Bu gün sonuncu, yel çərşənbəsidir. Novruz bayramına az qalır. Hər kəs çalışır ki, Milli bayramımız sayılan Novruz bayramını şadyanalıqla qeyd etsin. Gənc jurnalistlər bu ənənəni necə davam etdirəcək, Novruz bayramının harada keçirəcəklər?
“Kaspi” qəzetinin əməkdaşı Lalə Musaqızı deyir ki, bayramı evdə keçirəcək: "Hələ bayram alış-verişi etməmişik. Bilmirəm nədəndir, elə bil Novruz bayramının dadı-duzu qaçıb. Artıq əvvəlki həvəslə adam bayram şirniyyatı bişirmək istəmir.
Əvvəllər mütləq yığışıb qapı busardıq, çərşənbə tonqalının üzərindən tullanardıq. Bu il qapı pusmağı düşünmürəm, amma ocağın üzərindən tullanacam ki, ağırlığım-uğurluğum köhnə ildə qalsın”.
“Bizim Yol” qəzetinin reportyoru Ramid İbrahimov deyir ki, Novruz bayramının adı gələndə sevinir: “Bizim üçün yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Hər kəs baharın ilk günü olan bu bayramı məmnuniyyətlə gözləyir. Əylənmək, istirahət etmək istəyir. Nə yazıq ki, mən yenə bayram günlərini kirayə evdə keçirəcəm.
Əgər kirayə pulunu verə bilsəm və kommunal xidmət haqqını ödəmək imkanım olsa, bayramı daxmada yatmaqla və kinoya baxmaqla keçirəcəm. Evdə nə şəkərburanın, nə paxlavanın, nə də qoğalın iyi gələcək. Çünki nə bişirməyə imkanım var, nə də almağa. Hamının bayramını təbrik edirəm. Ocaqlar xeyir üçün yansın”.
“AzVision.az” saytının müxbiri Aytən Zəhra da bayramı evdə qarşılayacaq: “Bayramı evdə ailəmlə birlikdə keçirəcəm. Niyəsini bilmirəm, amma hər il Novruz bayramı mənə bir az da yadlaşır, uşaq vaxtı keçirdiyim sevinc hissi qalmayıb. Bəlkə o dövrlərdə olan adətlər, oyunlar olmadığı üçündür. Düzdür, bayram ab-havası olmasa da nəsə almağa çalışmışam. Hamı kimi bayrama lazım olanlardan da bir az almışıq, beləcə Novruz bayramını qeyd edəcəm.
Bir də çalışacam qızıma daha çox vaxt ayırım, teatra, oyun yerlərinə aparım və onunla bolluca vaxt keçirim”.
“Report” İnformasiya Agentliyinin müxbiri İlkin Pirəli deyir ki, Novruz bayramını Bakıda keçirəcək: “Tətil müddətindən istifadə edib, rayona getmək planım da var. Ötən dövrlərə nisbətən bayram ab-havası zəifdir. Təbii ki, maddi durumla bağlıdır. Bu baxımdan xüsusi keçirməyin də mənası yoxdur”.
“Modern.az” saytının müxbiri Namidə Bingöl deyir ki, bayramın gəlişinə böyüklərdən çox uşaqlar sevinir. Bu da səbəbsiz deyil: “Manat devalvasiyaya uğradıqdan sonra maddi çətinliklə üz-üzə qalan ailələrin sayı çoxalıb. İş ondadır ki, əvvəllər 50-100 manata bir aylıq bazarlıq etmək mümkün olsa da, son 2 ildə heç bir həftə də bu pula aldıqlarımız bəs etmir. Bu il də istisna deyil. Necə deyərlər dəyərdən düşən pulla gen-bol bazarlıq da etmək olmur.
Amma hamı kimi mən də əziz bayramı büdcəmə uyğun keçirməyə çalışacağam. Bu il bayram bazarlığını 2 həftə əvvəl etdim. Şirniyyatları özüm bişirirəm deyə qoz, fındıq, badam ləpəsini öncədən alıb hazırlayıram. Amma öncədən bayram bazarlığı etsəm də, qiymətlər ürək açan deyil. İldə bir dəfə bayram keçiririk deyil
İlaxır çərşənbəni keçirmək üçün 100-200 manat xərcləmək olar. Qaldı ki, Novruz bayramı axşamına, düşünürəm ki, 300 manatla bütün bayram bazarlığı etmək olar”.
Araşdırmaçı jurnalist Elmin Nuri bildirib ki, Novruz bayramı onun üçün başqa dünyanın, mənəvi məkanın özüdür: “Uşaqlıqdan indiyə qədər Novruza heç zaman sıradan bir bayram kimi baxmamışam. Tam pafossuz-zadsız deyirəm. Hər zaman da Novruz sevgimə görə fəxr etmişəm. Şəhriyarın "Heydərbabaya salam" poemasındakı Novruz mənim üçün xəyali zamanın, oyanışın özüdür. Kimi bu bayramı Avesta- Zərdüştiliklə, kimisi İslamla əlaqələndirir. Amma Novruz din qəlibinə sığmır. O, bizim qanımızdadır.
21 martda həm də insan olaraq yenilənirik. Bu barədə çox danışmaq olar, lakin kontekstdən çıxmayaq. Novruz barədə bu cür düşünürəmsə, deməli, məkan etibarilə harada keçirməyimin heç fərqi yoxdur. Mən Novruzu hər zaman öz ruhumda keçirirəm. İnanın bu pafos, yaxud süni bədiiyyat deyil”.
Elmin Nuri deyir ki, bayramı doğma kəndində keçirmək istəyir: “Amma getməyə vaxt olmur. Uşaqlığıma, o zamanın Novruzuna yenidən qayıtmaq istəyirəm. O vaxt biz hamımız -bütün kənd çox mehriban idik. Bizim ailə də daxil olmaqla çoxunun süfrəsində ancaq qoğal olardı - şəkərbura, paxlavaya, digər bişmişlərə imkan olmazdı, amma yenə də bir papağı boş yola salmazdılar. Bayramı yenə kəndimizdə keçirmək istəyirəm. Amma getməyəcəm. Çünki həmin insanları, həmin mehribanlığı görməyəcəm.
İstəyirəm ki, İçərişəhəri gəzim. Çünki ən şirin Novruz o küçələrdədi. İstəyirəm, Atəşgah məbədinə gedim. Novruz fəlsəfəsinin qismən əks olunduğu məkana... Və bir də istəyirəm, Şəhriyarın "Heydərbaba salam" poemasında Novruza aid sətirləri dinləməklə yeni ildə qədəm qoyum”.
“Müsavat.com” saytının müxbiri Günel Manaflı da bayramı evdə qarşılayacaq: “Təzə evli olduğumuz üçün istəyirəm ki, ilk bayramımızı evimizdə qeyd edək. Bayram alış-verişinə gəlincə qiymətlər od tutub, yanır desəm yanılmaram. Xüsusən də ləpələrin, quru meyvələrin qiyməti əl yandırır.
Yarmarkalarla bazar və mağazalar arasında cüzi qiymət fərqi var. Təxmini hesablamalara görə ortabab bir Novruz bayramı süfrəsi üçün 200 manat pul lazım olur”.
İlhamə ƏBÜLFƏT