İzmirdə "Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyi"nin təşkilatçılığı ilə millət vəkilləri Qənirə Paşayeva və Aydın Hüseynovun QHT, KİV və türk dünyası ziyalıları ilə görüşü keçirilib.
Tədbirin təşkilatçısı "Azərbaycan Qardaşlıq və Əməkdaşlıq Dərnəyi"nin rəhbəri Asif Qurban bildirib ki, Qarabağ həqiqətlərinin dünyaya daha geniş yayılmasında QHT, KİV və qardaş dövlət və xalqları təmsil edən təşkilatların dəstəyinin artması çox vacibdir.
Q.Paşayeva və A.Hüseynov cəbhədə baş verən son hadisələrdən, işğalçı Ermənistanın təxribatlarına layiqli cavab verərkən qəhrəmanlıqla şəhid olan insanlarımızdan danışıblar. İşğalçı Ermənistanın daim ön cəbhədə törətdiyi təxribatar barədə geniş danışan millət vəkilləri gerçəklərin dünyaya çatdırılmasında qardaş ölkələrin QHT, KİV və diaspor təşkilatlarının da üzərinə böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıblar.
İzmirdə yaxın zamanlarda Xocalı soyqırımı ilə bağlı 3-cü abidənin də Qaziemirdə açılacağını deyən millət vəkilləri bu işdə əməyi olanlara təşəkkür edərək bu cür addımların önəmindən danışıblar.