11 İyul 2014 18:13
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elmin İnkişafı Fondu “Azərkosmos”la tanışdı

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu dünən “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində tanışlıq görüşü keçirib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, görüşün təşkil edilməsində əsas məqsəd hər iki qurumun fəaliyyət istiqamətləri ilə qarşılıqlı tanış olmaq, gələcək əməkdaşlığın prioritetlərini müzakirə etmək olub.

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və fondun əməkdaşları “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində “Azərspace-1” peykinin idarə edilməsi prosesi, eləcə də, İdarəetmə Mərkəzinin infrastrukturu və fəaliyyət prinsipləri ilə tanış olublar.

Qonaqları rəhbərlik etdiyi qurumla yaxından tanış edən “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev bildirib ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli teleradio yayımı, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir: “Ötən ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir”.

R.Nəbiyevin sözlərinə görə, Elmin İnkişafı Fondu ilə əməkdaşlıq “Azərkosmos” ASC-nin gələcək fəaliyyətinə də müsbət təsir edə bilər: “Artıq “Azərkosmos” ASC-nin əməkdaşı Niyazi Piriyev Fondun maliyyələşdirdiyi 4-cü “Mobillik qrantı”nın qaliblərindən biri kimi “Sürətli robotlaşdırma: Açıq qaynaq proqramı ilə avtomatlaşdırma sistemləri” layihəsi çərçivəsində 5 gün müddətində ABŞ-ın məşhur Massaçusets Texnologiya İnstitutunda Qabaqcıl Təhsil Proqramında iştirak edəcək”.

SEVİL


Müəllif: