6 Mart 2017 19:41
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

YAP-ın Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə son günlər bloqer Mehman Hüseynovun həbsi ilə əlaqədar bəzi daxili və xarici qruplar, təşkilatlar tərəfindən Azərbaycan hakimiyyətinə ünvanlanmış çağırışlara münasibət bildirib.

Aydın Mirzəzadə Teleqraf.com-a bildirib ki, Mehman Hüseynov siyasi fəaliyyətinə və ya baxışlarına, bloqerliyinə görə deyil, konkret cinayət əməlinə görə mühakimə edilir. Deputatın fikrincə, cinayət törədən şəxsin siyasi mənsubiyyəti, onun peşəsi, yaşı, yaşadığı yer əhəmiyyət daşımır, törətdiyi cinayət onun ittiham olunması üçün əsas ola bilir: “Heç bir beynəlxalq təşkilat Mehman Hüseynovu müdafiə eləmir. Onu müdafiə edənlər xarici ölkənin qeyri-hökumət təşkilatlarıdır, müraciətlərinin də mahiyyəti uyğunsuz olur. O cür təşkilatlardan Azərbaycanda minlərlədir. Onların dediyindən belə çıxır ki, Azərbaycanda iki Cinayət Məcəlləsi qəbul edilməlidir. Biri Mehman hüseynovlar kimisi, o birisi isə cəmiyyətin digər təbəqələri üçün qəbul olunmalıdır. Mehman Hüseynovun məhkum edildiyi Cinayət Məcəlləsinin maddəsi ilə Azərbaycanda yüzlərlə insan mühakimə edilir. Necə olur ki, bir nəfəri müdafiə edirlər, amma o biri insanlar yaddan çıxır. Belə yanaşmanı anlamaq çox çətindir”.

Millət vəkili qeyd edib ki, Azərbaycan müstəqilliyini qurduqdan sonra inkişaf etmiş demokratik ölkələrdən hüquqi dövlət, insan hüquqlarının qorunması, eyni zamanda azad mətbuat prinsiplərini öyrənib: “Bir qrup xarici QHT-nin Mehman Hüseynovu müdafiə etməsi bizim Qərb ölkələrindən öyrəndiyimiz demokratiya prinsipləri ilə heç cür uyğun gəlmir. Hesab edirəm ki, burada siyasi məqsəd var. Mehman Hüseynovun həbsini siyasələşdirməyə çalışırlar. Bəlkə də onların Mehman Hüseynovla bağlı hansısa planları olub, bir layihəni həyata keçirirlərmiş və Mehmanın cinayət əməlinə görə həbsi onların arzularını yarımçıq qoyub? Çox istərdim ki, xarici QHT-lər Azərbaycan qanunvericiliyi ilə tanış olsunlar, ölkəmizlə bağlı qeyri-obyektiv fikirlər səsləndirməsinlər, məsələni siyasiləşdirməsinlər. Bu baxımdan onların ittihamları qəbuledilməzdir”.

Qeyd edək ki, M. Hüseynov saxlandığı Nəsimi rayon Polis İdarəsində təzyiqə məruz qalması barədə açıqlama verib. Bundan sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onunla bağlı xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. O, bloqgerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. Məhkəmənin hökmü ilə M. Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib.


Müəllif:

Oxşar xəbərlər