27 Fevral 2017 23:29
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis sədrinin müavini, parlamentin insan hüquqları komitəsinin sədri Bahar Muradova son günlərdə cəbhə bölgəsində yaranmış vəziyyətlə bağlı fevralın 27-də Füzuli rayonuna səfər edib.

Teleqraf.com xəbər verir ki, Milli Məclis sədrinin müavini Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşərək, son günlərdə cəbhə xəttində yaranmış vəziyyətlə bağlı məlumat alıb.

Milli Məclis sədrinin müavini və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı rayonun təmas xəttində yerləşən Qazaxlar kəndində sakinlərlə görüşüb, onların vəziyyəti ilə maraqlanıblar. Bahar Muradova seçiciləri qarşısında çıxış edərək, onları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar strategiyasının və postneft dövründə reallaşdırılan yeni iqtisadi modelin mahiyyəti barədə məlumatlandırıb.

Bahar Muradova sakinləri son günlər cəbhədə baş verən hadisələrlə bağlı yayılan və əsası olmayan şayiələrə uymamağa çağırıb. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və siyasi iradəsi, Azərbaycan Ordusunun günbəgün artan qüdrəti və xalqın inamı sayəsində zəfər gününün uzaqda olmadığına əminliyini ifadə edib.

Kənd sakinləri bildiriblər ki, Ermənistan silahlı birləşmələrinin atəşkəsi mütəmadi pozmasına, cəbhədə törətdikləri təxribatlara baxmayaraq, Prezident, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna güvənərək, gündəlik məişət və təsərrüfat işləri ilə məşğuldurlar. Sakinlər dövlətimizin başçısının islahatlar kursunu dəstəklədiklərini vurğulayaraq, bütün sahələrə, xüsusən qaçqın və məcburi köçkünlərə göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gələn Milli Məclis sədrinin müavini Prezident İlham Əliyevin Sərəncamı ilə burada həyata keçirilən tikinti işləri ilə tanış olub, 23 il əvvəl kənd işğaldan azad edildikdən sonra yenidən doğma yurda qayıdaraq burada yaşamaqda davam edən Həziyevlər ailəsinə baş çəkib. Bahar Muradova 83 yaşlı Minarə nənə və ailə üzvləri ilə çay süfrəsi ətrafında söhbət edərək, onların Vətənə, elə bağlılığını böyük mətanət və şücaət nümunəsi adlandırıb.

Ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

N saylı hərbi hissədə olan Bahar Muradova əsgər və zabitlər qarşısında çıxış edib, Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyətdən danışıb.

Hərbi hissənin komandiri şəxsi heyətin düşmənin bütün təxribatlarına layiqli cavab verməyə, işğal altındakı torpaqlarımızın Ali Baş Komandanın əmri ilə istənilən an azad etməyə hazır olduğunu bildirib.


Müəllif:

Oxşar xəbərlər