Meteoroloqlar 2017-ci ildə “cəhənnəm iqlimi” olacağını xəbər verirlər. Bu barədə Dünya Meteorologiya Təşkilatının (WMO) məruzəsində məlumat verilib.
Məruzədə bildirilir ki, iqlim dəyişiklikləri dönməz xarakter ala bilər və elə bu il fəlakətli fəsadlar törədə bilər.
Azərtac “İzvestiya” saytına istinadla xəbər verir ki, bu il WMO-nun iqlim üzrə məruzəsi ilk dəfə olaraq BMT ilə birgə hazırlanıb. Məruzədə dəqiqləşdirilir ki, 2016-cı il meteoroloji müşahidələr tarixində ən isti il olub. Orta temperatur 2015-ci ildə qeydə alınmış maksimum göstəricidən 1,1°C yüksək olub.
Meteoroloqlar güman edirlər ki, atmosferdə karbon qazının daim çoxalması, buzların əriməsinin sürətlənməsi nəticəsində iqlim dəyişikliyi Kaliforniyada leysanlara, Braziliyada quraqlığa, mərkəzi İtaliyada zəlzələyə gətirib çıxarıb.
WMO-nun proqramlar direktoru Devid Karlson bildirib ki, bu il daha isti olacaq – Dünya okeanı temperaturunun yüksəlməsi nəticəsində planetdə digər dəyişikliklər də gözlənilir.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov Teleqraf.com-a açıqlama verib.
Onun sözlərinə görə, Beynəlxalq Hidrometeorologiya Təşkilatı İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə birlikdə İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər qrupunun rəsmi hesabatı var.
Hesabat 2013-cu ildə, bəzi hissələri isə 2014-ci çapdan çıxıb: “Dünya Meteorologiya Təşkilatı (WMO) da həmin hesabatla razılaşır. Hesabatda da göstərilir ki, orta temperatur 10 ildə maksimum 0,01 dərəcə dəyişə bilər. Daha 1 ilin içində 1-2 dərəcə arta bilməz.
Fəlakətlər isə əvvəlki illərdən daha güclü ola bilər, amma təşkilatın dediyi kimi dəhşətli dərəcədə fəlakətlər olmayacaq”.
Gülmalı Süleymanov bildirib ki, iqlim dəyişikliyi Azərbaycanda fəlakət vəziyyəti yarada bilməz: “Orta temperatur 10 ildə maksimum 0,01 dərəcə dəyişərsə, ölkəmizdə yağıntıların 1 aylıq normasının 1-2 gündə düşməsi, küləklərin daha güclü əsməsi, sel, daşqın, torpaq sürüşmələri, şoranlaşma mümkündür, hava 1 ay isti, yaxud soyuq və quraqlıq ola bilər. Amma ölkəmizdə dəhşətli fəlakətlər ola bilməz.
Düzdür, şimala getdikcə bu dəyişikliklər özünü daha çox göstərir. Şimal Buzlu Okeana tərəf olan ərazilər, Amerika, Kanada, Koliforniya, ada ölkələrində fəlakətlər mümkündür. Ada ölkələrin bəziləri onsuz da yarıya kimi suyun altındadır”.
Nazirlik rəsmisi bu tip xəbərlərin təqimatına da münasibət bidirib: "Məlumat yoxlanılmamış hay-küy qaldırırlar ki, ay bizi fəlakət gözləyir, dəhşət gözləyir. Bu, düzgün deyil. Bəlkə kimsə fəlakəti törətmək istəyir deyə əvvəldən xəbərdarlıq edir? ABŞ, Rusiya kimi ölkələrin kiçik bir ərazidə müəyyən iqlim dəyişikliyi yaratmaq gücü var. Amma bütün dünyada, şimal yarımkürəsində qlobal iqlim dəyişikliyini heç bir ölkə edə bilməz”.
İlhamə ƏBÜLFƏT