“Cəbhə xəttində baş verən son təxribat hadisəsinin arxasında bu gün Ermənistanda mövcud olan vəziyyət və başda hərbi cani Serj Sərkisyan olmaqla bu ölkəni idarə edən cinayətkar dəstə dayanır. Qarşıdan Ermənistanda seçkilər gəlir, bunların artıq siyasi karyerası laxlayır, Ermənistan cəmiyyətində çox ciddi etirazlar, gərginlik, hərbi xuntadan narazılıq var. Qarabağdan getmiş bu hərbi canilər orda siyasi hakimiyyəti zəbt edib hərbi xunta yaradıblar. Ermənistan cəmiyyətini, Ermənistan dövlətini, erməni xalqını fəlakət vəziyyətinə gətirib çıxarıblar. İndi öz cinayətlərini, uğursuzluqlarını ört-basdır etmək, erməni cəmiyyətində yalandan ümidverici vəziyyət yaratmaq üçün bu cür təxribatlara əl atırlar”.
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, ermənilər bu təxribatlar nəticəsində hər dəfə güclü zərbələr alırlar: “Keçən ilin aprelində olduğu kimi hər dəfə belə təxribat cəhdləri zamanı Ermənistanın müxtəlif bölgələrinə saysız-hesabsız əsgər meyiti gedir. Bu da vəziyyəti lap gərginləşdirir. Yəni, bunlar guya öz hakimiyyətlərinin ömrünü uzatmaq istəyirlər, amma bunun əksi alınır. Bu gün Ermənistan cəmiyyətində, o cümlədən Azərbaycan ərazilərində yaradılmış separatçı-qondarma qurumda ictimaiyyət arasında çox gərgin, təşviş dolu bir vəziyyət yaranıb. Çünki Azərbaycan Ordusu onların təxribatlarına güclü cavablar verib. Düzdür, bizdə də itkilər var. Elə Müdafiə Nazirliyinin verdiyi məlumata əsaslanıb deyirik ki, 5 itkimiz var. Onlarda itkilər bundan 10-15 dəfədən artıqdır. Bu, bizim gücümüzü və işğalçı ordunun zəifliyini göstərməklə bərabər, onların hakimiyyətinin sonunun da yaxınlaşdığını göstərir”.
E.Məmmədov onu da bildirib ki, beynəlxalq qurumlar hər zaman dayanıqlı atəşkəsdən, qarşılıqlı etimaddan bəhs edirlər: “Ancaq mən həmişə deyirəm, yenə də təkrar edirəm. Nə qədər ki, işğalçı dövləti ordusu Azərbaycan ərazilərindədir, dayanıqlı atəşkəs və etimad olmayacaq. Düşmənin silahlı qüvvələri bizim ərazilərimizdən nə vaxt çıxacaqsa, ərazi bütövlüyümüz nə vaxt təmin ediləcəksə, ondan sonra qonşu dövlətlər kimi sülh danışıqlarına başlaya bilərik. O zaman atəşkəs də olacaq, etimad da, digər zəruri tədbirlər də olacaq. Ancaq ərazilərimiz işğal altında qaldıqca heç bir etimaddan və dayanıqlı atəşkəsdən söhbət gedə bilməz”.
Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törədib. Düşmənin təxribatının qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub. Şəhid olan hərbçilərimizin nəşləri neytral ərazidə qalıb. Müdafiə Nazirliyinin yaydığı son məlumata görə, təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə döyüş meydanından təxliyə edilib.
Səxavət HƏMİD