“Biz uğurlu siyasətimizlə ölkəmizi gücləndiririk. Əgər bütün tariximizi götürsək, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Bizim uğurlu siyasətimiz, regional təşəbbüslər, enerji, nəqliyyat layihələri geniş mənada beynəlxalq əməkdaşlığı formalaşdırır. Biz beynəlxalq əməkdaşlığa öz fəlsəfəmizi gətirmişik”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində söyləyib.
Dövlət başçısı əlavə edib ki, beynəlxalq əməkdaşlıq hər bir iştirakçı üçün uğurlu olmalıdır: “Bu, zorla ola bilməz. Heç bir ölkəni zorla, məcburən hansısa təşəbbüsə cəlb etmək olmaz. Bunun heç bir effekti olmayacaq.
Ölkələr bəlkə buna müqavimət göstərə bilmirlər, ancaq daxilən narahat olacaqlar ki, onları nəyəsə məcbur edirlər. Ona görə, bizim beynəlxalq əməkdaşlıq doktrinamız əməkdaşlıq və qarşılıqlı dəstək üzərində qurulub”.
Prezident deyib ki, Azərbaycanın beynəlxalq mövqeləri də möhkəmlənir: "Yanvar ayının ortalarından bu günə qədər mənim xarici səfərlərimin coğrafiyasına nəzər salsaq görərik ki, Azərbaycan çoxşaxəli və uğurlu xarici siyasət aparır.
Son iki ay ərzində mən 7 dəfə xaricə səfər etmişəm. Azərbaycan dünyanın aparıcı, ən mötəbər Davos Forumunda və Münxen Konfransında ləyaqətlə təmsil olunub. Dünyanın həm biznes, həm də siyasi elitasından bizə olan hörmət göz qabağındadır.
Avropa Komissiyasına mənim uğurlu səfərim olubdur. Bu səfər nəticəsində Avropa Komissiyası ilə Azərbaycan arasında yeni sazişlə bağlı danışıqlara start verildi. Onu da qeyd etməliyəm ki, bu da nadir hadisədir. Bu danışıqların aparılması üçün layihəni Azərbaycan təqdim edib və bu layihə qəbul edilibdir. Ümid edirəm ki, yaxın zamanlarda danışıqlarda fəal proses başlanacaq və tezliklə bu mühüm saziş bağlanacaq”.
Ölkəmizin beynəlxalq əlaqələrindən danışan Prezident İlham Əliyev deyib: “Qətərə, Pakistana, İran İslam Respublikasına mənim rəsmi səfərlərim olubdur. Müsəlman ölkələri ilə bizim əlaqələrimiz möhkəmlənir. Xalqımız yaxşı bilir ki, Azərbaycan İslam həmrəyliyi üçün çox böyük işlər görür, çox böyük töhfələr verir. Bunu İslam aləmi qiymətləndirir. İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri dəfələrlə bizim siyasətimizə ən yüksək qiymət vermişlər.
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə görüşündə fəal iştirak edib. Biz son 5 ildə bu təşkilata uğurlu sədrlik etmişik. Bu yaxınlarda Fransaya rəsmi səfərim də çox uğurlu keçdi. Fransa dünyanın aparıcı ölkələrindən biridir və mənim səfərimi izləyən vətəndaşlar gördülər ki, ölkəmizə çox böyük hörmət, çox böyük maraq var.
Biz həm siyasi, həm iqtisadi, həm enerji sahələrində və digər sahələrdə uğurlu əməkdaşlıq edirik. Onu da qeyd etməliyəm, Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb”.