Ermənistanın Rusiyadakı səfiri Oleq Yesayan Rusiyanın televiziya aparıcısı Vladimir Solovyovun sözlərinə sərt reaksiya verib.
Teleaparıcı Yerevandakı mətbuat konfransında erməni səfirinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna açıq-şkar uduzduğunu bildirib.
V.Solovyov Azərbaycan səfirini parlaq şəxsiyyət adlandırıb və erməni diplomatiyasını fəaliyyətsizlikdə ittiham edib.
"Ermənistanın Rusiyadakı səfiri kimdir? Kimdir o? Siz onu tanıyırsınız? Azərbaycanın Rusiyadakı səfiri kimdir? Polad Bülbüoğlu. Parlaq şəxsiyyət... Əlbəttə, Rusiya prezidenti ilə sizin prezidentinizin münasibətlərinin aydın və çox yaxşı sistemi var. Başqa cür Qarabağda vəziyyət həll edilməzdi", - deyə jurnalist bildirib.
O.Yesayan bu sözlərə görə Solovyovun ünvanına kəskin tənqidlər səsləndirib. O bildirib ki, təxminən bir il televiziya aparıcısı tərəfindən onun ünvanına məqsədyönlü monoloqa məhəl qoymayıb, amma daha dözmək niyyətində deyil.
"Bəlkə də bu son iş günündə, hansı ki, mən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə vidalaşma görüşünə gedirəm, susmaq daha yaxşı olardı və mən istəməzdim ki, Ermənistanın Rusiya Federasiyasındakı səfiri kimi mənim yeddiillik fəaliyyətimin son şərhi məhz bu fikirlərlə yadda qalsın. Ancaq mən məcburam, çünki cənab Solovyov özünün bizim ictimaiyyəti həyəcanlandıran çoxdankı nöqteyi-nəzərini yenidən, özü də Yerevanda səsləndirib.
Hər şeydən əvvəl, Solovyovun məni tanıyıb-tanımaması haqda. Əgər bu sözlərin ənənəvi mənasına əsaslanacağıqsa, onda o açıq-aydın yalan danışır. Əgər bu sözlərin məzmununun onun tərəfindən necə başa düşülməsinə nəzər yetirməli olsaq, onda o birmənalı haqlıdır. Bu mənada o məni tanımır və tanıya da bilməz...”, - deyə tert.am O.Yesayandan sitat gətirir.
Sonra Yesayan sual verir: görəsən, Solovyov Bakıda bu cür çıxış etməyə və Azərbaycan diplomatlarını tənqid etməyə cürət edərdi?
Daha bir maraqlı məqam. Bu gün erməni KİV-i məlumat yayıb ki, Oleq Yesayanı Vardan Toqanyan əvəz edəcək, hansı ki, adı ofşordakı şirkətlər və şəxslər haqda informasiyalardan danışan "Panama dosyesi”ndə xatırlanır. Bildirilir ki, Vardan Toqanyan 2014-cü ildə brilyantların cilalanması ilə məşğul olan "Şoqakn" şirkətinin səhmdarı olub.
/Virtualaz.org/