Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 364; 2005, № 6, maddə 466; 2006, № 12, maddə 1005; 2007, № 10, maddə 938; 2011, № 3, maddə 162; 2012, № 11, maddə 1051) aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci maddədə doqquzuncu - on beşinci bəndlər müvafiq olaraq on yeddinci - iyirmi üçüncü bəndlər hesab edilsin və aşağıdakı məzmunda doqquzuncu - on altıncı bəndlər əlavə edilsin:
“internet informasiya ehtiyatı - internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, müraciət edilməsi üçün domen adına və sahibi tərəfindən müəyyənləşdirilmiş digər işarələnməyə malik olan informasiya ehtiyatı;
internet informasiya ehtiyatının sahibi - internet informasiya ehtiyatından istifadə edilməsi, o cümlədən burada informasiya yerləşdirilməsi qaydalarını sərbəst olaraq müəyyən edən, internet informasiya ehtiyatına sahiblik və istifadə hüquqlarına malik olan şəxs;
domen adı - internet şəbəkəsində yerləşdirilən informasiya ehtiyatına müraciətin təmin olunması üçün verilən unikal simvol düzülüşü;
domen adının sahibi - müqaviləyə əsasən domen adına müddətli sahiblik edən şəxs;
internet provayder - internet şəbəkəsinə telekommunikasiya vasitələri ilə qoşulmaq üçün texniki imkanı təmin edən təchizatçı;
host provayder - internet informasiya ehtiyatının istifadəsinin təmin edilməsi üçün öz informasiya sistemlərində yerləşdirilməsi xidmətini göstərən təchizatçı;
domen adlarının milli inzibatçısı - “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs;
domen adlarının qeydiyyatçısı - domen adların milli inzibatçısı ilə bağlanılmış müqaviləyə əsasən “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domenlərin qeydiyyatı üzrə xidmət göstərən şəxs;”.
2. 2-ci maddənin on doqquzuncu bəndində, 6-cı maddənin onuncu hissəsində, 11-ci maddənin birinci hissəsində, 13-cü maddənin adında və mətnində, 18-ci maddənin birinci və dördüncü hissələrində, 19-cu maddənin ikinci hissəsində və 20-ci maddənin birinci hissəsində ismin müvafiq hallarında “sahibkar” sözü ismin müvafiq hallarında “sahib” sözü ilə əvəz edilsin.
3. 2-ci maddənin iyirmi ikinci bəndində, 6-cı maddənin səkkizinci hissəsində ismin müvafiq hallarında “sahibkarlar” sözü ismin müvafiq hallarında “sahiblər” sözü ilə əvəz edilsin.
4. 6-cı maddənin beşinci hissəsində “sahibkarlıq” sözü “sahiblik” sözü ilə əvəz edilsin.
5. aşağıdakı məzmunda III-I fəsil əlavə edilsin:
“III-I fəsil
İNTERNET İNFORMASİYA EHTİYATLARI
Maddə 13-1. İnternet informasiya ehtiyatının yaradılması və uçotu
13-1.1. İnternet informasiya ehtiyatı üçün domen adı “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında və ya digər domen adları zonalarında seçilə bilər.
13-1.2. “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı domen adlarının milli inzibatçısı və qeydiyyatçıları tərəfindən həyata keçirilir. Domen adlarının milli inzibatçısı qeydiyyatdan keçmiş domen adlarının reyestrini aparır və reyestr məlumatlarından sorğu əsasında istifadəni təmin edir.
13-1.3. “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi qaydaları, habelə domen adlarının reyestrinə daxil edilən məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 13-2. İnternet informasiya ehtiyatında informasiyanın yayılması
13-2.1. İnternet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır.
13-2.2. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi hüquqi şəxsdirsə adı, təşkilati-hüquqi forması, elektron poçt ünvanı, fiziki şəxsdirsə adı, soyadı və atasının adı və elektron poçt ünvanı həmin saytda aydın oxuna bilən yerdə və formada yerləşdirməlidir.
13-2.3. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir:
13-2.3.1. terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar;
13-2.3.2. zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar;
13-2.3.3. dövlət sirri təşkil edən məlumatlar;
13-2.3.4. odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar;
13-2.3.5. narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar;
13-2.3.6. pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar;
13-2.3.7. qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar;
13-2.3.8. intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar;
13-2.3.9. təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar;
13-2.3.10. əqli mülkiyyət hüquqlarını pozan məlumatlar;
13-2.3.11. Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya.
13-2.4. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin edir.
13-2.5. Host provayder öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda, dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi üçün tədbirlər görür.
Maddə 13-3. İnternet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması
13-3.1. Müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir.
