Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Brüsseldə, Avropa Birliyi siyasətinin planlaşdırıcısı və koordinatoru olan Avropa Komissiyasının qərargahı önündə “Xocalıya ədalət” şüarı altında keçirilmiş mitinqdə iştirak edib.
Şuradan Teleqraf.com-a verilən məlumata görə, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə təşkil etdikləri mitingdə Ə.Amaşov bildirib ki, azərbaycanlılar iki əsrdən artıqdır erməni separatçılarının etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalırlar. Ermənistanın XX əsrdə reallaşdırdığı siyasət də məhz buna hesablanıb: “Məqsəd bəllidir – Qafqazda türk varlığına son qoymaq. Xocalı soyqırımı da belə bir mənfur xislətdən irəli gələrək törədildi. Bu soyqırım bəşəri cinayətdir. Bura toplaşmaqda məqsədimiz də insanlıq əleyhinə olan cinayət əməllərinə dünya ictimaiyyətinin diqqətini çəkməkdir. Ortada Xocalı faciəsinin timsalında mütərəqqi beynəlxalq aləmin layiqli hüquqi qiymət verməli olduğu dəhşət var. Xocalıda 613 dinc sakin qətlə yetirildi. 1200-dən şəxs amansız işgəncələrə məruz qaldı. 155 nəfərin taleyinə hələ də aydınlıq gəlməyib. Meyitlərin təhqir olunması erməni vandallarının insanlığa sığmayan vəhşiliyinin göstəricisi idi. Ancaq təəssüf ki 25 ildir bütün bunlara layiqli qiymət verilmir. Halbuki Xocalı soyqırımı “Genosid cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada göstərilən müddəalara tam uyğundur. Konvensiyada göstərilir ki, genosid siyasətini törətmiş şəxslərin mühakiməsi və cəzalandırılması qaçılmazdır. Biz bu gün bunu tələb edirik. Ümumən Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tələb edirik. Çünki bu münaqişə mahiyyət etibarilə soyqırımı cinayətlərinə rəvac verən münaqişədir. Qarabağda çox dəhşətlər yaşanıb. Dünya birliyi bu dəhşətlərin bir daha yaşanmayacağına təminat verməlidir. Təminat isə Azərbaycanın haqq səsinin müdafiəsindən keçir”.
Ə.Amaşov həmçinin Xocalı faciəsinin dünya mediasının gündəminə çatdırılması sahəsindəki işlərin daha da intensivləşdirilməsinin vacibliyini önə çəkib. O, qeyd edib ki, ermənilər uzun illərdir qondarma “erməni soyqırımı” iddiası ilə dünya gündəmini işğal ediblər: “Bu bir gerçəklikdir ki, Ermənistan dövləti erməni lobbi və diaspor təşkilatlarının maraqlarına uyğun fəaliyyət göstərir, erməni kilsələrinin siyasi xarakterli oyunlarının vasitəçiliyini edir. Buna qarşı əks təbliğatın aparılması zəruridir. Avropadakı türk və azərbaycanlı diaspor təşkilatlarının bu prosesdə tənzimləyici rol oynaması mütləqdir”.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev çıxışında Azərbaycan dövlətinin Xocalı faciəsinin tanıdılması istiqamətində apardığı məqsədyönlü və ardıcıl işlərdən söz açıb. O bildirib ki, Ermənistanın Azərbaycana qarşı soyqırımı və terror siyasətinin mahiyyətinin dünya birliyinə çatdırılması ölkəmizin xarici siyasətində mühüm vəzifə kimi müəyyənləşdirilib. Bu işdə xaricdəki səfirliklərimiz və diaspor təşkilatlarımızın də üzərinə mühüm missiya düşür. Qafar Əliyev onu da bildirib ki, Xocalıda dinc əhaliyə, ahıllara və uşaqlara qarşı törədilmiş amansız qətliamlar müasir dünya düzəninin dinc və birgəyaşam qaydalarına kökündən vurulmuş zərbədir: “Bu cür dəhşətli faciəni həyata keçirənlərin hələ də məsuliyyətə cəlb olunmamaları insanlıq adına utanverici haldır və bu qətliam bütün dünyada soyqırımı kimi qəbul olunmalıdır. Azərbaycan xalqı məhz bunu gözləyir. İnanırıq ki, doğrudan da bir gün hamı Xocalıdakı soyqırımlara ədalətlə yanaşacaq və soyqırım faktı kimi qəbul edəcəklər”.
