22 Fevral 2017 13:13
1 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ölkədə nadir rast gəlinən patologiyalardan biri “Bruqada” sindromudur”.

Teleqraf.com xəbər verir ki, bunu Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının müdir əvəzi İsaq Mustafayev deyib.

Onun sözlərinə görə, bu sindrom genetik olaraq nəsildən-nəslə keçərək müxtəlif həyati təhlükə olan aritmiyalar törədə bilir. Bu, aritmiyalar ürək dayanması ilə bərabər qəfləti ölümə də gətirib çıxara bilər: “Bruqada” sindromu ürəkdə heç bir struktur patalogiyası olmayan insanlarda müşahidə olunan anadangəlmə birincili kanalopatiyadır ki, autosom-dominant tip irsiyyətlə ötürülür. Xəstəlik ən çox özünü sinkopal hallarla göstərir ki, onun da əsasında polimorf MT və mədəcik fiprilyasiyası kimi həyati təhlükəli ritm pozuntuları durur.

Sindromun yayılmasının həqiqi göstəriciləri məlum deyil, amma ümumi məlumatlara əsasən Uzaq Şərqdə və Cənubi Şərqi Asiyada bu sindrom daha çox yayılıb”.

İsaq Mustafayevin sözlərinə görə, “bruqada” sindromu izaholunmaz qəfləti ölümlərin 4-12 faizini təşkil edir: “Bu sindrom uşaqlıq yaşından başlayaraq özünü büruzə verə bilər. Müalicə olunmadıqda xəstə 30-40 yaşlarında ölə bilər.

Strukturu normal olan ürəkdə baş verən qəfləti ölümün 20 faizinin əsas səbəbi bu sindromla əlaqələndirilir. Kişilərdə qadınlara nisbətən bu sindroma yoluxma 8-10 dəfə çoxdur”.

İsaq Mustafayev qeyd edib ki, Azərbaycanda iki ailə “Bruqada” sindromundan əziyyət çəkib: “Bizə 18 yaşında gənc qız çox ağır ürəkgetmə epizodu ilə müraciət edib. Həmin qızda kliniki və laborator müayinələrdə patalogiya aşkar olunmayıb, yəni ürəkgetmə baş verdikdən sonra tez müddətə ayıldığı üçün ailəyə təsəlli verdim ki, qorxulu bir şey yoxdur. Bu hallar təkrar olunarsa, onu uzadaraq ayaqlarını bir az yuxarı qaldırmaq bəs edər. Lakin atası bizə ciddi şəkildə xəbərdarlıq etdi ki, onun həyat yoldaşı 45 yaşında yuxuda ürəyi dayanaraq dünyasını dəyişib.

Ötən il isə oğlan övladı 17 yaşında eyni səbəbdən vəfat edib. Həmin qıza müvafiq aparat taxıldıqdan sonra ölüm halı baş vermədi. Bundan sonra həmin qızın təkrar ürək elektrokardioqramasına baxdıq. Bu zaman “bruqada” sindromumun göstəricilərini müşahidə etdik”.

Həkim əlavə edib ki, bu sindromdan əziyyət çəkən xəstələrdə dərman müalicəsindən geniş istifadə olunmur: “ Çünki bu patologiya zamanı ölümü ciddi azaldan dərman preparatı hələlik icad olunmayıb.

Sindromun aradan götürülməsi üçün ən effektiv metod elektroimpuls terapiyası (EİT) hesab edilir”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər