düşmüş yüz minlərlə azərbaycanlının, o cümlədən 80 mindən çox Dağlıq Qarabağ azərbaycanlısının öz doğma torpaqlarına geri qayıtması zəruridir.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması regionda davamlı sülhün təmin olunması məqsədilə bölgənin erməni və azərbaycanlı icmaları arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin və dialoqun formalaşdırılmasının tərəfdarıdır. Təəssüf ki, Ermənistan bu kimi konstruktiv təşəbbüsün əleyhinə çıxış edir.

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi bu qondarma qeyri-qanuni rejimdə “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” keçirilməsinə etirazını bildirərək qeyd edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların, xüsusilə BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən Avropa Parlamentinin qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təsdiq olunub.

Eyni zamanda, adıçəkilən nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həllinin öz əksini tapması göstərilib. Güc tətbiqi ilə ərazi qazanılması və əldə edilmiş ərazilərdə xalqların öz müqəddəratını təyin etmək hüququ adı altında hakimiyyətin qanuniləşdirilməsi beynəlxalq hüququn prinsiplərinə ziddir.

Hesab edirik ki, Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayınca və münaqişə ədalətli həll edilməyənə qədər regionda uzunmüddətli sülhün və əməkdaşlığın bərqərar olması mümkün deyil. Biz inanırıq ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında ədalətli həllini tapacaq, azərbaycanlı əhali öz doğma torpaqlarına qayıdacaq və ədalət təmin olunacaq”.

Bəyanat “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin 15 fevral tarixli toplantısında qəbul edilib.


Müəllif:

Oxşar xəbərlər