13-3.2. Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir.
13-3.3. Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına müraciət müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılır.
13-3.4. Müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 13-3.3-cü maddəsində nəzərdə tutulmuş qərarı qəbul etdikdə, eyni zamanda, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edir. İnformasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar məhkəmə tərəfindən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə baxılanadək və ya həmin qərar ləğv edilənədək qüvvədə qalır.
13-3.5. Məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə 5 günədək müddətdə baxır və qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.
13-3.6. Məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında, müvafiq icra hakimiyyəti orqanı isə internet informasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul etdikdə, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edir. Siyahıdakı məlumatların tərkibi, siyahının tərtibi, tətbiqinə nəzarət edilməsi və host və internet provayderlərlə qarşılıqlı əlaqənin təşkil edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
13-3.7. İnternet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər internet informasiya ehtiyatına müraciəti məhdudlaşdırmalı və bu barədə internet informasiya ehtiyatının sahibinə məlumat verməlidirlər.
13-3.8. İnternet informasiya ehtiyatının sahibi məlumatın götürülməsini bu Qanunun 13-2.4-cü maddəsində nəzərdə tutulmuş qaydada təmin etmədikdə və informasiyanın internet informasiya ehtiyatında yayılmasının qadağan edilməsi ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanı həmin informasiya ehtiyatını şəxsin müraciəti əsasında “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edir. Həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün bu Qanunun 13-3.7-ci maddəsində nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.
Maddə 13-4. İnternet informasiya ehtiyatında yayılması qadağan edilən
informasiyanın yerləşdirilməsi ilə əlaqədar məsuliyyət
Bu fəslin müddəalarının pozulmasına görə internet informasiya ehtiyatının sahibi, domen adının sahibi, host və internet provayderlər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”.
***
Prezident İlham Əliyev əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Əhalisinin sayı 579 min nəfərdən çox olan 28 şəhər və rayon mərkəzində içməli su təchizatı sistemi yenidən qurulmuş, 24 rayonun 620 min nəfərdən çox əhalisi olan 384 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılmış, 49 rayonun 360 min nəfərdən çox əhalisi olan 343 yaşayış məntəqəsində içməli su təchizatı sistemi qurulmuşdur.
Hazırda 790 min nəfər əhalisi olan 16 şəhər və rayon mərkəzində içməli su təchizatı sisteminin yenidən qurulması, 15 rayonun 77 min nəfərdən çox əhalisi olan 100 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması işləri aparılır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin davam etdirilməsi məqsədi ilə qərara alıram:
1. Əhalinin içməli su ilə təmin edilməsi məqsədi ilə 22 rayonun 267 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsində (siyahı əlavə olunur) içməli su təchizatı sisteminin qurulması üçün “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53-cü bəndində nəzərdə tutulmuş 14,0 (on dörd) milyon manat “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
***
Prezident İlham Əliyev “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2693 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2693 nömrəli Sərəncamının 1-ci hissəsində “18” rəqəmləri “15” rəqəmləri ilə, “64” rəqəmləri “77” rəqəmləri ilə əvəz edilsin və həmin Sərəncama əlavə olunmuş siyahı yeni redaksiyada verilsin (əlavə olunur).
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.
***
18:30
Prezident İlham Əliyev 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçiriləcək bir sıra tədbirlərin maddi təminatı haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik Azərbaycan ən qədim sivilizasiya mərkəzlərindən biri olub, uzun əsrlərdən bəri müxtəlif dinlərə mənsub insanların dostluq və əmin-amanlıq şəraitində yaşadığı diyardır. Burada ümumbəşəri dəyərləri ehtiva etməklə ölkəmizin İslam aləmində özünəməxsus mövqeyi ilə seçilməsinə yol açan və onu eyni zamanda dinlərarası dialoqun bənzərsiz məkanı olaraq tanıdan yeni mühit təşəkkül tapmışdır.
2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi beynəlxalq ictimaiyyət tərəfindən zamanın çağırışlarına cavab verən çox əhəmiyyətli addım kimi böyük rəğbətlə qarşılanmışdır.
“İslam Həmrəyliyi İli” çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Azərbaycanın müxtəlif bölgələrində məscid və ziyarətgahlarda, ictimai yerlərdə tanınmış dövlət və din xadimlərinin, müxtəlif dini konfessiya üzvlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlər, habelə bir sıra xarici ölkələrdə konfranslar keçirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İslam dini dəyərlərinin qorunub saxlanılması, təbliği və bu sahədə beynəlxalq səviyyədə əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində silsilə tədbirlərin həyata keçirilməsi məqsədi ilə qərara alıram:
1. “İslam Həmrəyliyi İli” çərçivəsində Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçiriləcək tədbirlərin maddi təminatı üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.
