11 İyul 2014 13:07
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu ilin yanvar-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 46 ədəd az, yəni 4465 müəssisədə dövlət nəzarəti həyata keçirilsə də, 14,6 faiz çox, yəni 9269 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib".


Teleqraf.com bildirir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Fuad Əlizadə bu ilin 6 ayı ərzində görülən işlərə dair mətbuat konfransda deyib.

O bildirib ki, həmin hüquq pozuntularının 89,6 faizi məhz sahibkarlıq subyektlərində qeydə alınıb: "Eyni zamanda, təhlillər əsasında əmək qanunvericiliyinin pozulması hallarının daha çox iqtisadiyyatın topdansatış, ticarət və ictimai iaşə, tikinti sektorlarında özünü göstərdiyi məlum olub. Xidmət rəisi aşkar olunmuş hüquq pozuntuları ilə əlaqədar aidiyyatı işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələr tətbiq edildiyini diqqətə çatdırıb. Bu ilin altı ayında tətbiq olunmuş 2 milyon 352 min manat cərimədən artıq işəgötürənlər tərəfindən dövlət büdcəsinə 894 min manatı ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,3 dəfə çoxdur”.

Fuad Əlizadə son 6 ayda əmək müqaviləsi bağlanmadan işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş 5613 nəfər işçi ilə işəgötürən arasında əmək müqavilələrinin bağlatdırıldığını bildirib: “Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,14 faiz çoxdur. Təbii ki, həmin işçilərin əmək münasibətlərinin rəsmiləşdirilməsi onların əmək və gələcək sosial təminat hüquqlarının bərpasına, eyni zamanda, dövlət büdcəsinə qanunvericiliklə müəyyən olunmuş vergilərin və digər məcburi ödənişlərin də aparılmasına səbəb olub”. F.Əlizadə həmçinin qeyd olunan dövrdə ümumi məbləği 231,6 min manat təşkil edən ödənişi gecikdirilmiş əmək haqqı və sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin edildiyini qeyd edib. O, bildirib ki, həmin məbləğin 209,3 min manatı əmək haqlarından, 16,2min manatı zərərə görə ödənclərdən, 6,1 min manatı isə sosial müavinətlərdən ibarət olub. Bununla yanaşı, əmək müqavilələrinə əmək qanunvericiliyinin müddəaları pozulmaqla xitam verildiyi müəyyən olunan 8 nəfər əvvəlki işlərinə bərpa etdirilib".


Müəllif: