Sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası jurnalistlərin iştirakı olmadan davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən prosesdə Əli İnsanovun anket məlumatları dəqiqləşdirilib.
Sonra Əli İnsanovun vəkilləri Toğrul Babayevlə Ağaveys Şahverdi sabiq nazirin azadlığa buraxılması, cinayət işinə xitam verilməsi və həbs qətimkan tədbirinin ləğvi barədə vəsatətlərlə çıxış ediblər.
Vəkillərinin vəsatətlərinə münasibət bildirən Əli İnsanov barəsində irəli sürülmüş ittihamın əsassız olduğunu deyib. Sabiq nazir məhkəməyə gəlmək istəmədiyini bildirib.
Hakim vəsatətləri təmin etməyib.
Məhkəmə baxışı aprelin 12-nə təyin edilib.
***
15:31
Bu gün Qaradağ rayon Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, Əli İnsanovun prosesinə jurnalistlər buraxılmayıb.
Hazırda iclası üzrə proses davam edir.
Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə şübhəli bilinərək həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib. Həbs müddətinin başa çatmasına iki ay qalmış – 2016-cı ilin avqustunda onun barəsində yenidən cinayət işi başlanıb. Bu dəfə keçmiş nazir cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməkdə, otağında psixotrop tərkibli dərman saxlamaqda təqsirləndirilir.
Əli İnsanov ittihamı qəbul etmir.
Hacı Zeynalov