16 Mart 2017 11:46
5 966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu xəbəri oxumaq, eşitmək, bu xəbərdən xəbərdar olmaq çox çətindi, ağırdı, dözülməzdi. Bizə çox ağır xəbər verdin, Mövlud! Dostumuzdun, iş yoldaşımızdın, qardaşımızdın, balamızdın, kövrək, ürəyiyumşaq, həssas yazıçımızdın...

Səninlə vidaşlaşmaq çətindi, mümkünsüzdü, heç belə edərdilərmi?

Sən ki toparlanırdın, özünə gəlirdin, yeni əsərlər yazmağa hazırlaşırdın, ən yaxın günlərin planını qururdun. "Bayram günləri saytı tək də yola verərəm" deyirdin, hamının əvəzinə işləməyə hazırıdın.

Dünən də hamı kimi işdən çıxdın, dünən də həmişəki kimi dostlarla görüşə getdin, metroya düşdün. Biz daha səni görmədik, görə bilmədik. Səhər intihar xəbərinə sarsıldıq! Mövlud, belə ağır xəbər vermək olardımı?

Redaksiyada hamı sarsıntı içindədi, hamı susub, sönüb... Bir müddət hər birimiz ümid edirdik. Bəlkə xəbər yalan çıxacaq, bəlkə bu Mövlud o deyil, bəlkə Mövlud - Mövlud deyil... Ümid edirdik. Yox, Mövlud Mövluddu...

Heyf!

Qardaşınla əlaqə saxladıq, nəşini Qazaxa çatdırdıqlarını dedilər. Sən ki həmişə doğma yurdundan, elinin doğma adamlarından danışırdın. Niyə belə getdin, Mövlud?

Bundan artıq yazmağa daha gücümüz çatmır. Bundan artıq deməyə söz yoxdu, söz qurtarıb, Mövlud. Sənin boş kreslona baxıb səni göz yaşı içində yad eləməkdən özgə əlimizdən heç nə gəlmir...

Gün günorta oldu beş cümləni yazıb qurtarınca. Yerin behişt olsun! Əlvida, Mövlud...

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər