14 Mart 2017 20:12
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın paytaxtı Astanada Suriya böhranının nizamlanmasına dair danışıqların üçüncü mərhələsi başlayıb. Danışıqlar zamanı iki və üçtərəfli məsləhətləşmələrin keçirilməsi gözlənilir. Rusiyanı danışıqlarda prezidentin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, BMT nümayəndə heyətini Miloş Struqar, ABŞ-ın nümayəndə heyətini ölkənin Qazaxıstandakı səfiri Corc Krol təmsil edir. İran və Türkiyə Astana danışıqlarında xarici işlər nazirinin müavinləri səviyyəsində təmsil olunur.

Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov bildirib ki, “Cənub cəbhə” adlanan silahlı müxalifət qrupunun nümayəndələri sabah danışıqlara qoşulacaq.

Astana görüşündə girovların dəyişdirilməsi və humanitar obyektlərin minalardan təmizlənməsinə dair işçi qrupun yaradılması məsələsinə baxılacaq.

Suriyadakı silahlı qrupların bir qismi danışıqların yeni mərhələsində iştirakdan imtina edib. Onlar görüşün təxirə salınması, Ankarada razılaşdırılmış atəşkəs mexanizminə dair sənədin müzakirəsinin yekunlaşdırılması kimi tələblər irəli sürüb. BMT TŞ bütün tərəfləri konstruktiv şəkildə və qeyd-şərtsiz danışıqları davam etdirməyə çağırıb. TŞ üzvləri siyasi danışıqların davam etdirilməsinin atəşkəslə bağlı Astana əldə olunan razılıq sahəsində mümkün olduğunu bildiriblər.

Bəs, Astana danışıqlarının növbəti mərhələsindən nələri gözləməyə dəyər? Bu istiqamətdə Teleqraf.com-un suallarını cavablandıran politoloq Natiq Miri bildirib ki, Astana görüşləri əsasən atəşkəs mexanizmlərinin yaradılması və atəşkəsin davamlı olması üçün nəzərdə tutulmuşdu. Onun sözlərinə görə, bu məqsədə nail olunduqdan sonra siyasi çözüm məsələsi gündəmə gəlməli idi ki, Astana görüşləri Cenevrədə keçirilən görüşlərin bir növ baza rolunu oynasın: “Ancaq çox təəssüf, hiss olunur ki, Astana görüşlərində əldə edilmiş atəşkəs razılığına və üç dövlətin – Türkiyə, Rusiya və İranın zəmanət verməsinə rəğmən hələ də atəşkəsi təmin etmək mümkün olmayıb. Çünki atəşkəsi birmənalı olaraq hər dəfə Bəşər Əsəd rejimi və onu dəstəkləyən iranyönlü qüvvələr pozurlar. Yəni, bu pozuntu mütəmadi olaraq baş verir. Əsəd rejiminə qarşı olan müxalif güclərə qarşı hələ də hücum əməliyyatları həyata keçirilir ki, bu da müxalifət güclərini qarşılıqlı olaraq müəyyən hərbi tədbirlər, adekvat addımlar atmağa vadar edir. Bu da təbii ki, bütöv anlamda Suriyanın bütün cəbhələrində atəşkəsi təmin etməyə imkan vermir. Hətta, müxalif güclər bu gün başlayan Astana görüşünə qatılmaqdan imtina etdilər. Səbəb kimi də onu göstərdilər ki, Əsəd rejimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir və hələ də hərbi əməliyyatlar keçirmək, müxalif güclərin əlində olan torpaqları azad etmək istəyindədir. Belə olan təqdirdə onlar hesab edirlər ki, artıq bu cür görüşlərin keçirilməsinə və danışıqların aparılmasına lüzum yoxdur”.

N.Miri qeyd edib ki, əslində atəşkəsin pozulma faktlarının özü həm də Rusiyanın bütün dediklərinə və proseslərdə müəyyən təminatçı olmasına rəğmən hələ də proseslərə nəzarət edə bilmədiyini göstərir: “Əgər bu gün Rusiya Əsəd rejiminə öz təsir mexanizmlərini işə salaraq atəşkəsin olmasına təminat verirsə və atəşkəs hər gün pozulursa, demək, ya Əsəd rejimi Rusiya hakimiyyətini, dövlətini eşitmir, ya da sadəcə olaraq Astana görüşü Rusiyanın geosiyasi maraqlarına xidmət edən görüntüdən başqa bir şey deyil. Çünki bundan öncəki Astana görüşlərində Türkiyə, Rusiya və İran arasında konkret anlaşma əldə edilib. Bu anlaşmaya müəyyən mənada ABŞ da qatılıb və bir növ bu cür atəşkəsin bərqərar olmasında maraqlı olduğunu izhar edib. Belə olan təqdirdə Suriyada atəşkəsin təmin edilməməsinə nə mane olur? Çox maraqlıdır ki, atəşkəs məhz Rusiyanın rəhbərlik etdiyi və Əsəd rejiminin də daxil olduğu koalisiya tərəfindən pozulur. Ona görə də düşünürəm ki, bu proses davam etdikcə, Astanada gedən danışıqlar prosesinə və gələcək atəşkəs məsələlərinə inam azalacaq. Əmin olun ki, Astana prosesi pozularsa, artıq Cenevrə danışıqlarına heç bir lüzum qalmayacaq. Çünki Cenevrə danışıqları əsasən Astana atəşkəs razılaşmasının üzərində qurula biləcək bir siyasi çözüm variantı idi. Əgər Astanada anlaşma olmayacaqsa və dövlətlər öz üzərlərinə götürdükləri konkret öhdəlikləri yerinə yetirməyəcəklərsə, artıq gələcəkdə nəinki müxalif güclər, hətta Türkiyə belə bu cür görüşlərdən imtina edə bilər”.

N.Miri qeyd edib ki, bundan əlavə bu gün Suriyada, xüsusilə də Suriyanın Türkiyə ilə həmsərhəd olan şimalında tamamilə yeni oyunlar baş verir: “Bu gün PKK-nın Suriya qolu olan PYD/YPG gücləri Menbiçdə hələ də qalmaqdadır. Menbiç şəhərində PKK terrorçularını müdafiə etmək üçün gördüyünüz kimi bu gün qarşı-qarşıya dayanan ABŞ və Rusiya gücləri belə müəyyən mənada siyasi sövdələşməyə gedərək Türkiyə və Azad Suriya Ordusu qarşısında tompon bölgə yaradıblar. Yəni, Menbiç şəhərinin qərb bölgələrində həm Rusiya, həm də ABŞ qoşunları yerləşməklə əslində Türkiyə ordusunun Menbiçi terrorçulardan azad etməsinə əngəl olmaq istəyirlər. Yəni, Türkiyəyə qarşı bu cür siyasi oyunlar davam edərkən Astanada hansısa fundamental qərarların qəbul olunmasına inam, təbii ki, aşağı olacaq. Ona görə də mən düşünürəm ki, gələcək Astana danışıqlarının perspektivləri həmin danışıqları təşkil edən güclərin səmimiyyətindən asılı olacaq. Yəni, Rusiyanın, İranın və Əsəd rejiminin səmimiyyəti əslində imtahan qarşısındadır. Bu cür siyasi oyunlar davam edəcəksə Astana prosesi təbii ki, tamamilə darmadağın olacaq”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər