9 Mart 2017 15:16
2 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Bakıdan Sumqayıta gedən “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə 5 nəfər ölüb, 17 nəfər yaralanıb.

Səhiyyə Nazirliyinin açıqlamasına görə, hadisə zamanı avtobusda ümumilikdə 28 nəfər olub.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şəfa Mehmanqızı Teleqraf.com-a açıqlamasında bildirib ki, “Ford Transit” markalı mikroavtobus qanunsuz fəaliyyətlə məşğul olub: “Bizim idarə tərəfindən həmin mikroavtobusa fərqlənmə nişanı verilməyib. Onlar qanunsuz fəaliyyət göstərirlər”.

Şəfa Mehmanqızı qeyd edib ki, müəyyən tələblər var ki, onlara cavab verən nəqliyyat vasitlərinə fərqlənmə nişanı verilir.

Yeri gəlmişkən, nəqliyyat vasitəsinə fərqlənmə nişanının verilmə şərtləri aşağıdakı kimidir:

Avtomobil daşıyıcısı sərnişinləri və ya yükü müvafiq avtonəqliyyat vasitəsi üçün daşımanın sifarişçisi tərəfindən müəyyən olunmuş marşrut üzrə daşımalı, daşınmanın daha uzun marşrutla yerinə yetirilməsi məqsədəuyğun olduqda, avtomobil daşıyıcısı həmin marşrutu daşınmanın sifarişçisi ilə əvvəlcədən razılaşdırmalıdır.

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları üzrə müntəzəm marşrutların müəyyən edilməsi və rəsmiləşdirilməsi qaydası “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” ilə müəyyən olunur.

Daşıyıcı sərnişin və ya yük daşımalarının yerinə yetirilməsi üçün yararlı və saz vəziyyətdə olan avtonəqliyyat vasitəsini sifarişçiyə təqdim etməlidir.

Avtomobil daşınmasının sifarişçisi müqavilə şərtlərinə uyğun olmayan və ya müvafiq avtomobil daşınmasının yerinə yetirilməsi üçün yararsız hesab etdiyi avtonəqliyyat vasitəsindən imtina etmək hüququna malikdir. Bu halda avtonəqliyyat vasitəsi sifarişçiyə təqdim olunmamış hesab edilir.

Avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsinə görə daşıyıcı, sərnişini və onun baqajını yola düşmə yerindən təyinat məntəqəsinə çatdırmağı, sərnişin isə daşınma haqqını ödəməyi öhdəsinə götürür.

Müntəzəm marşrutlar üzrə avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsinin bağlanması sərnişinə verilmiş bilet və baqaj qəbzi ilə təsdiq olunur. Gediş sənədlərinin (biletlərin) sərnişinlərə satışı daşıyıcı və ya avtomobil nəqliyyatı ilə daşımaların təşkilatçısı tərəfindən təşkil edilə bilər. Avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsinin bağlanması qaydası Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktları ilə müəyyən edilir.

Avtomobil nəqliyyatı ilə sərnişin daşınmasının təşkili haqqında müqavilədə daşınmanın marşrutu, qrafiki və cədvəli, istifadə olunacaq avtonəqliyyat vasitəsinin növü və ona dair tələblər, daşınma xidmətlərinin siyahısı, gediş haqqının məbləği və onun ödənilməsi qaydası, avtomobil nəqliyyatı ilə daşımaların həcmi və buna görə hesablaşma qaydası və digər şərtlər müəyyən edilə bilər.

“Digesta” firmasının direktoru Ərşad Hüseynov deyir ki, “Ford Transit” markalı mikroavtobusa 28 nəfər yerləşdirmək mümkün deyil və qanunsuzdur: “Hətta şəhərarası daşımalarda istifadə olunan ortaq tutumlu avtobuslar da 23-24 nəfərdən artıq sərnişin götürə bilməz. Dünyanın hər yerində mikroavtobusda oturacaqların sayı 16 nəfər olur. Nadir hallarda 18 nəfər ola bilər.

Hazırda sərnişin daşınamsında istifadə olunan mikroavtobusların əksəriyyəti yük avtomobilləridir. Sürücülər həmin maşınlarda özbaşına konstruksiya dəyişikliyi edirlər. Yük maşınında yük yerinə sərnişin daşıyırlar”.

Ərşad Hüseynov deyir ki, “Ford-Tranzit” markalı avtobusun əksəriyyətini zavod 8, 13, 15 nəfərlik buraxır, amma sürücülər oturacaqlar artırır və 20-dən daha artıq adam aparırlar. “Ford-Tranzit”in konstruksiyasına çox ciddi müdaxilə olunub dəyişildiyi üçün həmin maşınlar qəzaya düşəndə ölü və yaralı sayı çox olur.

Həmin mikroavtobusda istehsalçının müəyyən etdiyi sayda oturacaqlar olmalı, təhlükəsizlik kəməri ilə təchiz olmalıdır”.

Ərşad Hüseynovun sözlərinə görə, şəhərdə qanunsuz fəaliyyət göstərən mikoravtobuslar var: “Tutaq ki, kiminsə avtobusu var, çıxıb küçəyə adam daşıyır. Onun fəaliyyətinə Dövlət Yol Polis nəzarət etməlidir. Bakı-Sumqayıt arasında bu daşımalar uzun müddətdir davam edir. Çünki 20 Yanvar metrosu yanında həmin mikroavtobuslar avtovağzal düzəldiblər və sərnişin daşıyırlar”.

Ekspert qeyd edib ki, şəhərarası daşımalar üçün Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və Dövlət Yol Polisi nəzarət etməlidir: "Bu cür avtobusa heç bir idarə fərqlənmə nişanı verə bilməz. Fərqlənmə nişanında vergi ödəyicisi kimi qeydiyyata düşməli, avtobusu harda işlədilməsi barədə müqaviləsi olmalıdır. Avtobusların bu cür özbaşınalıqları illərdir davam edir. Bunlara son qoyulmalıdır”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər