6 Mart 2017 17:34
2 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını AMEA Tarix İnstitutunun əməkdaşı Paşa Həsənli (Oğuz) cavablandırıb:

- Bu gün Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. Məhəmməd Əminin Azərbaycan tarixində yerini necə qiymətləndirirsiniz?

- Tarix boyu millətimizin yetişdirdiyi çox böyük, qüdrətli insanlar olub. Bunların sırasında şairlərimiz, filosoflarımız, düşüncə adamlarımız, siyasi xadimlərimiz, sərkərdələrimiz, böyük hərbçilərimiz, dövlət adamlarımız, imperiya və dövlət qurub, onları idarə edən nəhənglərimiz olub. Amma içərisində elələri var ki, Azərbaycanın müəllifləridir, nəinki onun ağsaqqalı, böyükləridir, öz dövründə və özündən sonra yüzilliklər ərzində taleyini müəyyənləşdirən insanlardır. Məhəmməd Əmin Rəsulzadə məhz elələrindəndir, onlar mahiyyət etibarilə Azərbaycanın özü olan övladlarındandır. Gələcəkdə bizim görmək istədiyimiz, hamımızın arzuladığı, cənublu-şimallı bütün torpaqları özündə birləşdirən qüdrətli Azərbaycan ki, olacaq, bax onun da müəllifi Məhəmməd Əmin Rəsulzadədir. O, öz dövründə bütün ətraf ölkələrdən, eyni mentalitetə xas İslam dünyasından tamamilə fərqli, çağdaş, XXI-XXII əsrlərə hesablanan, qüdrətli Azərbaycanın müəllifidir. İki il ərzində dövlətin təməlini elə qoydu ki, kimlərsə istəsə də, bu yoldan bu gün də dönmək mümkün deyil. Azərbaycan o yolla gedir və gedəcək.

Məhəmməd Əmin Rəsulzadə və yoldaşlarının 2 illik hakimiyyət dövrü olmasaydı, SSRİ dönəmində Azərbaycan Sovet Sosialist Respublikası olmayacaqdı. Ən yaxşı halda Dağıstan, Çeçenistan kimi Rusiyanın subyekti olaraq yaşayacaqdı. Sovet hakimiyyəti Azərbaycan türklərindən çox qorxurdu, Krım tatarlarının günündə də ola bilərdik. Məhəmməd Əmin Rəsulzadənin 1920-ci ildə hakimiyyəti Azərbaycan parlamentinin bolşevik fraksiyasına şərtlərlə, Azərbaycan Sovet Sosialist Respublikası qurmaq istəyənlərə təhvil verməsi, 1922-ci ildə SSRİ-nin qurulması ilə bağlı müqavilə imzalayan əsas ölkələrdən birinin Azərbaycan olması bizi dövlət kimi xilas elədi. Azərbaycan Sovet dönəmində də respublika kimi qaldı, sonradan SSRİ dağılanda da müstəqilliyini əldə edə bildi. Bunlar bütövlükdə Məhəmməd Əmin Rəsulzadənin xidmətidir.

Nə İran, nə Rusiya istəyirdi ki, bura Azərbaycan adlansın. Müxtəlif adlar təklif edirdilər, İran hətta nota da vermişdi, düşmənçilik edirdilər ki, Azərbaycan adını qoymaq olmaz, çünki Azərbaycanın əksəriyyəti İranın tərkibindədir və s. Amma Məhəmməd Əmin Rəsulzadə israr edib dövlətin adını Azərbaycan qoymaqla gələcək Bütöv Azərbaycanın təməlini qoymuş oldu.

- Siz Milli Azadlıq Hərəkatının fəallarından biri olmusunuz, həmin dönəmdə millətçilik, türkçülük pik həddə idi. Sizcə, Məhəmməd Əmin Rəsulzadəni türkçü, millətçi kimi xarakterizə etmək doğru olardı, yoxsa ona daha çox demokrat imici yaraşır?