***
Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 539-VQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 539-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. həmin Qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 390) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. ikinci və üçüncü abzaslar müvafiq olaraq 2.1-ci və 2.2-ci bəndlər hesab edilsin;
3.2. 2.2-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.3-cü bənd əlavə edilsin:
“2.3. həmin Qanunun 13-1.3-cü, 13-3.1-ci, 13-3.2-ci, 13-3.3-cü maddələrində, 13-3.4-cü maddəsinin birinci cümləsində, 13-3.6-cı maddəsinin birinci cümləsində hər iki halda və ikinci cümləsində, 13-3.8-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir”.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son illər dövlət tərəfindən əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Görülmüş tədbirlər nəticəsində iqtisadi artımın bazasında əhalinin gəlir əldə etmək imkanları daha da genişləndirilmiş, makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, bu sahədə əlverişli şəraitin yaradılması vasitəsilə tarazlı və bilavasitə yoxsulluğun azaldılmasına istiqamətlənmiş inkişafın reallaşdırılması, eləcə də müasir prinsiplər əsasında fəaliyyət göstərən sosial müdafiə mexanizmlərinin ölkənin iqtisadi mühitinə inteqrasiyasının prioritet kimi müəyyən olunması milli iqtisadiyyatın sosial yönümlülüyünü daha da artırmışdır.
2006-cı ildən ölkədə tətbiq edilən və dövlət sosial sığorta sistemində fərdi uçota əsaslanan yeni sığorta-pensiya sistemi işçilərin pensiya və digər sosial təminatlarının daha effektiv reallaşdırılmasına imkan vermişdir.
Son on il ərzində minimum əməkhaqqının səviyyəsi 3,5 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 3,3 dəfə, əmək pensiyalarının baza hissəsi 3,1 dəfə, orta aylıq pensiya isə 4,7 dəfə artmışdır. Nəticə etibarilə ölkədə yoxsulluğun səviyyəsi 6 faizdən, işsizlik səviyyəsi isə 5 faizdən aşağı enmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində də Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında çevik siyasətin həyata keçirilməsini təmin edən institutlar vasitəsilə sosial dialoqun inkişafı və inklüziv məşğulluğun artmasına nail olunması, habelə əmək resurslarından səmərəli istifadə nəticəsində əmək məhsuldarlığı səviyyəsinin yüksəldilməsi əsas strateji hədəf və prioritetlər kimi müəyyən edilmişdir.
Qeyd olunan hədəflərə nail olmaq üçün ölkədə qeyri-rəsmi məşğulluğun qarşısının alınması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadi fəallığın yüksəldilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun yaxşılaşdırılmasına yönəlmiş institusional mühitin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirmək zəruridir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən–işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsi və bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə qərara alıram:
1. Aşağıdakı tərkibdə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası (bundan sonra – Komissiya) yaradılsın:
Komissiyanın sədri
Əli Əhmədov
–
Azərbaycan Respublikası Baş nazirinin müavini
Komissiyanın üzvləri:
Səlim Müslümov
–
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Fazil Məmmədov
–
Azərbaycan Respublikasının vergilər naziri
Şahin Mustafayev
–
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Tahir Budaqov
–
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri
Səttar Mehbalıyev
–
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Məmməd Musayev
–
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının prezidenti.
2. Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin.
3. Komissiyaya tapşırılsın ki:
3.1. ölkədə əmək bazarının mövcud vəziyyətini, o cümlədən qanunvericiliyi təhlil edərək, əmək münasibətlərinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla inzibatçılığın, habelə bu sahənin təkmilləşdirilməsinə dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən nəzarət tədbirlərinin əlaqələndirilməsini təmin etsin;
3.3. bu Sərəncamın 3.1-ci və 3.2-ci bəndlərində müəyyən olunmuş istiqamətlər nəzərə alınmaqla, qeyri-rəsmi əmək münasibətlərinin aşkar edilməsi, rəsmiləşdirilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi də daxil olmaqla, tədbirlər planının hazırlanmasını və təsdiq edilməsini təmin etsin;
3.4. əmək bazarının tənzimlənməsi göstəricisi üzrə beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyaya təqdim etsin və həmin Komissiya ilə əməkdaşlığın həyata keçirilməsini təmin etsin;
3.5. əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Komissiyanın fəaliyyətinə lazımi kömək göstərilməsini, onun müraciəti əsasında zəruri məlumatların və sənədlərin təqdim olunmasını təmin etsinlər.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.