Dördüncü İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə təşkilini və gözəl tərtibatı əks etdirən bu tədbirdə sizi salamlamaq mənə xoşdur.
Teleqraf.com xəbər verir ki, bu sözləri Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını ilə bağlı tədbirdə Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud deyib. O bildirib ki, bu Oyunlar dövlətlərimizin idmançıları arasında həmrəyliyi təşviq etmək, qardaşlıq və dostluq münasibətlərini gücləndirmək üçün İslam dünyasının övladlarını bir yerə toplayacaq:
“İslam ölkələrindən olan iştirakçılar və izləyicilər bu Oyunlarla fəxr edirlər.
Heç şübhəsiz, bu Oyunlar nəcib əxlaq və əsil dəyərlərlə yanaşı, yarışmaq, dözümlülük və yüksək çalışqanlıq ruhu ilə seçilən müsəlman idmançının düzgün və ideal simasını göstərmək üçün əlverişli fürsətdir. Bunu bütün idmançılar Oyunlar zamanı keçiriləcək müxtəlif yarışlarda Allahın izni ilə gerçəkləşdirməyə can atacaqlar.
Cənab Prezident, Azərbaycan Respublikasının ev sahibliyi edəcəyi IV İslam Həmrəyliyi Oyunlarına son hazırlıq işləri ilə əlaqədar gördüklərim tam qaneedicidir. Mən Oyunların uğurla keçirilməsi üçün ən yaxşı imkanları təmin etmək işində böyük dəstəyə və diqqətə görə İslam Həmrəyliyi İdman Federasiyası adından Sizə səmimi təşəkkürümü və minnətdarlığımı bildirirəm. Allaha şükürlər olsun ki, bu dəstək və diqqət tərtibat və təşkilat işlərində öz bəhrəsini vermişdir və uğura, fərqlənməyə əminlik yaradır.
İcazə verin, bu xoş fürsətdən istifadə edərək, bu Oyunların hazırlanması və təşkilində göstərdiyi böyük səylərə və yüksək rəhbərliyə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Oyunların Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevaya təşəkkür edim.
Bu tədbirdə iştirak edənlərə, Azərbaycan Respublikasının xalqına təşəkkür edir, hamıya uğurlar arzulayıram.
Sağ olun. Allahın salamı, rəhmi və bərəkəti sizinlə olsun”.