Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.
Teleqraf.com-un məlumatına görə, təbrikdə bildirilir ki, yüz illər boyu Azərbaycanda yaşayan müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətləri mövcud olub, ayrı-ayrı dinlər və etiqadlar qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərib:
“Bu gün Azərbaycan dünyada nümunəvi tolerantlıq və multikulturalizm məkanı kimi tanınır. Biz bunu milli dövlətçiliyimizin böyük uğuru kimi qiymətləndirir, tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunmasını, multikultural ənənələrə söykənən ictimai münasibətlərin təbliğini və təşviq edilməsini fəaliyyətimizin başlıca istiqamətlərindən biri hesab edirik. Təsadüfi deyil ki, bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən sivilizasiyalararası və dinlərarası dialoq problemlərinə həsr edilmiş mötəbər beynəlxalq tədbirlərin son illər bizim ölkəmizdə keçirilməsi artıq ənənə halını alıb.
Müasir mərhələdə milli azlıqların dil və mədəniyyətinin inkişafı, etnik-dini müxtəlifliyin, tarixi-mənəvi irsin qorunub saxlanması Azərbaycan dövlətinin xüsusi diqqət və qayğı ilə yanaşdığı məsələlərdəndir və biz bu sahədə səylərimizi gələcəkdə də davam etdirəcəyik”.
Prezident bildirir ki, Azərbaycan tarixən olduğu kimi, bu gün də dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan hər kəs üçün doğma vətəndir. “Ümidvaram ki, xristian həmvətənlərimiz müstəqil Azərbaycan Respublikasının qarşısında duran mühüm vəzifələrin yerinə yetirilməsi, cəmiyyətdə vətəndaş həmrəyliyinin, ictimai-siyasi sabitliyin bərqərar olunması yolunda bundan sonra da əllərindən gələni əsirgəməyəcək, xalqımızın xoşbəxt gələcəyi naminə öz səylərini daha da artıracaqlar”.
Yeniliyin, əmin-amanlığın, həmrəylik və mərhəmət duyğularının rəmzi olan Pasxa bayramının hər il Azərbaycanda təntənə ilə qeyd edildiyini bildirən Prezident deyir: “Bu əziz gündə sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram”.