- Türkçü, millətçi anlayışı xeyli dərəcədə korrektəyə ehtiyacı olan, mübahisəli anlayışlardır. Loru dildə danışaq, siz hansı millətdənsiniz?

- Türkəm...

- Ay sağ olun, xalqımızın əksəriyyəti kimi siz də türksünüz. Mən də türkəm. Bizim “biz türkçüyük” deməyimizə nə ehtiyac var? Onsuz da türkük də. Mahiyyətimiz, dilimiz, ədəbiyyatımız, atalarımız, babalarımız, gələcək nəsillərimiz də türkdür. Bu, bizim seçimimiz deyil. Sosialist, kommunist ola bilərik. Bu, bizim seçimimiz, əqidəmiz olar. Bir şey ki, bizim damarımızda axan qanla, genlərimiz, keçmişimiz bağlıdır, bunu özümüz müəyyənləşdirmirik. Tanrının bizə verdiyi taledir. Sadəcə olaraq, millətimizin mədəniyyətini, əxlaqını dünyaya təbliğ etmək istəyiriksə, öz milli kimliyimizin başqa millətlərin milli kimliyi içərisində əriməsinə imkan vermək istəmiriksə, biz türkçü olmuruq.

Türkçü o adam olar ki, türk olmadan türk millətini təbliğ edər. İngilis olmaya-olmaya ingilisləri təbliğ etsəm, onlara vurğunluq etsəm, mədəniyyətini yaysam, o zaman mənə ingilis demək olar. Türklük isə milli mahiyyətimizdir.

Məhəmməd Əmin Rəsulzadəni türkçü yox, böyük demokrat sayıram. Qurduğu dövlətin mahiyyətindən də demokrat olduğu görünür. Xatırlayırsınız, parlamentdəki fraksiyaları, təzə yaradılmış bir dövlətdə o zaman üçün siyasi qüvvələrin hamısı, Azərbaycana düşmən mövqeyində olan bolşeviklər də təmsil olunurdu. Çoxları bu faktı o dövrün hakimiyyətinin fəxri kimi qəbul edir. Rəsulzadə o dövrün aparıcı qabaqcıl dövlətlərinin qanunlarına dayanan, klassik demokratik dövlət yaratmışdı. Özü də bu dövləti Avropanın göbəyində deyil, müsəlman dünyasında qurmuşdu. Şimalda, cənubda bir sıra xalqların hələ bir tayfa kimi təşəkkül tapmadığı şəraitdə bugünkü Avropa dəyərlərinə əsaslanan hüquqi sayıla biləcək dövlət qurmuş dahidir.

Məhəmməd Əmin Rəsulzadə şübhəsiz, demokratdır, vətənpərvərdir. Milliyyətçi sözünün özü vətənçi deməkdir. O təkcə öz millətinin övladı deyildi, rus imperiyası tərkibində olan bütün hüquqları tapdanan millətlər, müsəlman xalqları haqda çağırışlar edirdi. Rəsulzadə təpədən-dırnağa qədər türk idi, öz mədəniyyətini sevirdi və təbliğ edirdi. Türkçü anlayışı bilirsinizmi, nə vaxt əmələ gəldi? Millətin adını dəyişdirəndən sonra. Artıq türklük əqidəyə çevrildi, filankəs deyirdi mən türkəm, yaxud türk deyiləm.

- Yeri gəlmişkən, bizdə tez-tez etnik tərkiblə, millətimizin, dilimizin adı ilə bağlı müzakirələr açılır...