MŞ İdarə Heyətinin üzvü, ATXƏM-in sədri İlham İsmayıl çıxışında bildirib ki, dünya Xocalı həqiqətləri barədə müfəssəl məlumata malik olmalıdır. Dünya anlamalıdır ki, XX əsrdə törədilmiş bu dəhşətə laqeyd münasibət, günahkarların cəzasız qalması ümumən bəşəriyyət üçün böyük təhdidlərə yol açan mənzərə formalaşdırır: “Biz buna qarşı olduğumuzu bildirmək üçün də bura toplaşmışıq. Beynəlxalq birlikdən Xocalıya ədalət tələb edirik. Hər kəs bilsin və dərk eləsin ki, Xocalı bütövlükdə dünya tarixinin ən qanlı səhifələrindəndir. Ermənilər bütün dünyada özlərini soyqırıma məruz qalan məzlum xalq kimi təqdim edirlər. Lakin artıq bütün dünyada hər kəs anlamağa başlayıb ki, ermənilər əslində Azərbaycan torpaqlarında özlərinə dövlət qurublar, azərbaycanlılara qarşı bir neçə dəfə soyqırım törədiblər. Lakin bu gün bir çox aparıcı dövlətlər bu həqiqətləri bilsələr də, təəssüf ki ikilistandart yanaşmalarla məsələlərə siyasi don geydirir, Türk dünyasına təzyiq etmək üçün erməni yalanlarına haqq verməyə çalışırlar”.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli çıxışında Xocalı soyqırımının beynəlxalq hüquq tərəfindən soyqırımı cinayəti aktı kimi tanınmasının yetərincə hüquqi əsaslarının olduğunu diqqətə çatdırıb. Mövcud istiqamətdə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərin faydalı nəticələr verdiyini deyən E.Mirzəbəyli müxtəlif diaspor və lobbi təşkilatlarımızın, ictimai bilriklərimizin prosesə dəstək anlamında reallaşdırdığı tədbirlərin də vacibliyini qabardıb. Bu baxımdan keçirilən mitinqin əhəmiyyətini önə çəkib. Elçin Mirzəbəyli bildirib ki, Xocalı soyqırımı hadisələri ilə bağlı çoxlu sayda video materiallar, foto faktlar var: “Bütün bunlara baxmayaraq beynəlxalq ictimaiyyətin Xocalı soyqırımına hələ də tam ciddi yanaşmaması və ikili standartlardan çıxış etməsi təəssüfləndiricidir. Lakin biz dünyadakı reallıqları bilirik. Bu reallıqlara uyğun da Azərbaycan dövləti müvafiq addımlar atır. Erməni lobbisinin və diasporasının ciddi təzyiqləri, Ermənistanın himayə olunması fonunda “Xocalıya ədalət” kampaniyası çərçivəsində son illər ərzində görülən işlər kifayət qədər uğurlu hərəkətlərdir. Bunun davam etdirilməsi soyqırımı faktının tanınmasının əhatəsini genişləndirə bilər”.
Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi ermənilərin son yüz il ərzində Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti yürüdərək, bir neçə dəfə soyqırım aktlarını törətdiklərini qeyd edib: “Bu mənfur siyasətin nəticəsi olaraq, XX əsrin sonunda insanlıq ayıbı olan Xocalı soyqırımı faciəsi yaşanıb”, - deyən A.Dəmirçi rəhbərlik etdiyi cəmiyyətin Azərbaycan həqiqətlərinin Belçika cəmiyyətində təbliğinə dair gerçəkləşdirdiyi işlər barədə geniş məlumat verib.
Mitinqdə Azərbaycan və Türk diaspora təşkilatlarının nümayəndələri, tələbələr və yerli sakinlərin iştirak ediblər. ATXƏM-in icra katibi, «Birlik» jurnalının baş redaktoru İlqar İlkin, Türk Gent ocagı kurucu başkanı Recep Tuncer Sarı, Holandiya Azerbaycan Evinin rehberi İlhan Aşkın və başqaları Xocalı soyqırımının dünyaya tanıdılmasını yönələn tədbirlərin mütəşəkkiliyinin faydalı cəhətlərinə diqqət çəkiblər.
Qeyd edək ki, Ə.Amaşov fevralın 22-dən 28-dək Belçikada səfərdədir. Səfərin ilk günündə o, Genk şəhərində “Xocalı soyqırımı – 25 il” adlı fotosərgidə iştirak edib. MŞ sədri Genk şəhərində həmçinin “Qafqazda barışın önündəki əngəllər - Qarabağın işğalı” mövzusunda toplantıya qatılıb.
Deputat fevralın 23-də Belçika parlamentinin üzvləri - Vəli Yüksəllə, Şevket Temizlə, Hasab Köyuncu və senator Bridjit Qrousvellə görüşüb.