Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Elşad Həsənov və Rüstəm Rzayevin məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Dövlət ittihamçısı çıxışında hər iki şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, bu il yanvarın 10-da Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşamış 1965-ci il təvəllüdlü Sevil Rzayevanın üzərində zorakılıq əlaməti olan meyiti yaşadığı evdə aşkar edilib.
Polis və prokurorluq əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən mərhumun keçmiş əri Rüstəm Rzayev və tanışı Elşad Həsənov tutularaq istintaqa cəlb ediliblər.
Məlum olub ki, Rüstəm Rzayevin keçmiş arvadı Sevil Rzayevanı öldürtmək məqsədi ilə tanışı Elşad Həsənovla 2000 manat müqabilində qabaqcadan razılaşıb.
Elşad Həsənov yanvarın 10-da Sevil Rzayevanın yaşadığı evə daxil olub və özü ilə götürdüyü küt alətlə mərhumun baş nahiyəsinə zərbə endirərək öldürüb.
Məlum olub ki, həyat yoldaşı Sevil Rzayeva ilə münasibətlərində problem yaranan Rüstəm Rzayev ondan ayrılmağa qərar verib. Yanvarın 18-də məhkəmə onların boşanması ilə bağlı məsələyə baxacaqmış.
Ərinin ondan boşanmasında israrlı olduğunu görən Sevil Rzayeva həyat yoldaşına məxsus evdən və obyektdən pay tələb edib. Rüstəm Rzayev isə Sevil Rzayevaya mülklündən pay verməmək üçün onu öldürtmək qərarına gəlib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham ediliblər.
Hacı Zeynalov