- 1938-ci ildən sonra Azərbaycan türklərinə qarşı çox böyük cinayət işləndi. Tarix boyu başımıza gətirilən barmaqla sayılan bir neçə ən böyük fəlakətdən və cinayətdən biri türk adının millətin üzərindən götürülməsi idi. Dövləti itirmək bunun qədər fəlakət deyil. Bu proses 1938-ci Stalinin rəhbərliyi altında həyata keçirilirdi, ondan sonra bu cür söhbət və mübahisələr açılmağa başladı. Bu da millətə aşağılıq kompleksi yaradır, milləti daxilən sındırır, onun gücünü alır, çünki millət öz kimliyini dərk edə bilmir. Bir sıra hallarda bəzən millət deyir hələ bu günə qədər müəyyənləşdirə bilməmişəm ki, hansı millətik. Belə söhbətləri yəqin eşidirsiniz. Bunu edənlər Azərbaycanın düşmənləri idi, bu gün məsələni qabardanlar da xalqımızın, türk millətinin düşmənləridir. Tarixdən belə formalaşıb ki, şimallı-cənublu, Şərqi Anadolu da daxil olmaqla, Xorasana qədər İranın xeyli hissəsi, İraqın şimalı, Azərbaycanın etno mədəni arealı adlandırdığımız ərazi, Güney Qafqazdakı Şimali-Qərbi Azərbaycanda Azərbaycan dilinin şivələrində danışan başqa əhali bütövlükdə xalis türk millətinə aid insanlardır. Hətta Türkiyədə türk etnonimi istifadə olunmayanda Azərbaycanın əhalisi sənəddə də, danışıqda da türk adlanıb və bu gün türk millətidir. Türk xalqı, milləti dediyimiz klassik anlam bilavasitə Azərbaycan türklərinə aid olub. Bu millətin ikinci başqa adı yoxdur. Azərbaycan bizim tarixi ərazimizin adıdır, ad süzülə-süzülə formalaşıb, Azərbaycan şəklinə gəlib çatıb.

Ölkəmizin içində başqa-başqa regional adlar var: Şimal, Muğan, Mil və sair. Bu millətin adı türk millətidir. SSRİ-nin təməlini qoyan ölkələrdən biri olan Azərbaycanın Konstitusiyasında da, adında da Azərbaycan Sovet Türk Respublikası adlanırdı. 1938-ci ilədək azərbaycanlılara verilən pasportlarda milliyyət türk yazılırdı. Türkiyədə rəhmətlik Mustafa Kamal Paşa təbii olaraq əhalini sənədləşdirəndə əhalinin hamısını türk olaraq yazdırdı. Adətən, müsəlman, Osmanlı tərzdə yayılmışdı, onlar da türk idilər, eyni kökdənik. Sadəcə olaraq, Osmanlı dövlətinin tərkibində yaşayırdılar, bu dövlət də özünü İslamın dayağı hesab edirdi, müsəlmanlıq, İslam ümməti təbliğ edilirdi.

Cümhuriyyət qurulandan sonra Atatürk əhalini yenidən sənədləşdirdi, türk adını millətə qaytardı, ölkənin adı Türkiyə qoyuldu, millətin adı türk olaraq yazıldı. O vaxt Stalinin canına qorxu düşdü. Təcili olaraq düşündülər ki, Azərbaycan türklərinin adı dəyişdirilib başqa ad qoyulmalıdır, respublikanın adından da türk sözü götürüldü. Türk sözünü qadağan elədi, pantürkizm təbliğatı aparılmağa başladı, təsəvvür edin ki, millətin öz adına görə insanları güllələyirdilər, öldürürdülər. Siyasi məqsədlər vardı. Bu gün məsələni qaldıranlar, Azərbaycan türklərinin müxtəlif millətlərin qarışığı olması, millətimizin türk olmaması iddiasını qaldıranlar ya ənənəvi olaraq hansısa xarici dövlətlərin sifarişini yerinə yetirirlər, ya da öz mahiyyətlərində türk düşmənləridir, özləri türk deyil, şübhəsiz, xalqımızı sevməyən insanlardır.

- Mətbuatda anti-türk ovqatı hiss edilir. Bəziləri bunu Rusiyanın regionda güclənməsi ilə izah edir. “Biz türk deyilik, azərbaycanlılar türk deyil” ifadəsinin türklük davasına adiyyatı varmı?

