Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Romada “10 hekayə. Bunlar həqiqət ola bilərdi...” adlı ədəbi-musiqili tamaşa nümayiş etdirilib.
Azərbaycan İtaliya səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, ədəbi-musiqili tamaşa Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın ideya müəllifi olduğu “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabındakı hekayələr əsasında hazırlanıb.
Azərbaycanın İtaliyadakı səfirliyi və “Espressione d'Arte” Assosiasiyasının birgə təşkilatçılığı ilə Romanın tarixi “Palazzo Brancaccio” sarayında keçirilən tədbirə İtaliyanın dövlət qurumlarının nümayəndələri, parlament üzvləri, İtaliyada akkreditə olunan diplomatik korpusun təmsilçiləri, ölkənin mədəniyyət, elm, akademik dairələrinin tanınmış şəxsləri, jurnalistlər də daxil olmaqla 250-dən çox tamaşaçı qatılıb.
Öncə tədbir üçün hazırlanan “Qarabağın səsi” adlı video-çarx təqdim edilib. Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Xocalı soyqırımını Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliyin kulminasiyası adlandırıb.
Ardınca İtaliya parlamentində Azərbaycanla dostluq qrupunun sədri, senator Sercio Divina çıxış edərək ermənipərəst çevrələrin Xocalıda baş vermiş qətliam barədə həqiqətlərin yayılmasına mane olduqlarını, bu kimi tədbirlərin keçirilməsinin Xocalı həqiqətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasındakı əhəmiyyətini vurğulayıb.
İtaliyalı senator bütün dünya ictimaiyyətinin Azərbaycan-Ermənistan münaqişəsinin həlli üçün Ermənistana ciddi şəkildə təzyiq etməsinin vacibliyini bildirib.
İtaliya İnsan Haqqları Liqasının sədri Antonio Stango mövzuya beynəlxalq hüquq nöqteyi-nəzərdən yanaşmış, Xocalı soyqırımı mövzusu ilə bir müddətdir məşğul olduğunu, bu mövzuda ötən illərdə bir sıra tədbirlər təşkil etdiyini, məsələyə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinin vacibliyini deyib.
Daha sonra ədəbi-musiqili tamaşa nümayiş etdirilib. Tamaşanın səhnə tərtibatı üçün aidiyyəti kitabdakı rəsmlər, "Xocalı uşaqların gözü ilə" mövzusunda yeniyetmə rəssamların çəkdiyi şəkillər, dünyada Xocalı soyqırımı abidələri, soyqırımın beynəlxalq səviyyədə tanınmasını əks etdirən kadrlar, habelə Xocalı soyqırımı ilə bağlı ölkəmizdə təşkil olunan rəsmi tədbirlərin fotolarından istifadə edilib.
Pərvin