- Azərbaycanlı olaraq hər kəsin çoxlarının dilinə gətirməsə də, gələcəyə yönəlik planları, istəkləri var. Şimalda zəbt olunmuş ərazilərimizin yoxluğu, Qarabağ, Zəngəzur, Göyçə itkisi ilə heç vaxt barışmamışıq. Əminliyimiz var ki, torpaqlarımızı geri qaytaracağıq. Cənubla bağlı böyük planlarımız var. Azərbaycanın tarixi torpaqlarını vahid dövlətdə birləşdirmək istəyirik. Bu, Qafqazla Yaxın Şərqin arasında ikinci böyük türk dövlətinin yaranması deməkdir.

Bütün istək və arzularımızda dayağımız Türkiyədir. Türkə düşmən olan qüdrətli dövlətlər bu prosesin qarşısını almaq istəyir. Türkiyə günü-gündən qüvvətlənir, ətrafdakı ərazilərə təsir edə bilir. Yaxın ərazilərdə nə olsa, Türkiyənin mənafeyi ilə hesablaşılmalıdır. Gələcəkdə bütöv Azərbaycanla böyük Türkiyənin birliyi görünür. Bu, düşmənləri qorxuya salır. Onlar 20-30 il sonrakı siyasi şəraiti hesablayırlar. Xəfiyyə, kəşfiyyat, hərbi sahədə olduğu ictimai təfəkkürdə gələcək qüdrətimizə qarşı fəaliyyətlərini davam etdirirlər. Hər vəchlə bu prosesin qarşısını almağa çalışırlar. Millətimizə qarşı ən böyük düşmənçilik odur ki, bəzi şəxslər o dövlətlərin alətinə çevriliblər. Əgər türkdürlərsə, türk deyillərsə ərazisində yaşadıqları millətin gələcəyinə də, keçmişinə də xəyanət edirlər, çox dəhşətli cinayətdir.

- Bakı Dövlət Universitetinin professoru Nizaməddin Şəmsizadənin “Şah İsmayılın damarından xristian qanı axır” fikirləri sosial şəbəkədə geniş müzakirəyə səbəb oldu. Sizin bu aspektdə fikirlərinizi bilmək maraqlı olardı...

- Əlbəttə, damarında xristian, müsəlman və ya bütpərəst qanı axması terminini qəbul etmirəm. Damarda hər hansı bir etnosun qanı axa bilər də. Dinin qanı axmaz ki... Müsəlman xristian ola bilər, başqa ənənəvi dinlərin nümayəndələri içində İslamı qəbul edib müsəlman olanlar da var. Onların damarında müsəlman qanı axır deyək, yoxsa keçmiş xristian qanı axır? Belə şey olarmı? Osmanlı sultanlarının da, Azərbaycan hökmdarlarının xeyli hissəsinin ana və nənə tərəfi başqa millətlərdən olub. Biz yəhudi deyilik, genetik milli mənsubiyyət ata tərəfdən hesablanır.

Təbii ki, Şah İsmayıl babaları, ataları ilə birgə türkdür. nənəsinin hansı millətdən olmasının nə dəxli var? Onun Azərbaycan tarixindəki yerindən, rolundan danışmaq olar. Nənədən danışmaq heç yerinə düşmür. Bundan başqa, Şah İsmayılla Səfəviləri ayırmaq lazımdır. Səfəvi xanədanı sülaləsi Şah İsmayılın nəslindən olan ən müxtəlif insanlardan ibarətdir. Səfəvilər dövründə törədilmiş bütün cinayətlərin hamısını Şah İsmayılın üstünə yaxırlar. Şah İsmayıl Azərbaycan və türk tarixində bütün səhvləri, yanlışlıqları ilə birlikdə çox böyük yeri və rolu olan, bütövlükdə türk dünyasının yetişdirdiyi ən böyük övladlardan biridir. Onu məqsədli şəkildə qaralamaq, çamur atmaq, nənəsi haqda fikirlər işlətməyi doğru hesab eləmirəm.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər